14 avqust 2026 19:18
122

Ermənistan yol ayrıcında və ya “armud qarşıdurması”

Xeyli müddətdir ki, Ermənistan-Rusiya münasibətlərində bu mövzu mövqe mübarizəsinə çevrilib. Baş nazir Nikol Paşinyan ölkəsini Avropaya inteqrasiyaya hazırlayır, lakin Rusiya buna ciddi narazılığını bildirir. Bu meyl inkişafının son nöqtəsinə çatıb. Məsələ artıq yol ayrımına qədər inkişaf etdirilib. Ermənistan ona qarşı tətbiq olunan məlum iqtisadi sanksiyalara baxmayaraq yolundan dönməmək əzmi göstərir, keçmiş “mərkəz”dən birdəfəlik qopmaq məqsədlə sonuncu yola da əl atacağını bildirib.

“Ermənistan Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı referendum keçirəcək. Lakin bu, əvvəlcə hazırlıq işləri aparıldıqdan və ölkənin Aİ-yə üzvlüklə bağlı rəsmi müraciətindən sonra baş verəcək.”

 Xəbər verilir ki, bir neçə gün əvvəl bu fikri Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə bildirib: “Biz gələcəkdə mütləq referendum keçirəcəyik. Lakin bu, birincisi, institusional baxımdan hazırlıq işləri aparıldıqdan, ikincisi isə üzvlüklə bağlı Avropa İttifaqına rəsmi müraciət etdikdən sonra baş verəcək.”

Lakin hiss olunur ki, şərhinə ehtiyatla yanaşan Nikol Paşinyan rəqibinin qəzəbini azaltaq məqsədi ilə alternativlərin olduğunu da əlavə edib. Onun fikrincə, Ermənistan vətəndaşları sərbəst olaraq Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqı ilə əlaqəli olmayan üçüncü inkişaf yolunu da seçə bilərlər: “Biz bu iki (birliyi) göstəririk, amma başqa təşəbbüs də ola bilər: Nə Aİİ, nə də Aİ. Üçüncü variant da mümkündür... Biz Ermənistan vətəndaşları üçün alternativlər yaratmaq istəyirik ki, xalq özü seçim etsin. Lakin bu gün biz dördüncü, beşinci alternativ barədə də düşünməkdən əl çəkmirik. Çünki kimsə Ermənistanın heç kimə lazım olmadığını və onun gedəcək yerinin olmadığını deyə biləcəyi vəziyyət yaranmamalıdır.”

Nikol Paşinyanın “yumşaq” ifadələri ilə rəsmi Moskvaya blef gəldiyini anlamamaq mümkün deyil. O, məqsədinə ciddi insidentlərsiz qovuşmağa cəhd edir və açıq qarşıdurmaya getmək istəmir. Amma qarşı tərəf onun oyunlarını yaxşı bildiyi üçün inanmır və sərt davranış göstərir. Kobud şəkildə desək, aydın görünür ki, “ayının bütün oyunlarının bir armudun başında” olduğu və illərlə aparılan məqsədli mübarizənin sonuncu mərhələsidir. “Siçan-pişik” oyunu da çoxdan arxada qalıb, məsələ açıq müstəviyə keçib. Artıq İrəvanla Moskvanın üstüörtülü məqsəd və planları tamamilə açıq formadadır, daha “armud”qarşıdurmasına bəzək-düzəkli diplomatik don geyindirmək lazım gəlmir. Çünki burada kimin hücumçu, kimin isə müdafiəçi olduğunu bilinir.

Rusiya tərəfi daha Ermənistanın “şıltaqlıqlarına” və bəhanələrinə dözmək fikrində olmadığını açıq bildirir, bütün potensialı ilə hücuma keçəcəyini xatırladır. Avqustun 11-də Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində ultimavativ şəkildə bildirib ki, Ermənistan cari ilin dekabr ayına qədər Avropa İttifaqına qoşulmaq, yaxud Aİİ-də üzvlüyünü qoruyub saxlamaqla bağlı ümumxalq referendumunun keçirilməsi məsələsində qəti qərar verməlidir.

Mixail Qaluzinin sözlərinə görə, dekabr ayında Aİİ-yə üzv dövlətlərin liderlərinin görüşündə İrəvana münasibətdə gələcək mümkün addımlar müzakirə olunacaq. Təbii ki, müzakirələrdə Rusiya Paşinyanın başını tumarlamayacaq. Çünki əvvəllər Ermənistan Aİİ-dən çıxarsa başına nələr gətiriləcəyini dəfələrlə xatırladıblar. İqtisadi sahədə sıxıntılarla bərabər, digər sahələrdə də məruz qoyulacağı kifayət qədər planların həyata keçiriləcəyini, iqtisadi böhran yaratmaqla ölkənin boğulacağı hərtərəfli təhdid və hədələrlə bildirilib. Rusiya bazarlarında İrəvan konyakının, Cermux suyunun, gül-çiçəyin, meyvə qurularının, süd məhsullarının satışına qoyulan qadağalar bundan xəbər verir.

Artıq Ermənistan mallarına iqtisadi sanksiyalar bir ildir ki, tətbiq edilib, ancaq Moskvanın gözləntiləri özünü doğrultmayıb. Ermənistan yeni bazarlar taparaq sanksiyaların təsirini heçə endirməyə nail olur. Taxıl və yanacaq bazarları onu təmin edir, digər malların satışını həyata keçirməyə yerlər tapılır. Yəni bir çox çətinliklər həllini gözləsə də iqtisadi böhran yaşanmır. Ortada hərbi variant qalır. Bu variantdan necə istifadə olunacağı barədə məlumatlar son dərəcə gizli saxlanır. Təbii ki, bu mövzudan söhbət düşəndə fikirlər Ermənistandakı hərbi kontingentin üzərində cəmləşir. Gümrüdəki 102-ci hərbi baza Ermənistanın başı üzərində “Damokl qılıncı” kimi asılıb. Hərbi variantın onun ətrafında formalaşdırılması gözləniləndir. Başqa variantlar da ola bilər. Ancaq Ukrayna ilə indiki müharibə vəziyyətində Rusiya Ermənistana açıq hərbi müdaxilə edərmi? Bu sualın cavabı rəsmi Moskvadadır. Bizə isə hadisələrin axarını və axırını izləmək və gözləmək qalır.

Vəli İlyasov, “İki sahil”