Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10-da davam etdirilib.
Məhkəmə təqsirləndirilən şəxsə son söz çıxışı verib. Görünür o, burada da erməni hiyləsi işlətməklə vəziyyətini yüngülləşdirməyə cəhd göstərib. Bir dövləti və hərbi cinayətlər törətmiş, Azərbaycanın təbii sərvətlərini daşıyıb xaricə aparmış bu adam “fəaliyyəti” barədə bir kəlmə də danışmayıb.
Ruben Vardanyan son söz çıxışında konkret məsələlərlə bağlı deyil, ümumi məsələlərdən ümumi sözlərlə danışıb. Məsələn o, Azərbaycan Respublikası Cinayət Məcəlləsini oxuduğunu söyləyib. Bununla nə demək istədiyini özündən başqa kimsə bilmir. Əlbəttə, cinayət məcəlləsini oxumağı yaxşı haldır. Ancaq onu gərək Rusiyadakı biznesini atıb əvvəl Ermənistana, oradan Qarabağa-“təyinat yeri”nə gələndə oxumalı idi. Əgər belə etsəydi bəlkə də gəldiyi yerə geri qayıdar, indi məhkəmə qarşısında cavab verməli olmazdı. Ancaq Rubenin sayıqlaması bununla bitməyib, bir az da dərinə gedib.
Təqsirləndirilən şəxs çıxışında, həmçinin saxlanıldığı iki ildən artıq müddətdə özü üçün Azərbaycan poeziyasını kəşf etdiyini deyib. Ruben Vardanyan Azərbaycanın dahi şairləri Məhəmməd Füzulinin qəzəlini və Hüseyn Cavidin poemasından bir hissəni rus dilində oxuyub. Bundan sonra o, çıxışını yekunlaşdırıb. İlk baxışda bu, bir qədər anlaşılmır. Onun hökmdən əvvəlki bu hərəkətləri təhlil edilsə yalnız bir fikrə gəlmək olar: Qatı cinayətkar, qondarma rejimin “dövlət naziri” faktik olaraq oradakı qeyri-qanuni silahlı dəstələri döyüş sursatları, ərzaq və hərbi geyimlə təmin etmiş, bir az da irəli gedərək saxta “dqr”in komandanlığını ələ keçirmişdi. Əsas məqsədi isə ipə-sapa yatmayan baş nazir Nikol Paşinyanı devirib Ermənistanın idarəçiliyini zəbt etmək idi. Vardanyana əsas tapşırıq belə verilmişdi. Başqa cinayətləri də var. Ancaq bu kiçik yazıdan məqsəd onları sadalamaq deyil. Belə anlaşılır ki, Vardanyanın məhkəmədə göstərdiyi şoudan müəmmalı məqsədi məhkəmə heyətinə zaldakı zərərçəkmişlərə və şahidlərə özünü humanist kimi göstərməkdir. Düşünüb ki, bu “priyom”la cəzasını yüngülləşdirə bilər. Yoxsa qırıb izini itirmək istədiyi bir xalqın şairlərini necə sevə bilər? Yəni, növbəti erməni saxtakarlığı. Lakin “tülkünün Həccə getməsinə” inanmayıblar, qatı cinayətkara ömürlük həbs cəzası istəyiblər.
Vəli İlyasov, “İki sahil”