11 fevral 2026 19:27
160

Zəngəzur dəhlizi qlobal əhəmiyyət daşıyır

ABŞ kimi fövqəlgücün bu layihəyə ciddi maraq göstərməsi ölkəmizin beynəlxalq nəqliyyat loqistika mərkəzi kimi nüfuzunu artır

 Fevralın 10- da ABŞ-nın Vitse-prezidenti Cey. Di. Vensin ökəmizə reallaşan səfəri zamanı Prezident İlham Əliyevlə yanız siyasi məsələləri deyil, həmçinin iqtisadi məsələri də müzakirə ediblər. Xüsusilə, görüşlərdə  «Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu» (TRIPP) layihəsi, yəni Zəngəzur dəhlizinin tezliklə istfadəyə verilməsi məsələsi ön planda olub.

Ona görə ki,  Avrasiyanın ən mühüm nəqliyyat bağlantılarından biri olan Trans Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə səmərəlilyini daha da artıracaq. Yəni, bu marşrut digər tranzit yolları ilə müqayisədə daha qısa və daha təhlükəsizdir. Xüsusilə Rusiya–Ukrayna müharibəsi və İran ətrafında yaranan gərginliklər çərçivəsində Orta Dəhliz böyük dövlətlərin də ciddi marağına səbəb olmuşdur.

Məlumdur ki, Orta Dəhlizin əhəmiyyəti durmadan artdığı üçün ölkəmizin də regional logistika məkanında rolu genişlənir. Qeyd edək ki, 2025-ci ildə  Orta Dəhliz üzrə yükdaşımalar 11 faiz, Şimal–Cənub dəhlizi üzrə isə yük həcmi 12 faiz artıb. Bu artımlara səbəb isə respublikamızda həyata keçirilən modern  iri infrastruktur layihələridir. Belə ki, Bakı–Tbilisi–Qars (BTC) dəmir yolunun modernləşdirilməsindən sonra xəttin illik daşıma qabiliyyəti 5 milyon tona çatdırılıb. Bununla yanaşı, yaxın gələcəkdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükötürmə gücünün 25 milyon tona qədər artırılması planlaşdırılır.

Bir sözlə, Azərbaycanın logistika imkanlarının genişlənməsinin nəticəsidir ki,  2025-ci ildə Bakı Limanında konteyner daşımalarının həcmi illik müqayisədə 40 faiz artaraq 107 min TEU  (Bu, gəmicilikdə Konteyner daşımalarında «Twenty-fut» Ekvivalent Vahid deməkdir. 20 fut uzunluğunda metal qutunu ifadə edir və daşıma qabiliyyətinin hesablanması üçün əsas modeldir.) həddini keçib. Paralel olaraq, mütəxəssislər Zəngəzur dəhlizinin (TRIPP) 2040-cı ilədək 865 min TEU-yadək yük axını yaratmaq potensialına malik olduğunu bildirirlər. Dəhliz, eyni zamanda, Avropa ilə Mərkəzi Asiya arasında etibarlı quru əlaqəsinin formalaşmasına xidmət edəcək.

İqtisadçıların fikrincə, Orta Dəhlizin mövqelərini gücləndirən əsas amillərdən biri də məhz Zəngəzur dəhlizinin istifadəyə verilməsi perspektividir. Bu kontekstdə Avropa İtttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən araşdırmada bildirilir ki, İttifaqın  Qara dəniz regionuna strateji yanaşmasına görə bu region və ona qonşu ölkələr Avropanı Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə birləşdirən əsas nəqliyyat qapısı kimi yeni bazarlara çıxış imkanları yaradacaq.

2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Birgə Bəyannamə imzalayıblar. Sözügedən sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin  yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulur. Bu isə o deməkdir ki, dəhliz boyunca inşa ediləcək dəmir yolu və avtomobil  magistral yolları infrastrukturu Azərbaycanın ərazisində Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutlarına birbaşa inteqrasiya olunacaq. Azərbaycanın Xəzər dənizində yaratdığı ən böyük limanın imkanları, eləcə də işğaldan azad edilmiş ərazilərdə inşa edilən üç beynəlxalq hava limanı nəzərə alındıqda, belə nəticəyə gəlmək mümkündür ki, Zəngəzur dəhlizi beynəlxalq daşımalar üçün ən cəlbedici marşrutlardan biri hesab edilir.

Zəngəzur dəhlizi Azərbaycanın gələcəkdə etibarlı tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcək və ölkəyə daha böyük həcmdə tranzit gəlirləri qazandıracaq. Bununla yanaşı, Zəngəzur dəhlizinin açılması məsələsində region ölkələrinin maraqları ilə Qərbin strateji yanaşması bir çox məqamda üst-üstə düşür.

Elçin Zaman, «İki sahil»