11 fevral 2026 11:00
156

ASAN: İnnovasiya ilə gələcəyi qurur, XİDMƏT KEYFİYYƏTİNİ İNKİŞAF ETDİRİR - MÜSAHİBƏ

ASAN İnnovativ İnkişaf Mərkəzi dövlət və özəl sektorda insan kapitalının inkişafı, idarəetmə və xidmət mədəniyyətinin gücləndirilməsi sahəsində aparıcı platformadır. Mərkəzin rəhbəri Aysel Cəbrayılova “İki sahil”ə müsahibəsində qurumun fəaliyyəti, əldə etdiyi uğurları və gələcək hədəfləri barədə danışır, strateji məqsədləri oxucularla paylaşır.


 
-ASAN İnnovativ İnkişaf Mərkəzi nə məqsədlə yaradılıb?

-ASAN İnnovativ İnkişaf Mərkəzi 2021-ci ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir. Mərkəzin yaradılmasında əsas məqsəd “ASAN xidmət” modelinin formalaşdırdığı peşəkarlıq, yüksək xidmət keyfiyyəti, şəffaflıq və vətəndaşyönümlü idarəetmə prinsiplərini dövlət və özəl sektorda insan kapitalının inkişafına sistemli şəkildə tətbiq etməkdir.
Bu məqsədlə ASAN İnnovativ İnkişaf Mərkəzi kadrların idarəetmə, liderlik, kommunikasiya və xidmət mədəniyyəti sahələrində bilik və bacarıqlarının artırılmasına, müasir idarəetmə yanaşmalarının təşviqinə və institusional potensialın gücləndirilməsinə yönəlmiş fəaliyyət həyata keçirir. Eyni zamanda, Mərkəz innovativ təlim proqramları, inkişaf yönümlü layihələr və peşəkar platformalar vasitəsilə dövlət və özəl sektor arasında bilik və təcrübə mübadiləsinin genişləndirilməsinə töhfə verir.

 -Mərkəz yaradıldıqdan sonra ölkədə hansı sahələrdə uğurlara imza atıb və indiyə qədər hansı layihələri və təlimləri həyata keçirib?

 -ASAN İnnovativ İnkişaf Mərkəzi fəaliyyətə başladığı dövrdən etibarən ölkədə insan kapitalının inkişafı, peşəkar idarəetmə mədəniyyətinin təşviqi və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm nəticələr əldə edib. Bu müddət ərzində Mərkəz tərəfindən 30 000-dən artıq iştirakçını əhatə edən 650-dən çox təlim və inkişaf yönümlü proqram həyata keçirilib.
Təlim proqramları əsasən şəxsi və peşəkar inkişaf, idarəetmə və liderlik bacarıqları, effektiv kommunikasiya, vətəndaş məmnuniyyəti, xidmət keyfiyyəti, emosional intellekt, stressin idarə olunması və dəyişikliklərin effektiv idarə edilməsi ilə yanaşı, süni intellekt savadlılığı, rəqəmsal kompetensiyaların artırılması və müasir texnoloji alətlərin praktiki tətbiqi  kimi istiqamətləri də əhatə edib. Bu proqramlar həm dövlət, həm də özəl sektor nümayəndələrinin bilik və bacarıqlarının müasir dövrün tələblərinə uyğun şəkildə hərtərəfli inkişafına xidmət edib.
Mərkəzin əsas layihələri sırasında öncəliklə “Vətəndaş məmnuniyyətində ASAN modeli” təlim proqramı, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və peşəkar idarəçilik irsinə həsr olunmuş “Peşəkar 100 il” idarəçilik marafonu, “İnsan Resursları və İdarəetmə Forumu”, eləcə də “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilmiş “ZİRVƏ – Zəfər idarəçisinin rəhbərlik vizyonu və ənənələri” layihəsi xüsusi yer tutur. Həmçinin Milli Mətbuat Günü münasibətilə təşkil edilmiş təlim xarakterli tədbirlər Mərkəzin fəaliyyət spektrini daha da genişləndirib. Qeyd olunan tədbir və proqramlarda iştirakçı məmnuniyyətinin 96,4 faiz səviyyəsində ölçülməsi təqdim olunan təlimlərin yüksək keyfiyyətini və praktik əhəmiyyətini təsdiqləyir.

İnnovativ texnologiyalar sahəsində fəaliyyətin genişləndirilməsi məqsədilə Blokçeyn Təlim Mərkəzi yaradılıb. “İnnovasiyalar Mərkəzi”, “Bilişim Vadisi Bakı” və “PAŞA Bank” ASC-nin birgə təşəbbüsü ilə təsis olunan bu mərkəzin əsas məqsədi qabaqcıl blokçeyn texnologiyaları və kriptovalyutalar üzrə təlimlərin təşkili, eləcə də fərdlərin və qurumların inkişafına dəstək məqsədilə müvafiq sahədə konsultasiya xidmətlərinin göstərilməsidir. Blokçeyn Təlim Mərkəzi eyni zamanda təcrübə mübadiləsi üçün aparıcı platforma rolunu oynayaraq bu sahəyə maraq göstərən həvəskarları və peşəkarları müasir resurslar, şəbəkələşmə imkanları və sənayenin ən son yenilikləri ilə təmin edir.
Eyni zamanda, rəqəmsal transformasiya istiqamətində ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən ölkədə süni intellekt sahəsində bilik və bacarıqların artırılması məqsədilə “AI Zone” adlı praktik təlim məkanı yaradılıb. Bu çərçivədə keçirilən təlimlər müxtəlif sahələr üzrə peşəkarlar, media nümayəndələri, təhsil işçiləri, dövlət və özəl sektor qurumlarının rəhbər və məsul əməkdaşları, gənc mütəxəssislər, eləcə də süni intellekt sahəsinə maraq göstərən bütün vətəndaşlar üçün açıq şəkildə həyata keçirilir.
Bakı və Şuşa şəhərləri ilə yanaşı, Göyçay və Şəki də daxil olmaqla ölkənin müxtəlif regionlarında təşkil olunan təlimlər bu günədək 2000-dən çox vətəndaşı əhatə edib və proqram iştirakçılar arasında yüksək maraq yaradıb.
Bununla yanaşı, ASAN İnnovativ İnkişaf Mərkəzi beynəlxalq əməkdaşlıq istiqamətində də fəaliyyətini genişləndirir. Bu çərçivədə Mərkəzin fəaliyyəti Özbəkistan və Pakistanın dövlət xidmətləri sahəsində fəaliyyət göstərən müvafiq qurumlarının nümayəndə heyətlərinə təqdim edilib, onlar üçün müasir liderlik mövzusunda xüsusi təlimlər təşkil olunub. Bu təşəbbüslər Mərkəzin formalaşdırdığı təcrübənin beynəlxalq səviyyədə paylaşılmasına və qarşılıqlı bilik mübadiləsinin gücləndirilməsinə xidmət edir.

-ASAN təcrübəsinin innovativ və yeni təlim metodları ilə birləşdirilməsi kadrların peşəkarlıq səviyyəsinə necə təsir edib?

 -ASAN İnnovativ İnkişaf Mərkəzi təlim yanaşmasında klassik və passiv öyrənmə modellərindən kənara çıxaraq “Points of You”, “Boyatzis” modeli, “LEGO Serious Play” və “Body Game” kimi beynəlxalq səviyyədə tanınmış innovativ metodologiyalardan sistemli şəkildə istifadə edir. Bu metodlar ASAN təcrübəsinin formalaşdırdığı vətəndaşyönümlü, nəticə əsaslı yanaşma ilə birləşdirilərək təlim prosesinin daha dərin və təsirli olmasını təmin edir.
Tətbiq olunan yanaşmalar iştirakçıların yalnız nəzəri bilik əldə etməsinə deyil, eyni zamanda özünüdərk, davranış dəyişikliyi, şüurlu qərarvermə və situativ düşünmə bacarıqlarının inkişafına fokuslanır. Təlim prosesi iştirakçıları aktiv düşünməyə, mövcud yanaşmalarını sorğulamağa və real iş mühitində qarşılaşdıqları çağırışlara uyğun praktik həllər formalaşdırmağa təşviq edir. Praktiki tapşırıqlar, interaktiv müzakirələr və simulyativ fəaliyyətlər vasitəsilə komanda işi, ünsiyyət, liderlik və strateji düşünmə bacarıqları real kontekstlərdə sınanır və möhkəmləndirilir.
Eyni zamanda, beynəlxalq təcrübəyə əsaslanan bu müasir metodoloji alətlərin Mərkəzin fəaliyyətinə inteqrasiyası iştirakçıların yaradıcı potensialının üzə çıxarılmasına, çevik düşünmə vərdişlərinin formalaşmasına və peşəkar davranış modellərinin inkişafına mühüm töhfə verir. Nəticə etibarilə, bu yanaşma təlimləri qısamüddətli bilik ötürülməsindən çıxararaq uzunmüddətli, dayanıqlı bacarıq və davranış formalaşdıran effektiv inkişaf alətinə çevirir.

-Mərkəzin fəaliyyətinin dövlət və özəl qurumlarda institusional bacarıqların gücləndirilməsinə konkret təsirlərindən nümunələr verə bilərsinizmi?

 -ASAN İnnovativ İnkişaf Mərkəzinin həyata keçirdiyi təlim proqramları nəticəsində həm dövlət, həm də özəl sektorda rəhbər və mütəxəssislərin idarəetmə intizamı, strateji düşünmə və qərarvermə bacarıqları əhəmiyyətli dərəcədə güclənib. Xüsusilə son dövrdə keçirilən süni intellekt mövzulu təlimlər iştirakçıların texnoloji yenilikləri yalnız nəzəri səviyyədə deyil, gündəlik iş proseslərində tətbiq etmək bacarıqlarını artırıb. Bu təlimlər nəticəsində məlumatla işləmə, proseslərin optimallaşdırılması və qərarvermədə analitik yanaşmalar daha geniş şəkildə istifadə olunmağa başlayıb.
Praktik nümunə olaraq, süni intellekt təlimlərində iştirak etmiş bəzi qurumlarda hesabatların hazırlanması, məlumatların təhlili və daxili kommunikasiya proseslərinin daha çevik və səmərəli təşkil edildiyini müşahidə etmək olar. Xidmət göstərən strukturlarda isə vətəndaş müraciətlərinə yanaşmada daha operativ və fərdi ehtiyaclara əsaslanan yanaşmalar formalaşıb ki, bu da ümumi xidmət keyfiyyətinə müsbət təsir göstərib.
Sevindirici haldır ki, süni intellekt mövzulu təlimlərdən sonra iştirakçılar tərəfindən bu texnologiyaların doğru istiqamətdə və məqsədyönlü istifadəsinə dair müsbət rəylər daxil olur. İştirakçılar qeyd edirlər ki, əldə etdikləri biliklər süni intellekt alətlərindən etik çərçivədə, təhlükəsizlik prinsipləri nəzərə alınmaqla və real iş ehtiyaclarına uyğun şəkildə istifadə etməyə imkan yaradır. Bu yanaşma gündəlik iş proseslərinin daha səmərəli təşkili, məlumatların təhlilində çevik qərarvermə və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi baxımından əhəmiyyətli rol oynayır.
Bütövlükdə, ASAN İnnovativ İnkişaf Mərkəzinin həyata keçirdiyi təlim və inkişaf proqramları həm dövlət, həm də özəl sektorda yalnız bilik və bacarıqların artırılması ilə məhdudlaşmır, eyni zamanda idarəetmə yanaşmalarının, təşkilati mədəniyyətin və işgüzar davranış modellərinin yenilənməsinə real töhfə verir. Komanda işi, əməkdaşlıq və dəyişikliklərə adaptasiya kimi mühüm institusional dəyərlərin möhkəmlənməsi bu fəaliyyətlərin uzunmüddətli və dayanıqlı təsirini aydın şəkildə nümayiş etdirir. Bu yanaşma Mərkəzin insan kapitalının inkişafına strateji baxışla töhfə verən etibarlı platforma kimi formalaşdığını bir daha təsdiqləyir.

-İctimaiyyət və sahibkarlarla əməkdaşlıq sahəsində hansı uğurlu təşəbbüslər həyata keçirilib və onların nəticələri necə qiymətləndirilir?

 -ASAN İnnovativ İnkişaf Mərkəzi fəaliyyətində ictimaiyyət və sahibkarlarla açıq və inklüziv əməkdaşlığa xüsusi önəm verir. Bu istiqamətdə Mərkəz müxtəlif dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri, sahibkarlar, təhsil müəssisələrinin rəhbərləri və müxtəlif peşə sahibləri üçün açıq tədbirlər, tematik təlimlər və ustad dərsləri təşkil edib. Xüsusilə geniş auditoriyanı əhatə edən bu tədbirlərdə minlərlə iştirakçının iştirakı təmin olunub. Bu təşəbbüslər Mərkəzin formalaşdırdığı təlim və inkişaf modelinin daha geniş auditoriyaya çatdırılmasına, xidmət mədəniyyətinin və peşəkar yanaşmaların cəmiyyətə yayılmasına mühüm töhfə verib.
İctimaiyyət üçün həyata keçirilən təşəbbüslər sırasında hər kəs üçün açıq və ödənişsiz ustad dərsləri, eləcə də süni intellekt mövzusunda təşkil olunan təlimlər xüsusi yer tutur. Bu təlimlər vətəndaşların müasir texnologiyaları daha yaxşı anlamasına, süni intellektdən doğru və məsuliyyətli şəkildə istifadə bacarıqlarını formalaşdırmasına və onları gələcəyin iş mühitinin tələblərinə indidən hazırlamağa xidmət edir. Açıq formatda təşkil olunan bu proqramlar cəmiyyətdə ömürboyu öyrənmə mədəniyyətinin təşviqinə də mühüm töhfə verir.
Sahibkarlarla əməkdaşlıq istiqamətində isə ASAN TV-də yayımlanan “İnkişafdasan” verilişi xüsusi qeyd olunmalıdır. Veriliş çərçivəsində müxtəlif sahələri təmsil edən ekspertlərlə sahibkarlıq, idarəetmə, innovasiya və inkişaf mövzularında təcrübə mübadiləsi aparılıb və bu müzakirələr sosial media platformaları vasitəsilə geniş auditoriyaya təqdim olunub. Nəticə etibarilə, “İnkişafdasan” layihəsi 1 milyon 500 min nəfərdən artıq izlənmə əldə edərək sahibkarlar və geniş ictimaiyyət arasında böyük maraqla qarşılanıb.
Bütün bu təşəbbüslər nəticəsində ASAN İnnovativ İnkişaf Mərkəzinin yanaşması yalnız müəyyən auditoriya ilə məhdudlaşmayan, ictimaiyyət və iş mühiti tərəfindən qəbul edilən, etibarlı və davamlı bir inkişaf və təlim modeli kimi möhkəmlənib.

 -Mərkəzin təqdim etdiyi ödənişsiz təlim paketləri iştirakçılar və təşkilatlar üçün real fayda göstəribmi? Bu təcrübəni necə ölçürsünüz?

 -ASAN İnnovativ İnkişaf Mərkəzinin təqdim etdiyi ödənişsiz təlimlərin effektivliyi sistemli yanaşma əsasında qiymətləndirilir. Bu proses iştirakçı rəylərinin toplanması, məmnunluq göstəricilərinin ölçülməsi, eləcə də təlimlərdən sonra təkrar müraciətlərin sayının təhlili yolu ilə həyata keçirilir. Aparılan ölçmələr göstərir ki, bu proqramlar yalnız nəzəri biliklərin ötürülməsi ilə məhdudlaşmır, eyni zamanda həm fərdi səviyyədə peşəkar bacarıqların inkişafına, həm də təşkilati səviyyədə iş proseslərinin təkmilləşdirilməsinə real və ölçülə bilən töhfə verir.
 Burada xüsusi olaraq vurğulanmalıdır ki, təlimlərin ödənişsiz əsasda təşkil olunması onların keyfiyyətinə heç bir şəkildə təsir etmir. Təlim məzmunu, tətbiq edilən metodologiyalar, praktiki yanaşma və ekspert heyəti baxımından bu proqramlar ödənişli təlimlərdə təqdim olunan keyfiyyət standartları ilə tam uyğunluq təşkil edir. Bu yanaşmanın ən bariz göstəricilərindən biri təlimlərdən sonra qurumların Mərkəzə yenidən müraciət etməsi, eləcə də minlərlə iştirakçının proqramlardan davamlı şəkildə yararlanmasıdır. Sevindirici haldır ki, elə vətəndaşlar var ki, ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyətində daimi iştirak edirlər və müxtəlif mövzular üzrə təşkil olunan ödənişsiz təlimlərdə mütəmadi şəkildə iştirak etməyə üstünlük verirlər. Bu fakt bir daha göstərir ki, təlimlər real ehtiyaclara cavab verir və iştirakçılar əldə etdikləri bilik və bacarıqlardan praktik fayda görürlər. Ümumilikdə, davamlı maraq və təkrar iştirak göstəriciləri Mərkəzin əsas prinsipini aydın şəkildə təsdiqləyir: keyfiyyət ödənişlə deyil, düzgün yanaşma, peşəkar məzmun və real dəyər yaratmaqla ölçülür.

-Fəaliyyətiniz müddətində qarşılaşdığınız əsas çətinliklər nələr olub və onları necə aradan qaldırmısınız?

-Ölkədə təlim ənənəsinin geniş yayılması fonunda fəaliyyətin ilkin dövrlərində təqdim olunan yanaşmanın keyfiyyət və real nəticə yaradacağına dair auditoriyada tam inamın formalaşdırılması müəyyən çətinliklər yaradırdı. Lakin zamanla əldə olunan praktik nəticələr, iştirakçı məmnuniyyətinin yüksək səviyyədə olması və qurumların Mərkəzə təkrar müraciətləri ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyətinə xüsusi etibarın formalaşmasına səbəb olub. Bu gün artıq Mərkəzin təqdim etdiyi təlimlər nəticəyönümlü, etibarlı və praktik dəyər yaradan bir model kimi qəbul edilir.
Hazırda əsas çətinliklərdən biri ənənəvi, daha çox nəzəri yanaşmalara öyrəşmiş auditoriyanın innovativ təlim metodlarına ilkin adaptasiyası olub. Xüsusilə ilk mərhələdə iştirakçıların yeni formatlara, interaktiv tapşırıqlara, müzakirə əsaslı yanaşmaya və praktiki tətbiqlərə alışması müəyyən vaxt tələb edib. Bu çətinlik təlim məzmununun mərhələli şəkildə yenidən qurulması, real iş situasiyalarına əsaslanan praktiki nümunələrin artırılması, iştirakçıların prosesə aktiv şəkildə cəlb edilməsi və geribildirim mexanizmlərinin gücləndirilməsi ilə ardıcıl olaraq aradan qaldırılıb. Nəticədə auditoriyanın yeni yanaşmalara adaptasiyası sürətlənib və təlimlərin effektivliyi nəzərəçarpacaq dərəcədə yüksəlib.
Digər əsas çətinlik isə geniş və müxtəlif profilli auditoriya üçün vahid keyfiyyət standartının qorunması olub. Fərqli bilik səviyyəsinə, təcrübəyə və institusional mühitə malik iştirakçılar üçün eyni dərəcədə effektiv və faydalı təlim təmin etmək xüsusi yanaşma tələb edib. Bu məsələ peşəkar, sahə üzrə ixtisaslaşmış və vahid metodologiya əsasında çalışan təlimçi komandası formalaşdırılmaqla həll olunub. Təlimçilər arasında məzmun uyğunluğu, metodiki ardıcıllıq və keyfiyyətə nəzarət mexanizmləri yaradılaraq bütün proqramlar üzrə stabil və yüksək standart təmin edilib. Bu yanaşma nəticəsində həm kütləvi, həm də hədəfli auditoriyalar üçün eyni səviyyədə keyfiyyətli və nəticəyönümlü təlim mühiti formalaşıb.

 -Gələcəkdə Mərkəzin yeni layihələri hansı sahələrdə innovasiyaya xidmət edəcək və 5 illik fəaliyyətinizdən əldə etdiyiniz dərslər bu planlarda necə nəzərə alınacaq?

 -Son beş illik fəaliyyətimiz göstərdi ki, təlim və inkişaf sahəsində real nəticə yalnız praktikaya əsaslanan, ölçülə bilən və konkret ehtiyaclara cavab verən yanaşmalarla əldə olunur. Bu müddət ərzində müxtəlif sektorları təmsil edən minlərlə iştirakçı ilə işləmək bizə kadr ehtiyaclarını, institusional boşluqları və dəyişən iş mühitinin real tələblərini daha dəqiq görməyə imkan verib. Eyni zamanda, formalaşmış etibar mühiti və davamlı maraq Mərkəzin fəaliyyətinin düzgün istiqamətdə qurulduğunu təsdiqləyir.
Məhz bu təcrübəyə əsaslanaraq, qarşıdakı dövrdə ASAN İnnovativ İnkişaf Mərkəzi yeni layihələrini idarəetmədə innovativ yanaşmaların tətbiqi, liderlik və dəyişikliklərin idarə olunması, süni intellekt və rəqəmsal həllərin iş proseslərinə düzgün inteqrasiyası, eləcə də xidmət keyfiyyətinin ölçülməsi və davamlı təkmilləşdirilməsi istiqamətlərində formalaşdırmağı planlaşdırır. Yeni təşəbbüslərdə əsas diqqət nəzəri biliklərdən daha çox, real iş mühitində tətbiq oluna bilən bacarıqların inkişafına yönələcək. Eyni zamanda, fəaliyyət müddətində əldə etdiyimiz dərslər bizə göstərdi ki, effektiv təlim modeli yalnız məzmunla deyil, yanaşma ilə ölçülür. Bu səbəbdən gələcək layihələrdə daha çevik formatlara, açıq və inklüziv platformalara, fərqli auditoriyalar üçün uyğunlaşdırılmış inkişaf proqramlarına üstünlük veriləcək. Həm fərdi, həm də institusional səviyyədə ölçülə bilən nəticə yaradan modellər əsas prinsip olaraq qorunacaq. Bu yanaşma nəticəsində işgüzar şəxsləri, gənc mütəxəssisləri və şəxsi inkişafında maraqlı olan bütün vətəndaşları yeni layihələr, silsilə tədbirlər və daha interaktiv inkişaf imkanları gözləyir.
Geniş və formalaşmış auditoriyamız sayəsində əminik ki, qarşıdakı mərhələdə də hər bir işgüzar şəxsin və vətəndaşın inkişafına real şəkildə toxunan, uzunmüddətli dəyər yaradan bir fəaliyyət ortaya qoyacağıq.

Yaqut Ağaşahqızı, “İki sahil”