"Naxçıvanda göstərilən dövlət dəstəyi, həyata keçirilən yeni proqramlar, infrastrukturun yenilənməsi ilk növbədə muxtar respublikada biznes mühitinin yaxşılaşmasına və investisiya xərclərinin azalmasına şərait yaradacaq".
“İki sahil” xəbər verir ki, bu barədə YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı Mətanət Səfərli qeyd edib.
O bildirib ki, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikaya səfəri, burada keçirilən görüşlər, yeni infrastruktur layihələrinin təməlinin qoyulması, sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat vəsaitin ayrılması ilə bağlı Sərəncamı regionun iqtisadi inkişafı baxımından mühüm addımdır:
“Burada əsas məsələ təkcə ayrılan vəsaitin həcmi deyil, həmin vəsait hesabına yaradılacaq infrastrukturun gələcək iqtisadi aktivliyə verəcəyi töhfədir.
Enerji və digər zəruri infrastrukturun inkişafı özəl investorlar üçün regionun cəlbediciliyini artırır. Bu baxımdan dövlət investisiyalarının növbəti mərhələdə özəl investisiyaları da təşviq edəcəyini gözləmək olar”.
M.Səfərlinin sözlərinə görə, dövlət başçısının Naxçıvana səfərləri, görülən işlərlə yaxından tanış olması hədəflərə yüksək səviyyədə nail olmağa böyük stimul verir: “ Naxçıvanda həyata keçirilən genişmiqyaslı yenilənmə iqtisadiyyat, sosial həyat və infrastrukturun inkişafına, tikinti, nəqliyyat, xidmət və təchizat sahələrində birbaşa yeni iş yerlərinin yaranmasına səbəb olacaq.
Həmsöhbətimiz əlavə edib ki, Naxçıvanın Azərbaycanın əsas iqtisadi məkanı ilə nəqliyyat əlaqələrinin genişlənməsi muxtar respublikanın tranzit və logistika imkanlarını əhəmiyyətli dərəcədə artıra bilər:
“Hesab edirəm ki, 258 milyon manatlıq dövlət investisiyasına yalnız cari sosial-iqtisadi dəstək kimi deyil, Naxçıvanda yeni iqtisadi modelin formalaşdırılması üçün baza yaradan kapital qoyuluşu kimi yanaşmaq lazımdır. Vəsaitlərin səmərəli və şəffaf şəkildə layihələrə yönəldilməsi təmin olunarsa, nəticədə sahibkarlığın genişlənməsi, yeni iş yerlərinin yaradılması və Naxçıvanın investisiya cəlbediciliyinin yüksəlməsi üçün ciddi iqtisadi effekt əldə etmək mümkündür”.
M.Səfərli sonda qeyd etdi ki, dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvan səfəri muxtar respublikanın gələcəyi ilə bağlı nikbin olmağa əsas verir: “Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu, həm Azərbaycanın, həm də bölgəmizin inkişafına mühüm töhfə verəcəkdir".