06 iyul 2026 19:49
73

Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni inkişaf mərhələsi

1 iyul 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu xüsusi qeyd edib. Dövlət başçısı bildirib ki, cari ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, may ayında isə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfərləri, eləcə də Avropa Komissiyasının Prezidentinin Bakıya gəlişi tərəflər arasında siyasi dialoqun intensiv xarakter aldığını və qarşılıqlı etimadın daha da möhkəmləndiyini göstərir.

Ölkə başçısı bildirib ki, Azərbaycan Avropa Komissiyası ilə münasibətləri strateji əhəmiyyət daşıyan tərəfdaşlıq kimi qiymətləndirir. Keçirilən görüşlər zamanı enerji təhlükəsizliyi, ticarət, nəqliyyat, bərpaolunan enerji, regional təhlükəsizlik və Cənubi Qafqazda sülh gündəliyi daxil olmaqla geniş məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Dövlət başçısının sözlərinə görə, münasibətlərdə müşahidə olunan dinamika hər iki tərəfin əməkdaşlığın daha da genişləndirilməsinə dair siyasi iradəsini əks etdirir.

Bəyanatda iqtisadi əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Prezident İlham Əliyev bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ölkənin xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu Avropa İttifaqına üzv dövlətlərin payına düşür. Eyni zamanda, Cənubi Qafqaz regionunda Avropa İttifaqının həyata keçirdiyi ticarətin təxminən 70 faizi Azərbaycanın payına düşür ki, bu da ölkəmizin regionun aparıcı iqtisadi tərəfdaşı olduğunu təsdiq edir.

Enerji əməkdaşlığından danışan Prezident İlham Əliyev vurğulayıb ki, dörd il əvvəl imzalanmış “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” ikitərəfli münasibətlərdə mühüm dönüş nöqtəsi olub. Həmin vaxtdan etibarən Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracı təxminən 65 faiz artıb və hazırda ölkənin qaz ixracının yarısı Avropa bazarına yönəldilir. Bu gün Avropa İttifaqının on üzv dövləti Azərbaycan qazı ilə təmin olunur və gələcəkdə bu coğrafiyanın daha da genişləndirilməsi üçün mühüm potensial mövcuddur. Dövlət başçısı vurğulayıb ki, enerji təhlükəsizliyi müasir dövrdə milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib və Azərbaycan bu istiqamətdə etibarlı tərəfdaş kimi öz mövqeyini möhkəmləndirib.

Bəyanatda Prezident İlham Əliyev Cənub Qaz Dəhlizini Azərbaycan ilə Avropa arasında uğurlu strateji əməkdaşlığın ən parlaq nümunələrindən biri kimi dəyərləndirib. Onun sözlərinə görə, uzunluğu 3500 kilometr olan vahid boru kəməri sistemi Azərbaycanın enerji resurslarının Avropa bazarına təhlükəsiz və fasiləsiz çatdırılmasını təmin edir. Bununla yanaşı, Azərbaycan regional nəqliyyat və logistika layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına böyük sərmayələr yatırır. Yeni geosiyasi reallıqlar fonunda limanların, dəmir yolu infrastrukturunun və yükdaşıma imkanlarının genişləndirilməsi ölkənin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

Bəyanatda yaşıl enerji sahəsində əməkdaşlığın perspektivlərinə də geniş yer ayrılıb. Prezident bildirib ki, xarici və yerli şirkətlərlə imzalanmış müqavilələr əsasında yaxın beş-altı il ərzində Azərbaycanda ümumilikdə 8 giqavat həcmində günəş və külək enerjisi istehsal etmək mümkün olacaq. Bu layihələr ölkənin enerji potensialının şaxələndirilməsinə, ixrac imkanlarının genişlənməsinə və Avropa İttifaqı ilə bərpaolunan enerji sahəsində strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcək.

Dövlət başçısı çıxışında regional təhlükəsizlik və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə də toxunub. Qeyd edilib ki, ötən il Vaşinqtonda imzalanmış Birgə Bəyannamə və sülh sazişinin mətninin paraflanması regionda davamlı sülhün formalaşdırılması istiqamətində mühüm addım olub. Prezident vurğulayıb ki, Azərbaycan sülhün praktik nəticələrinin hiss olunması üçün öz ərazisindən Ermənistana yüklərin tranzitinə tətbiq olunan məhdudiyyətləri aradan qaldırıb, həmçinin Ermənistanın yanacaq təminatına dəstək göstərməyə başlayıb. Bu addımlar qarşılıqlı etimadın möhkəmləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.

Sonda cənab Prezident İlham Əliyev xüsusi bildirib ki, Azərbaycanın strateji məqsədi Cənubi Qafqazda uzunmüddətli və davamlı sülhün təmin olunması, regionun qarşıdurma və ərazi iddialarından tamamilə uzaq, əməkdaşlıq, tərəfdaşlıq və qarşılıqlı inkişaf məkanına çevrilməsidir. Dövlət başçısı Avropa Komissiyasının bu istiqamətdə göstərdiyi siyasi dəstəyi yüksək qiymətləndirdiyini bildirib və Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığın gələcək illərdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Bir sözlə Azərbaycanın təşəbbüsləri regional əməkdaşlığın dərinləşməsinə, münasibətlərin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaradır

Qadir İbrahimov,
YAP Culfa rayon təşkilatının sədri