13 avqust 2026 21:16
122

Naxçıvanın yeni inkişaf mərhələsi: dövlət siyasətinin konkret nəticələri və böyük hədəflər

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına növbəti səfəri qədim diyarın həyatında baş verən mühüm proseslərin, həyata keçirilən genişmiqyaslı layihələrin və qarşıdakı dövr üçün müəyyənləşdirilən strateji hədəflərin təqdimatı ilə yadda qaldı. Prezidentin səfər zamanı iştirak etdiyi tədbirlər, Naxçıvanda müxtəlif sahələr üzrə görülən işlərlə tanış olması və Azərbaycan Televiziyasına verdiyi müsahibə bir daha göstərdi ki, Naxçıvanın inkişafı Azərbaycan dövlətinin diqqət mərkəzində olan prioritet istiqamətlərdən biridir. Səfərin ardınca, 12 avqust 2026-cı ildə Prezident İlham Əliyevin imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam isə səfər zamanı səsləndirilən fikirlərin və müəyyənləşdirilən hədəflərin real maliyyə və layihə təminatına çevrildiyini nümayiş etdirdi.

Prezident İlham Əliyevin dövlət başçısı kimi Naxçıvana 17-ci səfəri özlüyündə mühüm siyasi və ictimai əhəmiyyət daşıyır. Dövlət başçısının da qeyd etdiyi kimi, hər bir səfərin öz mənası və gözəl nəticələri vardır. Bu səfərin mahiyyəti isə xüsusilə genişdir. Çünki burada yalnız ayrı-ayrı obyektlərin açılışı və ya təməlqoyma mərasimləri deyil, Naxçıvanın gələcək inkişafının iqtisadi, sosial, enerji, nəqliyyat, təhsil, şəhərsalma, mədəniyyət və təhlükəsizlik istiqamətlərinin bir-biri ilə əlaqəli şəkildə təqdimatı baş verdi.

Səfər zamanı təqdim olunan layihələr Naxçıvanın gələcək inkişaf modelinin praktiki ifadəsi idisə, Sərəncam həmin inkişafın maliyyə və təşkilati mexanizmlərini müəyyənləşdirən mühüm dövlət sənədidir. Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən ümumilikdə 258 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu vəsaitin müxtəlif istiqamətlər üzrə bölüşdürülməsi Naxçıvanın inkişafının kompleks xarakter daşıdığını göstərir.

Son illər Naxçıvanda həyata keçirilən layihələrin miqyası və müxtəlifliyi artıq yeni inkişaf mərhələsinin formalaşdığını deməyə əsas verir. 2023-cü ildə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın əsas məqsədlərindən biri davamlı iqtisadi artımın təmin edilməsi, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması və Naxçıvanın ölkə iqtisadiyyatına tam inteqrasiyasının təmin olunmasıdır. Dövlət Proqramında biznes mühitinin yaxşılaşdırılması, investisiyaların cəlb edilməsi, ixracyönlü dəyər zəncirlərinin yaradılması, kənd yerlərində iqtisadi fəallığın artırılması, infrastrukturun və sosial xidmətlərin inkişaf etdirilməsi kimi istiqamətlər müəyyənləşdirilmişdir.

12 avqust 2026-cı il tarixli yeni Sərəncam məhz həmin strateji xəttin davamlılığını və yeni mərhələyə keçidini nümayiş etdirir. Sənəddə Naxçıvanın sosial-iqtisadi inkişafı ilə yanaşı, alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, avtomobil yollarının əsaslı təmiri, ictimai nəqliyyat parkının yenilənməsi, təhsil infrastrukturlarının genişləndirilməsi, yaşayış binalarının təmiri və istilik sistemlərinin yaxşılaşdırılması kimi məsələlər konkret maliyyə təminatı ilə əlaqələndirilir.

Prezident İlham Əliyevin Naxçıvanda verdiyi müsahibənin əsas mesajlarından biri ondan ibarətdir ki, muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı bundan sonra da təmin ediləcək. Bu fikrin arxasında artıq konkret layihələr və maliyyə resursları dayanır. Başqa sözlə, Naxçıvan üçün müəyyənləşdirilən hədəflər yalnız strateji niyyət kimi qalmır, onların həyata keçirilməsi üçün dövlət səviyyəsində müvafiq qərarlar qəbul edilir və maliyyə imkanları yaradılır.

Bu baxımdan Naxçıvan Sənaye Parkının yaradılması xüsusi əhəmiyyət daşıyır. Sənaye parkının təməlinin qoyulması Naxçıvan iqtisadiyyatında yeni istehsal mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ərazi baxımından Naxçıvan Sənaye Parkı Sumqayıt Sənaye Parkından sonra Azərbaycanda ikinci böyük sənaye parkı olacaq. Bu fakt layihənin miqyasını göstərməklə yanaşı, Naxçıvanın gələcəkdə istehsal, emal, investisiya və ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini də ortaya qoyur.

Sənaye Parkının yaradılması ilə paralel enerji infrastrukturunun inkişaf etdirilməsi də mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Sənaye Parkının tərkib hissəsi kimi 300 meqavat gücündə istilik elektrik stansiyasının tikintisinin nəzərdə tutulması regionun enerji təminatının yeni səviyyəyə qaldırılmasına xidmət edir. Prezidentin müsahibəsində qeyd etdiyi kimi, Naxçıvanın hazırkı generasiya gücü təqribən 200 meqavatdır və yeni stansiyanın yaradılması bu potensialı əhəmiyyətli dərəcədə artıracaq. Burada məqsəd yalnız mövcud tələbatı ödəmək deyil, gələcək iqtisadi inkişafı və elektrik enerjisi ixracı imkanlarını da nəzərə almaqdır.

Naxçıvanın enerji təhlükəsizliyi məsələsi regionun xüsusi coğrafi mövqeyi nəzərə alınmaqla daha böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Naxçıvanın enerji ilə dayanıqlı təminatı heç vaxt pozulmamalıdır. Bu məqsədlə qaz təminatının 100 faiz səviyyəsinə çatdırılması, İranla qaz mübadiləsi mexanizminin yaradılması, yeni elektrik stansiyalarının inşası, elektrik şəbəkələrinin yenilənməsi və alternativ enerji layihələrinin həyata keçirilməsi bir-birini tamamlayan tədbirlərdir.

12 avqust 2026-cı il tarixli Sərəncamda da enerji məsələsinə xüsusi yer verilməsi bunu təsdiq edir. Sənəddə Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində ümumi gücü 15,6 meqavat olan Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsi üçün “Azərenerji” ASC-yə 66 milyon manat ayrılması nəzərdə tutulur. Bu, Naxçıvanın yalnız ənənəvi enerji mənbələrindən asılılığının azaldılması deyil, həm də su və Günəş enerjisi kimi yerli bərpaolunan resurslardan daha geniş istifadə edilməsinə hesablanmış addımdır.

Naxçıvanın yaşıl enerji potensialı isə daha genişdir. Aparılan monitorinq və təhlillər Naxçıvanın Günəş elektrik enerjisinin istehsalı baxımından Azərbaycanın ən əlverişli məkanlarından biri olduğunu göstərir. Artıq 600 hektardan çox ərazi müəyyən edilib və burada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının yaradılması planlaşdırılır. Ümumi gücü 50 meqavat olan “Şəms 1” və “Üfüq” Günəş elektrik stansiyalarının tikintisinin davam etdirilməsi də bu strategiyanın mühüm hissəsidir.

Bu mənada Naxçıvanın “yaşıl enerji zonası” kimi inkişaf etdirilməsi yalnız ekoloji siyasət məsələsi deyil. Bu, həm də iqtisadi gəlirlilik, yeni investisiyaların cəlb edilməsi, enerji ixracı imkanlarının yaradılması və regionun uzunmüddətli iqtisadi dayanıqlığının təmin olunması baxımından strateji layihədir.

Prezidentin müsahibəsində enerji təhlükəsizliyi ilə yanaşı, Naxçıvanın nəqliyyat imkanlarının genişləndirilməsi də mühüm istiqamət kimi diqqət çəkdi. Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat bağlantısının yaradılması uzun illərdir qarşıya qoyulmuş strateji məqsədlərdən biridir. Zəngəzur dəhlizinin yaradılması bu baxımdan Naxçıvan üçün yalnız nəqliyyat layihəsi deyil, yeni iqtisadi imkanların yaranması deməkdir. Naxçıvanın Azərbaycan, Türkiyə və daha geniş region arasında nəqliyyat və logistika əlaqələrində rolunun artması onun iqtisadi potensialının daha dolğun şəkildə reallaşdırılmasına şərait yarada bilər.

Nəqliyyat infrastrukturunun daxili səviyyədə inkişaf etdirilməsi də diqqətdən kənarda qalmır. 12 avqust 2026-cı il Sərəncamında ümumilikdə 156,3 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 420 kilometr olan avtomobil yollarının əsaslı təmiri üçün 70 milyon manat ayrılması nəzərdə tutulur. Bu vəsait iki kəndlərarası, beş şəhər və on kəndin ərazisindəki avtomobil yollarının yenilənməsinə yönəldiləcək.

Bu layihənin sosial və iqtisadi əhəmiyyəti olduqca böyükdür. Yol yalnız nəqliyyat vasitələrinin hərəkət etdiyi infrastruktur elementi deyil. Yaxşı yol kənd təsərrüfatı məhsullarının bazarlara çıxışını asanlaşdırır, insanların təhsil və səhiyyə xidmətlərinə çıxış imkanlarını genişləndirir, sahibkarlığın inkişafına şərait yaradır və yaşayış məntəqələri arasındakı iqtisadi əlaqələri gücləndirir. Bu baxımdan 420 kilometrlik yol infrastrukturunun əsaslı təmiri Naxçıvanın kənd və rayonlarının iqtisadi fəallığının artırılmasına mühüm töhfə verə bilər.

Nəqliyyat sahəsində digər mühüm istiqamət ictimai nəqliyyat parkının yenilənməsidir. Sərəncamda şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsinin ilkin mərhələsi üçün 53 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu addım insanların rahat və təhlükəsiz daşınmasının təmin edilməsi ilə yanaşı, nəqliyyat sisteminin müasir standartlara uyğunlaşdırılmasına xidmət edəcək.

Naxçıvanın sosial-iqtisadi inkişafında təhsil və insan kapitalının xüsusi əhəmiyyəti də Prezidentin səfərində və yeni Sərəncamda aydın şəkildə öz əksini tapır. Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksinin tikintisinə 25 milyon manat ayrılması bunun mühüm göstəricisidir.

Bu layihəyə yalnız tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılması kimi yanaşmaq düzgün olmaz. Müasir universitet infrastrukturu, tələbələrin sosial təminatı, onların təhsil və elmi fəaliyyət üçün əlverişli şəraitlə təmin olunması regionda insan kapitalının formalaşdırılmasının vacib şərtləridir. Naxçıvan Dövlət Universitetinin inkişafı, tələbələr üçün müasir infrastrukturun yaradılması və təhsilin keyfiyyətinin yüksəldilməsi muxtar respublikanın uzunmüddətli inkişafında strateji əhəmiyyət daşıyır.

Təhsilin ilkin pilləsinə də diqqət ayrılması sosial siyasətin kompleks xarakterini göstərir. Sərəncamda Naxçıvan Muxtar Respublikasında ümumilikdə 640 yerlik beş yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi üçün 20 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu müəssisələrin Bulqan, Dəstə, Şərur, Əbrəqunus və Qarabağlar yaşayış məntəqələrində yaradılması planlaşdırılır.

Bu layihələr regionun sosial infrastrukturunun kənd və rayonlar səviyyəsində də yenilənməsinə xidmət edir. Çünki hərtərəfli inkişaf yalnız şəhər mərkəzlərinin deyil, bütün yaşayış məntəqələrinin müasir sosial xidmətlərlə təmin edilməsini tələb edir.

Sosial siyasətin digər mühüm istiqaməti yaşayış şəraitinin yaxşılaşdırılmasıdır. Naxçıvan şəhərində 518 mənzilli sosial evlər kompleksinin təməlinin qoyulması bu baxımdan mühüm hadisədir. Bununla yanaşı, yeni Sərəncamda Naxçıvan, Şərur, Culfa, Ordubad və Şahbuz şəhərlərində ümumilikdə 2164 mənzilli 92 yaşayış binasının tam, Naxçıvan, Culfa və Şərur şəhərlərində isə 3087 mənzilli 70 yaşayış binasının fasad hissəsinin əsaslı təmiri üçün 15 milyon manat ayrılması nəzərdə tutulur.

Belə layihələr şəhər mühitinin yenilənməsi ilə yanaşı, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına, şəhər təsərrüfatının müasir standartlara uyğunlaşdırılmasına və abadlıq-quruculuq işlərinin davam etdirilməsinə imkan verir.

Naxçıvanda sosial siyasətin daha bir mühüm istiqaməti istilik sistemlərinin yenilənməsidir. Sərəncamda Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində ümumilikdə 122 yaşayış binasının 5335 mənzilinə xidmət göstərən 45 istilik qazanxanasının əsaslı təmiri üçün 9 milyon manat ayrılması nəzərdə tutulur. Bu, birbaşa insanların gündəlik həyat keyfiyyətinə təsir göstərən infrastruktur layihəsidir.

Bütün bunlar göstərir ki, Naxçıvanın inkişafı yalnız iri sənaye və enerji layihələrindən ibarət deyil. Dövlət siyasətinin digər mühüm tərəfi insanların gündəlik həyatını yaxşılaşdıran sosial infrastrukturun yenilənməsidir. Yeni yollar, məktəbəqədər təhsil müəssisələri, tələbə yataqxanası, sosial evlər, yaşayış binalarının təmiri, istilik sistemlərinin yenilənməsi və ictimai nəqliyyat parkının müasirləşdirilməsi vahid sosial-iqtisadi inkişaf modelinin ayrı-ayrı elementləridir.

Naxçıvanın kənd təsərrüfatı potensialının genişləndirilməsi də bu strategiyanın mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyev müsahibəsində kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında Naxçıvanın xüsusi yer tutduğunu bildirib. Suvarma layihələrinin həyata keçirilməsi, artezian quyularının qazılması, müasir suvarma sistemlərinin qurulması və suvarılmayan torpaqların istifadəyə verilməsi kənd təsərrüfatının inkişafına yeni imkanlar yaradır.

Bu istiqamət 2026–2030-cu illər üçün kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair Dövlət Proqramı ilə də uzlaşır. Həmin proqram çərçivəsində Naxçıvanda aqrar sektorun modernləşdirilməsi, ekstensiv istehsaldan intensiv modelə keçid, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və aqrar məhsul istehsalı kooperativlərinin dövlət dəstəyi ilə pilot şəkildə yaradılması kimi strateji hədəflər müəyyənləşdirilib.

Beləliklə, Naxçıvanda sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat və sosial infrastrukturun paralel şəkildə inkişaf etdirilməsi iqtisadiyyatın daha dayanıqlı və çoxşaxəli strukturunun yaradılmasına xidmət edir.

Prezident İlham Əliyevin səfərində diqqət yetirilən mühüm məsələlərdən biri də Naxçıvanın tarixi-mədəni irsinin qorunması idi. Naxçıvan qədim Atabəylər dövlətinin paytaxtı olmuş, zəngin memarlıq və mədəniyyət ənənələri formalaşdırmış bir diyardır. Möminə xatun məqbərəsinin bərpası ilə bağlı görülən işlər, digər tarixi abidələrin konservasiyası və qorunması, məşhur memar Əcəmi Naxçıvaninin şərəfinə abidənin ucaldılması Naxçıvanın maddi-mədəni irsinə dövlət səviyyəsində göstərilən diqqətin ifadəsidir.

Bu yanaşma xüsusi əhəmiyyət daşıyır. Çünki iqtisadi inkişaf nə qədər vacibdirsə, milli kimliyin, tarixi yaddaşın və mədəni irsin qorunması da bir o qədər vacibdir. Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, sosial-iqtisadi inkişafın təməlində milli kimlik, milli ruh, mədəniyyət, dil, ədəbiyyat və tarix dayanır.

Naxçıvanın Azərbaycan xalqına Ulu Öndər Heydər Əliyev kimi böyük şəxsiyyət bəxş etməsi də onun tariximizdəki xüsusi yerini müəyyənləşdirən əsas amillərdəndir. Ulu Öndərin Naxçıvandakı fəaliyyəti, xüsusilə Azərbaycanın dövlətçilik ənənələrinin bərpası və milli dövlətçilik ideyalarının inkişaf etdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət həmin dövlətçilik xəttinin müasir dövrün tələblərinə uyğun davam etdirilməsi kimi qiymətləndirilə bilər.

Naxçıvanın təhlükəsizliyi məsələsi isə bütün bu proseslərin əsas dayaqlarından biridir. Prezident İlham Əliyev müsahibəsində Naxçıvanın müdafiə potensialının gücləndirilməsinin prioritet məsələ olduğunu bir daha vurğuladı. Əlahiddə Ordunun yaradılması, müasir hərbi texnika ilə təchizat və yeni komando qüvvələrinin formalaşdırılması Naxçıvanın təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş tədbirlərin davamlı xarakter daşıdığını göstərir.

Təhlükəsizliyin təmin olunması ilə iqtisadi inkişaf arasında birbaşa əlaqə mövcuddur. Dayanıqlı iqtisadiyyat, enerji təhlükəsizliyi, müasir nəqliyyat infrastrukturu, sosial sabitlik və güclü müdafiə potensialı bir-birini tamamlayan amillərdir. Bu baxımdan Naxçıvan üçün həyata keçirilən layihələrin bütövlükdə milli təhlükəsizlik və regional sabitlik baxımından da əhəmiyyəti vardır.

Naxçıvanın gələcək inkişafında şəhərsalma məsələsi də xüsusi yer tutur. Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planın təqdim edilməsi şəhərin uzunmüddətli perspektivdə necə formalaşdırılacağına dair strateji baxışın mövcud olduğunu göstərir. Müasir şəhərsalma yalnız yeni binaların tikilməsi deyil, nəqliyyat, yaşıllıq, sosial xidmətlər, yaşayış zonaları, ictimai məkanlar və mühəndis-kommunikasiya sistemlərinin vahid konsepsiya əsasında inkişaf etdirilməsidir.

Bütün bu istiqamətləri bir araya gətirdikdə Naxçıvanın qarşıdakı dövr üçün inkişaf modelinin mahiyyəti daha aydın görünür. Sənaye Parkı istehsal və məşğulluğu artıracaq, yeni elektrik stansiyaları və bərpaolunan enerji layihələri enerji təhlükəsizliyini möhkəmləndirəcək, yollar və ictimai nəqliyyat nəqliyyat imkanlarını genişləndirəcək, kənd təsərrüfatına yönələn tədbirlər aqrar potensialı artıracaq, təhsil infrastrukturu insan kapitalının inkişafına xidmət edəcək, sosial layihələr insanların rifahını yüksəldəcək, tarixi-mədəni layihələr isə Naxçıvanın milli-mədəni kimliyinin qorunmasını təmin edəcək.

Bu mənzərədə 12 avqust 2026-cı il tarixli Sərəncam xüsusi əhəmiyyət daşıyır. Çünki sənəd Naxçıvanın inkişafına dair ümumi siyasi iradəni konkret maliyyə resursları ilə birləşdirir. 258 milyon manatlıq maliyyə paketinin ayrı-ayrı sahələr üzrə bölüşdürülməsi göstərir ki, dövlət Naxçıvanın inkişafını kompleks yanaşma əsasında həyata keçirməyə davam edir.

Prezident İlham Əliyevin Naxçıvan səfəri və səfərdən dərhal sonra imzalanmış Sərəncam birlikdə mühüm siyasi-iqtisadi mesaj verir: Naxçıvanın inkişafı təsadüfi və ayrı-ayrı layihələrin cəmi deyil, uzunmüddətli dövlət strategiyasının ardıcıl nəticəsidir.

Bu strategiyanın əsas məqsədi Naxçıvanı yalnız mövcud imkanları hesabına inkişaf edən region kimi deyil, yeni iqtisadi, enerji, nəqliyyat, turizm, təhsil və mədəniyyət imkanlarını formalaşdıran müasir regional mərkəzə çevirməkdir.

Naxçıvanın qarşısında indi tamamilə yeni imkanlar açılır. Zəngəzur dəhlizi ilə bağlı proseslər, Azərbaycanın əsas hissəsi ilə nəqliyyat bağlantısının perspektivləri, yaşıl enerji layihələri, sənaye parkı, yeni yol infrastrukturu, kənd təsərrüfatının modernləşdirilməsi və insan kapitalına yönələn investisiyalar bu qədim diyarın regional əhəmiyyətini daha da artırır.

Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlərdə mühüm bir gələcəyə baxış var: bu gün Naxçıvanın mövcud potensialı yalnız onun öz ehtiyaclarını ödəmək üçün deyil, gələcəkdə Azərbaycanın iqtisadi və enerji imkanlarının genişləndirilməsinə xidmət etmək baxımından qiymətləndirilir. Xüsusilə elektrik enerjisi istehsalının artırılması və ixrac imkanlarının yaradılması Naxçıvanın iqtisadi rolunun dəyişə biləcəyini göstərir.

Eyni zamanda, Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf məkanı kimi nəzərdən keçirilməsi də xüsusi perspektivlər vəd edir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra ölkənin müxtəlif strateji regionlarının iqtisadi, nəqliyyat və enerji əlaqələrinin daha sıx qurulması yeni inkişaf imkanları yaradır. Naxçıvanın bu prosesdə mühüm mövqeyə malik olması onun geoiqtisadi əhəmiyyətini daha da artırır.

Bütün bunlar Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana etdiyi 17-ci səfərinin sadəcə növbəti səfər olmadığını göstərir. Bu səfər görülmüş işlərin qiymətləndirilməsi ilə yanaşı, Naxçıvanın gələcək inkişafının yeni konturlarının müəyyənləşdirilməsi baxımından mühüm mərhələdir. Səfər zamanı səsləndirilən fikirlər, təməli qoyulan layihələr və 12 avqust 2026-cı il tarixli Sərəncam bir-birini tamamlayaraq Naxçıvanın inkişafının yeni mərhələsinin siyasi, iqtisadi və sosial çərçivəsini formalaşdırır. Naxçıvan qədim tarixə, zəngin mədəniyyətə, mühüm strateji mövqeyə və böyük potensiala malikdir. Bu potensialın tam reallaşdırılması isə ardıcıl dövlət siyasəti, güclü maliyyə imkanları, müasir idarəetmə, təhlükəsizlik və insan kapitalına investisiyalar tələb edir. Bu gün bütün istiqamətlər üzrə atılan addımlar göstərir ki, Naxçıvanın qarşısında yeni inkişaf perspektivləri açılır. Sənaye və enerji layihələri iqtisadi gücü, sosial layihələr insanların rifahını, təhsil layihələri gələcəyin insan kapitalını, nəqliyyat layihələri regional əlaqələri, mədəniyyət layihələri isə milli yaddaşı gücləndirir.

Beləliklə, 11–12 avqust 2026-cı il tarixləri Naxçıvanın inkişaf salnaməsində xüsusi yer tutacaq mühüm hadisələrlə yadda qalır. Prezident İlham Əliyevin səfəri zamanı səsləndirdiyi “Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək” fikri artıq konkret layihələr, qərarlar və maliyyə resursları ilə müşayiət olunur.

Bu, Naxçıvan üçün yeni inkişaf mərhələsinin başlanğıcıdır. Bu mərhələnin əsas hədəfi isə aydındır: təhlükəsiz, güclü, müasir, iqtisadi cəhətdən dayanıqlı, enerji baxımından özünü təmin edən və regional imkanlarını tam reallaşdıran Naxçıvan qurmaq.

Naxçıvanın tarixi missiyası ilə müasir inkişaf potensialının qovuşduğu bu yeni mərhələ həm qədim diyarın öz gələcəyi, həm də Azərbaycanın bütövlükdə regional və geoiqtisadi mövqelərinin daha da möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır.

Bəhruz Məmmədov,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, dosent