13 avqust 2026 21:59
115

Strateji valyuta ehtiyatlarının artımı: İqtisadi təhlükəsizliyin qarantı

ARDNF vasitəsilə toplanan ehtiyatlar təkcə bu günün deyil, gələcək nəsillərin də iqtisadi rifahının təminatıdır

Azərbaycanın strateji valyuta ehtiyatlarının artması ölkənin makroiqtisadi sabitliyinin, maliyyə müstəqilliyinin və həyata keçirilən uğurlu iqtisadi siyasətin ən mühüm göstəricilərindən biridir. Strateji valyuta ehtiyatlarına Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri və Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları daxildir. Bu ehtiyatların artması ölkə iqtisadiyyatı üçün bir neçə üstünlük yaradır. Belə ki, valyuta ehtiyatlarının kifayət qədər olması Mərkəzi Banka manatın məzənnəsini xarici şoklardan qorumaq və inflyasiya təzyiqlərini neytrallaşdırmaq imkanı verir. Yüksək valyuta ehtiyatları Azərbaycanın xarici öhdəliklərini vaxtında və rahatlıqla yerinə yetirməsinə təminat verir. Eləcə də qlobal iqtisadi böhranlar, neft qiymətlərinin dalğalanması və geosiyasi gərginliklər zamanı bu ehtiyatlar iqtisadiyyat üçün "təhlükəsizlik yastığı" rolunu oynayır. Strateji valyuta ehtiyatlarının möhkəmliyi Azərbaycanın suveren qərarlar qəbul etmək imkanlarını da genişləndirir. Bu gün ölkə azad edilmiş ərazilərdə həyata keçirilən nəhəng bərpa və quruculuq layihələrini, "Böyük Qayıdış" proqramını və milli əhəmiyyətli infrastruktur təşəbbüslərini xarici maliyyə asılılığı olmadan, tamamilə öz daxili imkanları və toplanmış ehtiyatları hesabına maliyyələşdirir.

Bu il avqustun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 86 milyard 814,9 milyon ABŞ dolları təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən il avqustun 1-nə nisbətən 12,2 faiz çoxdur. İyulda ölkənin strateji valyuta ehtiyatları 1 milyard 46 milyon ABŞ dolları artıb. Xatırladaq ki, 2025-ci ilin sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dolları təşkil edib. Bu il avqustun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 86 milyard 814,9 milyon ABŞ dolları təşkil edib.

Strateji valyuta ehtiyatlarının davamlı olaraq artması təsadüfi deyil, bir neçə amillə bağlıdır. Enerji daşıyıcılarının dünya bazarlarındakı qiymətlərinin yüksək və ya sabit qalması ARDNF-yə daxil olan vəsaitlərin hacmini artırır. Son illərdə qeyri-neft/qaz sektorunun şaxələndirilməsi, kənd təsərrüfatı, kimya sənayesi, nəqliyyat-logistika və turizm gəlirlərinin artması ölkəyə əlavə valyuta axınını təmin edir. Həmçinin, ARDNF-nin aktivlərinin şaxələndirilmiş portfel üzrə (qızıl, səhmlər, istiqrazlar, daşınmaz əmlak) idarə olunması valyuta ehtiyatlarının gəlirliliyini artırır. Mərkəzi Bankın valyuta hərraclarında düzgün intervensiya siyasəti və tədiyyə balansının müsbət saldosu AMB-nin öz ehtiyatlarını artırmasına şərait yaradır. Valyuta ehtiyatlarının artması həm də ölkənin uzunmüddətli inkişaf strategiyasının uğurla icra edildiyini göstərir. Ən mühüm üstünlüklərdən biri də respublikanın strateji valyuta ehtiyatlarının dövlət borcunu dəfələrlə üstələməsidir. Bu göstərici ölkənin xarici maliyyə risklərinə qarşı yüksək dayanıqlılığını nümayiş etdirir. Belə vəziyyət dünya iqtisadiyyatında qeyri-müəyyənliklərin artdığı bir şəraitdə investorların etimadını əhəmiyyətli dərəcədə gücləndirir.

Makroiqtisadi sabitliyin qorunması, eyni zamanda, milli valyutanın dayanıqlılığına, bank sektorunda maliyyə sabitliyinə və biznes mühitinin proqnozlaşdırılmasına müsbət təsir göstərir. Məhz buna görə də beynəlxalq investorlar tərəfindən ölkəmizdə uzunmüddətli layihələrin icrasına qərar verilərkən bu göstəricilər əsas meyarlardan biri kimi qəbul edilir. "S&P Global Ratings", "Fitch Ratings" və "Moody's" kimi beynəlxalq reytinq agentlikləri də Azərbaycanın suveren kredit reytinqini müəyyən edərkən güclü xarici aktivlər mövqeyini əsas üstünlük kimi qeyd edirlər. Fondun ekspertləri hesab edirlər ki, ölkədə həyata keçirilən struktur islahatları uzunmüddətli dayanıqlı iqtisadi inkişaf üçün möhkəm baza yaradır. Eyni zamanda, rəqəmsallaşma, gömrük idarəetməsinin təkmilləşdirilməsi, vergi inzibatçılığının gücləndirilməsi və özəl sektorun inkişafının diqqətdə saxlanılması davamlı iqtisadi artımı şərtləndirir. Dünya Bankının (DB) qiymətləndirməsində isə respublikada həyata keçirilən sosial-iqtisadi islahatların yüksək səmərə verməsi qeyd edilir, eyni zamanda, ölkənin son illər biznes mühitinin yaxşılaşdırılması istiqamətində gerçəkləşdirdiyi tədbirlərin əhəmiyyəti xüsusi vurğulanır. DB-nin hesabatında dövlət xidmətlərinin rəqəmsallaşdırılması, sahibkarlığa dəstək mexanizmlərinin genişləndirilməsi, logistika və nəqliyyat infrastrukturunun inkişafı, “yaşıl enerji” layihələrinin sürətləndirilməsi, insan kapitalına yatırımların artırılması və regional inkişaf proqramlarının uğurlu icrası istiqamətlərində reallaşdırılan layihələr inkişafın əsas hərəkətverici qüvvələri kimi qiymətləndirir. Maliyyə qurumu hesab edir ki, Azərbaycan artıq təkcə enerji ixracatçısı deyil, həm də regional logistika, nəqliyyat və investisiya mərkəzi kimi mövqeyini getdikcə gücləndirir.

Sevinc Azadi, “İki sahil”