Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin 1 iyul 2026-cı il tarixli Bakı səfəri zamanı verdiyi bəyanat, Azərbaycanın regional güc mərkəzi və qlobal miqyasda strateji tərəfdaş kimi mövqeyini rəsmiləşdirən tarixi bir sənəddir. Çünki bu bəyanat sadəcə diplomatik nəzakət mətni deyil; daxilində Avrasiyanın enerji xəritəsini, logistik gələcəyini və ən əsası Cənubi Qafqazın yeni sülh arxitekturasını bariz şəkildə ehtiva edən geosiyasi manifestdir.
Prezident İlham Əliyevin çıxışının əvvəlində 2026-cı ilin ilk yarısında Bakıya gələn Avropa İttifaqı rəhbərlərinin (Aİ Şurasının Prezidenti Antonio Koşta (mart), xarici siyasət rəhbəri Kaya Kallas (may) və nəhayət Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen (iyul)) xronologiyasını təqdim edir. Bu, Brüsselin Bakı ilə münasibətlərə verdiyi böyük önəmin göstəricisidir. Belə ki, bəzi Avropa qurumlarının (Avropa Parlamenti, AŞ PA) ölkəmizə qarşı ikili standartlara, açıq qərəzə və populizmə açı-aşkar üstünlük verdiyi bira vaxtda, Aİ-nin icra qurumlarının praqmatik yanaşması təqdirəlayiqdir və ölkəmizin 2020-ci ildə Vətən müharibəsindəki parlaq qələbədən sonra regionda yaratdığı geosiyasi reallığın və Azərbaycanın Avrasiya məkanında artan rolunun qəbul və təsdiq edilməsi kimi qiymətləndirilməlidir. İqtisadi baxımdan yanaşsaq, Aİ-nin Cənubi Qafqazdakı ümumi ticarətin təxminən 70 faizi təkbaşına Azərbaycanın payına düşür, ölkəmizin ümumi ticarət dövriyyəsinin isə 40 faizdən çoxu Aİ üzv dövlətləri ilə reallaşır. Bu statistik göstərici Azərbaycanın regionun mütləq iqtisadi lokomotivinə çevrildiyini sübut edir.
“Bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir”, – deyən Azərbaycan lideri enerji təhlükəsizliyini ölkəmizin milli təhlükəsizliyin ayrılmaz hissəsi kimi gördüyünü vurğulayır. Dörd il əvvəl – 2022-ci ilin iyulunda imzalanmış memorandumdan bəri qaz ixracının 65 faiz artdığını, bu gün Avropanın 10 ölkəsinin Azərbaycan qazını aldığını qeyd edir. Lakin bəyanatın ən innovativ hissəsi yaşıl enerji ilə bağlıdır. Belə ki, xarici və yerli investisiya hesabına növbəti 5-6 il ərzində Azərbaycanda 8 giqavat Günəş, külək və su enerjisinin əldə olunması hədəflənib. Prezident İlham Əliyevin sözləri bu sahədə Azərbaycanın perspektiv imkanlarının daha geniş olduğuna əminlik yaradır: “Bunlar yalnız imzalanan müqavilələrə aiddir və öz növbəsində, müqavilə öhdəliyi deməkdir. Lakin birmənalı olaraq, daha çox həcmlər olacaq”. Bununla da, ölkəmiz artıq təkcə fosil yanacaq (neft-qaz) tədarükçüsü deyil, həm də Avropanın gələcək karbon-neytral sənayesini qidalandıracaq “Yaşıl dəhliz”in əsas tərəfdaşına çevrilir.
Prezident Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən ölkəmizin infrastruktur imkanlarının (dəniz limanları, dəmir yolları) genişləndirilməsini geosiyasi reallıqların tələbi kimi qiymətləndirir. Burada verilən mesaj aydındır: dünyada təhlükəsiz dəhlizlərin sayı azaldığı bir dövrdə, Azərbaycan qonşuları və “qonşularının qonşuları” ilə qurduğu praqmatik balans sayəsində Avrasiyanın ən etibarlı tranzit qapısı olduğunu təsdiqləyir. Ermənistanla hər an alovlanması real görünən keçmiş münaqişənin bütün tarixi boyu belə ölkəmiz bu etibarı və təhlükəsizlik imicini yüksək səviyyədə qoruyub saxlaya bilib ki, bu da özlüyündə dünya miqyasında nadir nümunədir.
Yeri gəlmişkən, bəyanatın regional siyasi dinamikanı kökündən dəyişən hissəsi təbii ki, Ermənistanla sülh prosesi ilə bağlıdır. Prezidentin çıxışında ötən il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə Prezident Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyanat və sülh sazişi mətninin paraflanması ilə sülhun de-fakto qurulduğunu və onun artıq faydasının regionda hiss ediləcək qədər olduğu qeyd edildi. Amma indiyədək bu fayda əməli olaraq daha çox Azərbaycanın birtərəfli atdığı praqmatik və real addımlar hesabına təmin edilir. Ermənistan isə yalnız verdiyi pozitiv bəyanatlarla kifayətlənməkdədir. Belə ki, Ermənistana öz ərazimizdən yük daşınmasına münaqişə səbəbindən qoyulan 30 illik blokada tamamilə aradan qaldırılıb, ölkəmiz öz ərazisi ilə Ermənistana daşınan yüklərin sərbəst keçidini təmin etməklə yanaşı, özü də bu ölkənin neft məhsulları (xüsusən benzin və dizel) təchizatına başlayıb. Bu isə o deməkdir ki, Azərbaycanın öz resursları ilə Ermənistanın daxili bazarının enerji təhlükəsizliyinə birbaşa dəstək verməyə başlayıb və münaqişənin tamamilə unudulması, dayanıqlı sülhün bərqərar olması üçün bütün addımları atmağa hazırdır. Prezident İlham Əliyevin sözləri ilə desək: “Beləliklə, biz göstəririk ki, sülh bizim üçün artıq hiss olunan məfhumdur, onu hiss edə bilirik və sülh şəraitində yaşamağı öyrənirik. Torpaqlarımız 30 il ərzində işğal altında qalmışdı. Biz suverenliyimizi, ərazi bütövlüyümüzü güc və siyasi vasitələrlə bərpa etdik. Biz Ermənistana sülh təklif etmişik”.
Beləliklə, Azərbaycan Prezidenti sülhün kağız üzərində deyil, reallıqda mövcud olduğunu sübut etmək üçün birtərəfli şəkildə atılan humanist və strateji addımları qeyd etməklə ölkəmizin sülh tərəfdarı olduğuna şübhə yeri qoymur. Bu addımlar qalib dövlətin məğlub tərəfi iqtisadi cəhətdən özündən asılı vəziyyətə salması deyil, regionun lider ölkəsi kimi Cənubi Qafqazda daimi rifah mühiti yaratmaq, sülh quruculuğu təşəbbüsünü bütün məsuliyyəti ilə öz üzərinə götürməyin iradəsidir. 30 il ərzində torpaqları işğal altında qalan bir dövlətin indi işğalçı dövləti benzin və dizellə təmin etməsi, İlham Əliyevin siyasi müdrikliyinin və “sülh içində yaşamağı öyrənmək” fəlsəfəsinin ən ali təzahürüdür.
Elə məhz bu siyasi müdriklik fəlsəfəsinin yaratdığı inamın nəticəsidir ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen öz bəyanatında Aİ-nin sülh prosesini qəti şəkildə dəstəklədiyini bildirərək, səfərinin əsas məqsədlərindən birinin kağız üzərindəki sülhü bağlantılar vasitəsilə birlikdə real sülhə çevirmək olduğunu vurğuladı. Xanım prezident Aİ-nin “Qlobal Qapılar” Sərmayə Proqramı vasitəsilə Cənubi Qafqazda nəqliyyata, enerjiyə və rəqəmsal keçidlərə 200 milyon avroya qədər qrant şəklində sərmayə yatırılacağını, bu sərmayənin dövlət və özəl sərmayələr formasında 2 milyard avroya qədər artma potensialının olduğunu qeyd edərək, Naxçıvandan keçən dəmir yolu bağlantısı və ya Bakı limanının inkişaf etdirilməsi kimi layihələrə maraq göstərdiklərini ifadə etdi. Bundan başqa, Aİ regionda sülhün bərqərar olmasına və inkişafına da ayrıca 20 milyon avro ayırmaqla bağlı proqrama malikdir.
Aİ-nin icra qurumlarının Azərbaycana artan marağı və bu praqmatik layihələrinin əsas səbəbi elə Avropa Komissiyası Prezidentinin öz çıxışında göstərildi: “Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biridir. Onun strateji əhəmiyyəti artmaqda davam edir. Azərbaycan burada əsas rol oynaya bilər. Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Məhz buna görə biz Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılmasını təklif edirik”.
Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin, eləcə də xanım Ursula Fon der Lyayenin bəyanatlarında səsləndirdikləri fikirlər sübut edir ki, Azərbaycan artıq Cənubi Qafqaz miqyasından çıxaraq, Avropa Komissiyasının da qəbul etdiyi kimi, Böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi coğrafiyasının əsas qərb qapısına çevrilib. Bu baxımdan prezidentlərin son görüşü Aİ ilə münasibətləri daha da möhkəmləndirərkən, Cənubi Qafqazı haqsız ərazi iddialarından xali, əbədi sülhün təmin edildiyi regiona çevirmək yolunda növbəti zirvə görüşü kimi qəbul etmək mümkündür.
Elman Cəfərli,
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent