24 avqust 2026 15:15
170

Münasibətlər möhkəm təməl üzərində qurulanda - TƏHLİL

Keçmiş işğal illərində daşın daş üstə qalmadığı Qarabağ və Şərqi Zəngəzur bölgələrində bu gün bərpa-quruculuq işləri sürətlə davam etdirilir. 30 ildən çox erməni faşistlərinin əsarətində olan və dağıntılara məruz qalan bu ərazilərdə bütün sosial infrastruktur əsaslı şəkildə yenidən qurulur. Bu tarixi prosesdə ortaq köklərə, tarixə, dəyərlərə malik ölkələr - Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan öz yardımlarını əsirgəmir. Şübhəsiz, bütün bunları həmin ölkələrin Azərbaycanın qazandığı tarixi Zəfərə, həmçinin Cənubi Qafqazda yaratdığı yeni reallıqlara ehtiramın nəticəsi kimi dəyərləndirmək olar.

Xatırladaq ki, Füzulidə Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Qırğızıstan tərəfindən Manas adına məktəb tikilib istifadəyə verilib. Xankəndidə Özbəkistanın dəstəyi ilə böyük tikiş fabriki fəaliyyətə başlayıb. Türkmən qardaşlarımız isə Füzuli məscid inşa edirlər. Bütün bunlar Azərbaycana dost ölkələrin hədiyyələridir. Prezident İlham Əliyev bunları ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin təzahürü kimi dəyərləndirib.

Qardaşlıq münasibətlərinin daha bir təzahürü

Göründüyü kimi, bu prosesdə Özbəkistan daha fəaldır. Dövlətimizin başçısı da çıxışlarında bunu dəfələrlə vurğulayıb. Məsələn, avqustun 21-də Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bu məsələyə toxunan Prezident İlham Əliyev hazırda Füzuli şəhərində fəaliyyət göstərən Mirzə Uluqbəy adına orta məktəbi iki ölkə arasındakı qardaşlıq münasibətlərinin daha bir təzahürü kimi xarakterizə edib.  Avqustun 23-də Daşkənddə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə birgə mətbuata bəyanatında bir daha bundan söz açan  Prezident İlham Əliyev Qarabağın bərpa edilməsi prosesində göstərilən dəstəyə görə Mirziyoevə təşəkkür etməklə yanaşı, vurğulayıb ki, Özbəkistan və onun dövlət başçısı azad olunmuş ərazilərə praktiki yardım göstərən ilk ölkə və ilk Prezident olub: “Əlbəttə, Prezident Şavkat Miromonoviç Mirziyoyevin Qarabağa investisiya cəlb edilməsində müstəsna rolunu bir daha qeyd etmək istərdim”. Prezident, həmçinin bildirib ki, həm Qarabağ bölgəsində, həm də bir çox digər bölgələrdə əlavə qarşılıqlı fəaliyyət planları da mövcuddur.

Əgər bu təməl, bu potensial olmasaydı...

Şübhəsiz, bütün bunlar iki ölkə arasındakı qardaşlığın və dostluğun möhkəm təməli üzərində qurulmasının nəticəsidir. Prezidentin sözləri ilə desək, əgər bu təməl, bu potensial olmasaydı, heç bir birgə layihəni həyata keçirmək mümkün olmazdı. Yeri gəlmişkən, Şavkat Miromonoviç Özbəkistana rəhbərlik etməzdən əvvəl ölkələrimiz arasında heç bir birgə layihə olmayıb. Onu da qeyd edək ki, hazırda işğaldan azad edilmiş şəhərlərlə Özbəkistanın şəhərləri (Şuşa-Xivə, Füzuli-Gülüstan) arasında qardaşlaşmış şəhər və tərəfdaşlıq münasibətləri qurulub. Prezidentin bu səfəri çərçivəsində isə Xankəndi şəhəri (Azərbaycan Respublikası) ilə Ürgənc şəhəri (Özbəkistan Respublikası) arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol”u, “Laçın şəhəri (Azərbaycan Respublikası) ilə Buxara şəhəri (Özbəkistan Respublikası) arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol”u mübadilə edilib.

Qardaşlaşmış şəhər təşəbbüsləri

Prezident İlham Əliyevin sözləri ilə desək, bu gün xalqlarımızı daha da yaxınlaşdıran, ortaq tarixi, mədəni və mənəvi dəyərləri qoruyan, gələcək nəsillər arasında dostluğu və qarşılıqlı etimadı gücləndirən əməkdaşlıq üçün mühüm platformalardan biri olan Azərbaycan ilə Özbəkistan arasında qardaşlaşmış şəhər təşəbbüsləri xüsusilə əhəmiyyətlidir. Şübhəsiz, bu münasibətlər, həm də gələcək əməkdaşlıq üçün mühüm humanitar körpü rolunu oynayır. Yeri gəlmişkən, hazırda Bakı-Daşkənd, İsmayıllı-Riştan, Lənkəran-Buxara, Şəki-Kokənd, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Quba-Cizak və Beyləqan-Şəhrisəbz şəhərləri arasında qardaşlaşmış şəhər və tərəfdaşlıq münasibətləri qurulub. Naxçıvan və Ürgənc arasında yaxın vaxtlarda qardaşlaşmış şəhər münasibətlərinin qurulması planlaşdırılır. 

Bəli, Mərkəzi Asiyanın dinamik inkişaf edən, ən böyük dövlətlərindən biri olan Özbəkistan ilə əlaqələrimiz də sürətlə inkişaf edir. Prezidentin sözləri ilə desək, möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb.

Xatırladaq ki, iki ölkə arasında diplomatik əlaqələr 1995-ci ilin oktyabr ayının 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. İmzalanan çoxsaylı sənədlər, xüsusən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki müstəqil, güclü və suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmi olaraq möhkəmləndirib. Bu sənədlər ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da gücləndirib və əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açıb. Avqustun 23-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” də imzalanıb. Şübhəsiz, bu sənəd münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək.  

Qvami Məhəbbətoğlu, “İki sahil”