Ağ Ev TRIPP dəhlizinin açılmasında Azərbaycanın qətiyyətli mövqeyini alqışlayır
Bu gün Zəngəzur dəhlizinin (TRIPP) açılmasında daha çox maraqlı görünən tərəf Azərbaycanla ABŞ-dir. Əvəzində, Erməniistan bu dəhlizin açılması məsələsində manipulyasiya edir. Sözdə açılmasını istəsə də əməldə ciddi bir iş görmür. Ona görə ki, Erməristan hələ də müstəqil siyasət yürüdən dövlət statusu qazanmayıb. Bu ölkənin Rusiyadan siyasi asılılığı davam edir. Məsələn, Rusiya Zəngəzur dəhlizinin açılmasına o halda razılıq verir ki, həmin dəhlizə onun xususi xidmət orqanları nəzarət etsin.
Təbii ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın bu istəyini qəbul etməsə də tamamilə də etiraz edə bilmir. Çünki Ermənistanda Rusiyaya bağlı bəzi siyasi qüvvələrin çevriliş cəhdlərindən qorxur. Ancaq bütün bunlara rəğmən Azərbaycan və ABŞ bu hədəfə doğru iri addımlarla irəliləyir. Qeyd edək ki, Azərbaycan artıq Ermənistan sərhəddinə qədər olan Noradiz-Ağbənd magistral avtomobil yolunu hazır vəziyyətə gətirib. Eyni zamanda, bu istiqamətdə çəkilən dəmiyolu xətti də 2027-cildə başa çatdırılacaqdır. Bu barədə Prezident İlham Əliyev avqustun11- də Naxçıvavana səfəri çərçivəsində Azərbaycan dövlət televiziyasına verdiyi müsahəbəsində bildirib.
TRIPP dəhlizi məsələsində ABŞ tərəfindən də real addımlar atılıb. Belə ki, ABŞ administrasiyası layihənin investisiya platforması olan TRIPP+Enterprise fonduna ayırdığı vəsaiti qısa müddətdə 201 milyon dollardan 402 milyon dollara yüksəldib. Yəni maliyyə paketi bir neçə ay ərzində 2 dəfə artırılıb. Ağ ev bununla bildirir ki, onun hədəfi aydındır və Zəngəzur dəhlizi (TRIPP) açılmalıdır. Eyni zamanda, Vaşiqton rəhbərliyi açıq mesaj verir ki, Cənubi Qafqaz ABŞ üçün yalnız regional layihə deyil, həm də Avropa, Türkiyə, Xəzər hövzəsi və Mərkəzi Asiyanı birləşdirəcək yeni geoiqtisadi xəttin əsas hissəsidir.
Məlumatlara görə, TRIPP Development şirkətində ABŞ-ın üstün mövqeyə (74 faiz) malik olması Vaşinqtonun layihəyə yalnız investor kimi deyil, həm də strateji tərəfdaş kimi yanaşdığını təsdiq edir. Bu, rəsmi Vaşiqntonun marşrutun gələcək idarəetmə və inkişaf mexanizmlərində də təsir imkanlarını qorumaq niyyətini ortaya qoyur.
Zəngəzur dəhlizi Ermənistan üçün də yeni geosiyasi üstünlük deməkdir. Yəni, son 35 ildə apardıqları işğalçı müharibəyə görə iqtisadi blokadada qalan Ermənistan İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra Azərbaycanın ona təklif etdiyi iqtisadi və geosiyasi şərtlərlə dünyaya çıxış imkanı qazana bilər. Bu imkanlardan ən məqbulu Zəngəzur dəhlizinin açılmasıdır. Sözügedən dəhlizin açılması Ermənistan iqtisadiyyatına ciddi ölçüdə dividentlər gətirəcəkdir. Prezident İlham Əliyev televiziyaya sözügedən müsahibəsində birmənalı olaraq bildirib ki, biz elə etdirik ki, Zəngəzur dəhlizinin açılmasında uduzan tərəf olmasın. Bu mənada TRIPP Ermənistan üçün həm də geosiyasi seçim və yeni iqtisadi modelə inteqrasiya cəhdi kimi qiymətləndirilə bilər.
Artıq növbəti mərhələ Ermənistanın atacağı addımlardan asılıdır. Yəni, Nikol Paşinyan bu layihənin reallaşması istiqamətində qətiyyətli davransa, ölkəsinin gələcək inkişafını təmin etməyə nail olacaq. Əks halda, dünyaya yalnız nəqliyyat çıxışı Cənubi Qafqazın kiçik ölkələrindən olan və coğrafi mövqeyi mürəkkəb sayılan Gürcüstandan asılı olacaq. Ümumiyyətlə, TRIPP ətrafında baş verənlər göstərir ki, söhbət təkcə yeni bir nəqliyyat marşrutundan getmir. Bu layihə ABŞ-ın Cənubi Qafqazda iqtisadi, siyasi və strateji iştirakını rəsmiləşdirmək cəhdidir. Görünən odur ki, Vaşinqton bu oyunda müşahidəçi deyil, əsas oyunçulardan biri olmaq niyyətini açıq şəkildə ortaya qoyur.
Bütün bunlara rəğmən demək olar ki, hazırda regionda rəqabət artıq təkcə diplomatik masada getmir. Eyni zamanda bu proses həm də dəmir yolu xətlərində, avtomobil magistrallarında, logistika mərkəzlərində və milyardlarla dollarlıq investisiya layihələrində davam edir. Yəni, mövcud mənzərədə TRIPP layihəsinin taleyi təkcə iqtisadi layihənin uğuru kimi qiymətləndirilməməlidir. Çünki onun gələcək inkişafı Cənubi Qafqazda qüvvələr balansına, fövqəlgüclərin rəqabətinə və Ermənistan-Azərbaycan münasibətlərinin yeni mərhələsinə birbaşa təsir edəcək.
Elçin Zaman, "İki sahil"