24 avqust 2026 17:50
230

Azərbaycan - Özbəkistan xətti iqtisadi xəritəni NECƏ DƏYİŞİR?

İqtisadçı: İki ölkə arasında ticarət dövriyyəsinin yaxın perspektivdə 1 milyard dollara çatdırılması real hədəfdir

Azərbaycan və Özbəkistan arasında münasibətlərin yeni mərhələyə keçməsi iqtisadi əməkdaşlığın da daha geniş məzmun qazanması baxımından diqqət çəkir. İki ölkə arasında siyasi etimadın və strateji tərəfdaşlığın möhkəmlənməsi ticarət, investisiya, sənaye, nəqliyyat-logistika və yeni iqtisadi layihələr üçün daha əlverişli imkanlar yaradır. Bu baxımdan münasibətlərin inkişafı yalnız qarşılıqlı ticarətin genişləndirilməsi ilə deyil, iki ölkənin iqtisadi potensialının bir-birini tamamlaması və regional iqtisadi bağlantıların gücləndirilməsi ilə də xarakterizə olunur.

Xüsusilə Orta Dəhliz çərçivəsində əməkdaşlıq Azərbaycan–Özbəkistan iqtisadi əlaqələrinin strateji istiqamətlərindən birinə çevrilir. Özbəkistanın Mərkəzi Asiyadan Qərb bazarlarına çıxış imkanlarının genişləndirilməsində Azərbaycanın mövqeyi, Azərbaycanın isə Mərkəzi Asiya ilə iqtisadi əlaqələrini dərinləşdirmək imkanları iki ölkənin əməkdaşlığını ikitərəfli ticarət çərçivəsindən çıxararaq daha geniş regional iqtisadi prosesin bir hissəsinə çevirir.

Bununla yanaşı, qarşıdakı mərhələdə əsas məsələ ticarət əlaqələrinin həcmini artırmaqla yanaşı, ixrac strukturunun şaxələndirilməsi, qarşılıqlı investisiyaların genişləndirilməsi və birgə istehsal imkanlarının artırılmasıdır. Mövcud iqtisadi göstəricilər isə bu istiqamətdə imkanlarla yanaşı, müəyyən balanssızlıqların da olduğunu göstərir.

İqtisadi yaxınlıq üçün yeni zəmin

İqtisadçı Xalid Kərimli Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinin hazırkı vəziyyətini, ticarət balansındakı fərqi və Orta Dəhlizin yaratdığı perspektivlərlə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi son illərdə sürətlə artır: "Azərbaycanın qeyri-neft ixracında Özbəkistanın payı təxminən 2 faiz, ümumi ixracında isə 0,3 faiz təşkil edir. Azərbaycanın ümumi idxalında Özbəkistanın payı isə təxminən 3 faizdir.

2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 715 milyon dollar təşkil edib. Bu göstəricidə Özbəkistandan Azərbaycana idxalın həcmi əhəmiyyətli paya malikdir. Azərbaycanın Özbəkistana ixracı isə təxminən 76 milyon dollar olub. Başqa sözlə, Özbəkistan Azərbaycana təxminən 720 milyon dollarlıq məhsul satdığı halda, Azərbaycandan 76 milyon dollarlıq məhsul alıb. Bu baxımdan, ikitərəfli ticarət balansında Özbəkistanın üstünlüyü müşahidə olunur.

Özbəkistandan Azərbaycana idxal olunan məhsullar arasında avtomobil sənayesi məhsulları, avtomobillər, kənd təsərrüfatı məhsulları, tekstil və ərzaq məhsulları üstünlük təşkil edir. Azərbaycanın Özbəkistana ixracında isə əsasən neft-kimya, metallurgiya və elektrik sənayesi məhsulları önə çıxır".

İqtisadçı qeyd etdi ki, son illərdə Özbəkistandan Azərbaycana ixracın sürətlə artmasının əsas səbəblərindən biri iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin intensivləşməsidir: "Hazırda Azərbaycan-Özbəkistan münasibətləri yalnız ticarət-iqtisadi sahə ilə məhdudlaşmır. Siyasi, mədəni və beynəlxalq platformalarda da əməkdaşlığın genişlənməsi iqtisadi münasibətlərə müsbət təsir göstərir.

İki ölkə arasında ticarət dövriyyəsinin yaxın perspektivdə 1 milyard dollara çatdırılması real və əldə edilə bilən hədəfdir. Lakin bunun üçün Azərbaycan Özbəkistan bazarında öz məhsullarının mövqeyini gücləndirməli, xüsusilə qeyri-neft sektorunda ixrac imkanlarını genişləndirməyə və ixrac strukturunu şaxələndirməyə xüsusi diqqət yetirməlidir".

Azərbaycan üzərindən Avropaya açılan yol

X. Kərimli vurğuladı ki, Özbəkistanın Orta Dəhliz vasitəsilə Azərbaycan üzərindən Avropaya çıxış imkanlarının genişləndirilməsi həm Azərbaycan, həm də Özbəkistan üçün mühüm əhəmiyyət daşıyır: "Özbəkistandan gələn yüklərin Azərbaycan ərazisindən Avropaya daşınması alternativ marşrutların formalaşmasına imkan verir. Bu isə xüsusilə nəqliyyat-logistika əlaqələrinin şaxələndirilməsi baxımından müsbət haldır.

Azərbaycan üçün isə bu proses yalnız tranzit imkanlarının genişlənməsi ilə məhdudlaşmır. Tranzit daşımalarının artması ölkələr arasında idxal-ixrac əməkdaşlığının genişlənməsinə, eyni zamanda tranzit gəlirlərinin formalaşmasına və ölkənin strateji əhəmiyyətinin daha da artmasına şərait yaradır.

Eyni zamanda, əks istiqamətdə Avropadan və Türkiyədən gələn yüklərin Azərbaycan üzərindən Orta Dəhliz vasitəsilə Mərkəzi Asiyaya, o cümlədən Özbəkistana çatdırılması da ölkəmiz üçün əlavə imkanlar yaradır. Tranzit marşrutlarının genişlənməsi yeni iş yerlərinin yaradılması, əlavə gəlir mənbələrinin formalaşması və nəqliyyat-logistika sektorunun inkişafı deməkdir".

Dəhlizin potensialını açacaq yeni bağlantılar

İqtisadçının sözlərinə görə, son illərdə Orta Dəhlizin əhəmiyyəti ilə bağlı müzakirələr intensivləşib: "Lakin bu marşrutun tam potensialından istifadə edilməsi üçün bir sıra infrastruktur və nəqliyyat layihələrinin də tamamlanması vacibdir. Bu baxımdan Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin imkanlarının genişləndirilməsi baxımından mühüm elementlərdən biri hesab oluna bilər.

Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Azərbaycan üzərindən tranzit daşımalarının daha da artmasına, Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin güclənməsinə və Orta Dəhlizin daha səmərəli fəaliyyət göstərməsinə imkan yarada bilər. Bununla yanaşı, tranzit infrastrukturunun inkişaf etdirilməsi və daşımaların sürətli və fasiləsiz həyata keçirilməsi üçün digər ölkələrdə də müvafiq işlərin görülməsi vacibdir.

Ümumilikdə, Orta Dəhlizin və onunla əlaqəli nəqliyyat marşrutlarının inkişafı yalnız Azərbaycan üçün deyil, marşrut üzərində yerləşən bütün ölkələr üçün iqtisadi və strateji baxımdan faydalı ola bilər".

Nigar Orucova, "İki sahil"