Müasir dövrdə sürətlə inkişaf edən mühitdə avtomatlaşdırma və rəqəmsallaşmanın inteqrasiyası bir çox sahələrdə əsas amilə çevrilmişdir. Beynəlxalq DATA Korporasiyasının (IDC) hesabatına görə, rəqəmsal transformasiya üzrə qlobal xərclərin 2027-ci ilə qədər 3,9 trilyon dollara çatması gözlənilir. Hökumətlər, beynəlxalq təşkilatlar və çoxmillətli korporasiyalar iqtisadiyyatlar arasında maneələri aradan qaldıraraq prosesləri optimallaşdırmaq üçün səylə çalışırlar. Dünya İqtisadi Forumunun hesablamalarına görə, yaxın illərdə müxtəlif sənaye sahələrinin rəqəmsallaşdırılması qlobal ÜDM-ə 45 trilyon dollara qədər töhfə verə bilər. Bu isə rəqəmsal texnologiyaları mənimsəməyin iqtisadi dividendlərini ortaya qoyur. Bu sahədə daha böyük qarşılıqlı bağlantı naminə birgə səylər qlobal ÜDM-ni artırmaq potensialına malikdir və ümumi iqtisadi inkişaf yolunda mühüm addımdır.
Azərbaycan təcrübəsi
Azərbaycanın İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, eləcə də Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzi (4SİM Azərbaycan) ölkənin 2024-2030-cu illər üçün rəqəmsal iqtisadiyyat strategiyasını formalaşdırmaq istiqamətində addımlar atılar. Texnoloji tərəqqi və qlobal çağırışlara, eləcə də Azərbaycanın inkişaf dinamikasına uyğun hazırlanmış bu strategiya iqtisadiyyatı biznes, cəmiyyət və dövlət istiqamətləri üzrə hərtərəfli transformasiya etməyi hədəfləyir. Strategiyanın missiyası sahibkarlar, vətəndaş cəmiyyəti və dövlət qurumları arasında əlaqəni möhkəmləndirməklə çağırışlara cavab vermək üçün birgə və çevik qərar qəbuletməni təşviq etməkdir. Bundan əlavə, strategiya rəqəmsal iqtisadiyyata keçidi fonunda Azərbaycanın regional və beynəlxalq mövqeyini gücləndirməyi hədəfləyir.
Rəqəmsal transformasiya iqtisadiyyat üçün də yeni üfüqlər açır. Rəqəmsal hökumətə keçid konsepsiyasının əsas alətlərindən biri olan "mygov" rəqəmsal hökumət platforması üzrə istifadəçi bazası kəskin genişlənib. Platformaya həm veb, həm də mobil tətbiq üzərindən qoşulan vətəndaşların sayı 2 milyon nəfəri ötüb. Təkcə ötən il 1 milyondan çox vətəndaş platformada qeydiyyatdan keçib ki, bu da əvvəlki ilin sonu ilə müqayisədə iki dəfədən artıq artım deməkdir. Müntəzəm olaraq sistemə daxil olan və rəqəmsal xidmətlərdən istifadə edən aktiv istifadəçilərin sayı 800 min nəfərə çatıb. Platformada təqdim olunan rəqəmsal xidmətlərin sayı 400-ü ötüb. Onlardan 37-si tamamilə yenidən tərtib edilərək rəqəmsallaşdırılıb. Bu xidmətlərə müraciətlərin sayı ötən il 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 dəfədən çox artaraq 220 minə yaxınlaşıb. Bu rəqəmlər rəqəmsal həllərin artıq alternativ deyil, gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyini göstərir.
Rəqəmsal etimad mühitinin formalaşmasında "SİMA" biometrik rəqəmsal imza sistemi də mühüm rol oynayıb. Vətəndaşlar və sahibkarlar "SİMA Token" elektron imzasını onlayn sifariş etmək imkanı qazanıb. Sənəd dövriyyəsində çevikliyi artırmaq məqsədilə tətbiq edilən yeni QR paylaşım funksiyası isə imza səlahiyyətlərinin təhlükəsiz şəkildə, birdəfəlik əsasda digər şəxslərə yönləndirilməsinə imkan yaradıb. "SİMA"nın İnternet Vergi İdarəsi ilə inteqrasiyası nəticəsində daha 30-a yaxın elektron vergi xidmətindən "SİMA İmza" vasitəsilə istifadə mümkün olub, vahid vergi bəyannaməsinin təqdim edilməsi prosesi sadələşdirilib. Dövlət qurumlarının informasiya sistemlərinin "Hökumət buludu"na ("G-cloud") miqrasiyası da davam etdirilir. Bir sıra qurumların İT sistemləri tam şəkildə, digərlərinin isə qismən "G-cloud"a köçürülüb. Bu addımlar informasiya təhlükəsizliyinin gücləndirilməsi və xərclərin optimallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanda rəqəmsallaşma sahəsində əldə olunan nəticələr beynəlxalq səviyyədə də diqqətdən kənarda qalmayıb. BMT-nin 2025-ci il üzrə "Rəqəmsal və davamlı ticarətin asanlaşdırılması üzrə qlobal tədqiqatı"nda Azərbaycan kağızsız ticarət üzrə 2015-ci illə müqayisədə 37 faiz bəndi, sərhədlərarası kağızsız ticarət üzrə isə 50 faiz bənd irəliləyib. Ölkə icra performansına görə 7-ci mövqedə qərarlaşıb və regional təsnifat üzrə Şimal və Mərkəzi Asiya, eləcə də dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr arasında lider mövqe tutub.
Kibertəhlükəsizlik rəqəmsal dünyanın əsas çağırışına çevrilir
Rəqəmsallaşma sürət götürdükcə onun kölgə tərəfi də böyüyür – kibertəhdidlər gündəlik reallığa çevrilib. Bu risklər hər il daha mürəkkəb və daha təhlükəli xarakter alır. Əgər 2024-cü ildə Azərbaycana qarşı əsasən "Ransomware" tipli hücumlar üstünlük təşkil edirdisə – yəni sistemlərin fəaliyyəti bloklanaraq onların bərpası üçün pul tələb olunurdusa – 2025-ci ildə mənzərə dəyişib. İndi daha çox APT (Advanced Persistent Threat), yəni dövlət dəstəkli, uzunmüddətli və hədəflənmiş kiberhücumlar ön plana çıxır.
APT qrupları adətən dövlət qurumları, iri müəssisələr və strateji əhəmiyyət daşıyan təşkilatları hədəf alır. Yüksək peşəkarlığa, ciddi maliyyə resurslarına və ən müasir texnoloji vasitələrə malik bu qruplar çox vaxt müəyyən ölkələrin maraqlarına xidmət edir. Onların məqsədi təkcə sistemləri sıradan çıxarmaq deyil, həm də kritik informasiyaları ələ keçirmək, məlumat axınlarını manipulyasiya etmək və hətta subliminal mesajlar vasitəsilə psixoloji təsir göstərməkdir.
Bu gün kibercinayətkarlar hücumların təsir gücünü artırmaq üçün süni intellektdən fəal şəkildə istifadə edirlər. Daha inandırıcı fişinq məktubları, hiper-realistik saxta audio və video materiallar – "deepfake" texnologiyaları artıq kiberhücumların adi alətinə çevrilib. Süni intellekt zərərli proqram təminatının hazırlanmasında da demək olar ki, inqilab yaradıb. Öz kodunu mühitə uyğunlaşdıran, "mutasiya" edə bilən və canlı orqanizm kimi təkamül edən proqramlar artıq reallıqdır. Belə təhdidlərə qarşı effektiv mübarizə isə paradoksal olaraq yenə də süni intellekt əsaslı həllərdən keçir. Süni intellekt kibertəhlükəsizlik sistemlərinin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir, hücumların daha erkən mərhələdə aşkarlanmasına və onlara daha sürətli, daha dəqiq reaksiya verilməsinə şərait yaradır.
Bu kontekstdə ötən il Azərbaycanda atılan ən mühüm addımlardan biri "Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası"nın təsdiq edilməsi olub. Strategiya çərçivəsində ölkədə süni intellekt üzrə kadr potensialını formalaşdırmaq və rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə Süni İntellekt Akademiyası ("AI Academy") yaradılıb. Akademiyanın tədris proqramları beynəlxalq standartlara uyğun hazırlanıb və dünyanın aparıcı universitetlərinin təcrübəsinə əsaslanır. Qlobal elmi mühitə inteqrasiya bu qurumun əsas prioritetlərindəndir. Bu məqsədlə MIT, Kaliforniya Universiteti, Karnegi Mellon, Harvard və Stanford universitetlərinin professor və alimlərinin akademiyada qonaq mühazirəçi qismində iştirakı nəzərdə tutulur.
Süni intellektin tətbiqi dərinləşdikcə proseslər daha mürəkkəbləşir və bu, daha böyük hesablama güclərinə olan tələbatı artırır. Məhz bu ehtiyacı qarşılamaq məqsədilə ötən il ölkədə Superkompüter Mərkəzi yaradılıb. Mərkəz əsasən innovasiya subyektləri, biznes strukturları və dövlət layihələri üçün nəzərdə tutulub. Burada "NVIDIA H200 GPU" çipləri əsasında qurulmuş, adi kompüterlərdən dəfələrlə güclü olan yüksək performanslı hesablama sistemləri yerləşdirilib. GPU əsaslı bu infrastruktur böyükhəcmli məlumatların emalını və süni intellekt modellərinin yüksək sürətlə işləməsini təmin edir. Nəticədə yerli süni intellekt layihələrinin xarici resurslardan asılı olmadan ölkə daxilində inkişaf etdirilməsi mümkün olur. Hazırda Mərkəzin imkanlarını genişləndirmək üçün yeni GPU çiplərinin alınması istiqamətində işlər davam etdirilir.
Sevinc Azadi, “İki sahil”