11 fevral 2026 19:46
114

Regionda sülhü gücləndirəcək layihə

Azərbaycanla Amerika arasında münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Belə ki, ötən bir ildə Prezident İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında bir neçə dəfə həm ikitərəfli, həm də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində görüşlər keçirilib. Bu görüşlərdə həm Cənubi Qafqazla, həm də ikitərəfli münasibətlərlə bağlı bir çox razılaşmalar əldə edilib. Şübhəsiz, bu anlaşmalar içərisində ən mühümü Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi istiqamətində aparılan işlərin sürətlənməsi və Zəngəzur dəhlizi ilə bağlı praktiki nəticələri olan razılşmaların əldə olunmasıdır. Bu istiqamətdə artıq ciddi işlər görülüb. Xatırladaq ki, bu dəhlizin ABŞ-ın iştirakı ilə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adı altında açılması nəzərdə tutulur.

ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri çərçivəsində keçirilən bütün görüşlərdə TRIPP nəqliyyat dəhlizinin inkişafı ilə bağlı məsələlər diqqət mərkəzində olub. Hətta “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiya”sının imzalanma mərasimi də keçirilib. Bu sənədə əsasən, tərəflər 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq Azərbaycan Respublikasının əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi TRIPP-in əhəmiyyətini qəbul ediblər. Yeri gəlmişkən, Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması gələcəkdə iki ölkə arasında əməkdaşlığın daha da dərinləşəcəyinə dair ciddi siyasi iradəni də ortaya qoyub. 

Fevralın 10-da Prezident İlham Əliyev ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens ilə mətbuata birgə bəyanatında bildirib ki, TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq. Həm də bir daha vurğulayıb ki, o, nəinki Azərbaycanın iki hissəsini, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir: “Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir”. Prezident, həmçinin Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərin tamamilə yeni mərhələyə qədəm qoyduğunu da bildirib. Vitse-prezident Cey. Di. Vens öz növbəsində vurğulayıb ki, ABŞ-Azərbaycan münasibətləri dayanıqlıdır və xalqlarımız üçün böyük nəticələr verməkdə davam edəcək: “Düşünürəm ki, Prezident Trampın və Prezident Əliyevin rəhbərliyi ilə daha güclü və daha yaxşı münasibətlər qurulacaq”. “Bu, ABŞ Prezidentinin missiyasının və xarici siyasətinin özəyidir” deyən Vitse-prezident bu prosesdə Prezident İlham Əliyevin liderliyini və rəhbərliyini də yüksək dəyərləndirib. 

Qeyd edək ki, Azərbaycandan öncə Ermənistanda olan Vitse-prezident Cey. Di. Vens orada keçirilən mətbuat konfransında TRIPP fondunun yaradılacağını elan edib. Onun sözlərinə görə, bu fond sayəsində çoxlu sayda özəl kapital dəmir yollarının, boru kəmərlərinin tikintisinə cəlb olunacaq və regionun rifahı, eyni zamanda, sülh müqaviləsinin qüvvədə qalmasını gücləndirmək üçün qarşılıqlı əlaqənin qurulmasına şərait yaradacaq. Cey. Di. Vens, həmçinin TRIPP layihəsinin regiona tarixi transformasiya gətirəcəyini də vurğulayıb. Bildirib ki, layihə dünyanın bu bölgəsində ticarət, tranzit və enerji axınları baxımından tamamilə yeni bir qapı açacaq: “Bu, Ermənistanla qonşuları arasında misli görünməmiş əlaqələr yaradacaq. Bu, davamlı sülh üçün çox əladır, qarşılıqlı iqtisadiyyatları, enerji sektorlarını formalaşdırır və bölgənin davamlı bir sülhə sahib ola biləcəyi deməkdir”.

Göründüyü kimi, TRIPP bölgədə həm də sülhün bərqərar olunmasına hesablanmış bir layihədir. Bütün bunlar onu göstərir ki, Cənubi Qafqazda sülh Azərbaycanın və Amerika Birləşmiş Ştatlarının ortaq marağındadır. Bu mənada ABŞ Vitse-prezidentinin səfərinin Azərbaycan və Ermənistan arasında sülh prosesini daha da irəli aparacağı, eləcə də TRIPP-in həyata keçirilməsinə yeni çalarlar əlavə edəcəyi şübhəsizdir. Xatırladaq ki, ABŞ-ın Vitse-prezidenti fevralın 9-da İrəvanda olub, Ermənistanın Baş naziri Nikol Paşinyan və bu ölkənin Prezidenti Vaaqn Xaçaturyanla görüş keçirib.

Qvami Məhəbbətoğlu, “İki sahil”