11 fevral 2026 09:43
161

Dünya Bankı qaz sızmalarının qarşısını almaq üçün maliyyə dəstəyi göstərəcək

Bu qurumla əməkdaşlıq ölkəmizə yeni iqtisadi dividend qazandırır

Dünya Bankı ölkəmizdə daha bir layihəyə dəstək olmağa hazırlaşır. Belə ki, bu nüfuzlu beynəlxalq maliyyə qurumu Azərbaycanda «Azerigas Gas Leak Detection and Repair Facility» adlı qaz sızmalarının aşkarlanması üzrə layihəyə dəstək olmaq imkanını nəzərdən keçirir. Həmin layihənin məqsədi SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyi (İB) tərəfindən idarə olunan qazpaylayıcı şəbəkədə sızmalar nəticəsində yaranan metan emissiyalarını azaltmaq, həmçinin şirkətin aktivlərin idarə olunması sahəsində potensialını gücləndirməkdir.

Qeyd edək ki, layihənin maliyyələşdirmə həcmi 15 milyon ABŞ dolları təşkil edir  və cari ilin aprelin 23-də onun təsdiq olunması planlaşdırılır.  Qrantın alıcısı və qrant hesablarının sahibi SOCAR olacaq.  «Azəriqaz İB isə yeganə benefisiar və layihənin gündəlik icrasına və idarə olunmasına cavabdeh icraçı qurum qismində çıxış edəcək. Metan emissiyalarının mərhələli şəkildə ixtisarı məqsədilə qaz sızmalarının aşkarlanması və təmiri üzrə razılaşdırılmış tədbirlər üçün vəsaitlər SOCAR-dan Birliyə ötürüləcək.

Bankın sözügedən layihəsi Bakıda qaz sızmaları üzrə baza səviyyəsinin formalaşdırılmasına dair «Azəriqaz»ın pilot proqramının təcrübəsinə əsaslanmaqla İB  tərəfindən təklif ediləcək və icra ediləcək. Dünya bankının məlumatına görə, ilkin mərhələdə və sonrakı dövrlərdə vəsaitlər OGMP 2.0 standartına uyğun olaraq emissiyaların monitorinqi, hesabatlılıq və verifikasiya sahəsində «Azəriqaz» İB-nın potensialının inkişafına yönəldiləcək.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankı ilə əməkdaşlıq edir. Bu tarixdən qurum ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinə, infrastrukturun inkişafına, dövlət idarəçiliyi və sosial təkmilləşdirməyə yönəlmiş investisiya layihələrinə dəstək göstərib. Ümumilikdə bankın kredit vəsaitləri hesabına indiyədək Azərbaycanda ümumi məbləği 5,2 milyard ABŞ dolları olan 54 layihə həyata keçirilib.

Bundan başqa,  ölkəmiz potensialın artırılması və əsas sektorlarda islahatların həyata keçirilməsi üçün Dünya Bankının müxtəlif məsləhət və texniki yardım proqramlarından istifadə edilib. Yən, son on illiklərdə bank tərəfindən ölkəmizdə reallaşdırılan 115-dən artıq texniki yardım və bir çox istiqamətlərdə qrant layihələrinə  təxminən 30 milyon dollardan artıq vəsait ayrılıb. Ölkəmizin önəmli təfdaşlarından olan Dünya Bankının maliyyə dəstəyi ilə nəqliyyat, sosial, su təchizatı və irriqasiya, kənd təsərrüfatı, ətraf mühit, ədliyyə və digər sahələrdə həyata keçirilən layihələr arasında iqtisadiyyatın inkişafı, iqtisadi islahatların həyata keçirilməsi və dayanıqlı infrastrukturun təmin olunması istiqamətində  əhəmiyyətli işlər görülüb.

Dünya Bankının  respublikamızda maliyyələşdirdiyi «Bərpa Olunan Enerji Mənbələrindən İstifadənin Genişləndirilməsi» (AZURE) layihəsi çərçivəsində tikilən günəş və külək elektrik stansiyaları ölkənin enerji sisteminə inteqrasiya olunmaqla dayanıqlı enerji infrastrukturunun inkişafını təmin edir. Həmçinin «Regional yollar və inkişaf» layihəsi isə regionlararası nəqliyyat bağlantılarını gücləndirərək ümumi iqtisadi fəallığın canlanmasına imkan yaradır.

Digər önəmli  məsələ isə bankın maliyyəsi hesabına reallaşdırılan «Məşğulluğa dəstək «layihəsi və onun əlavə maliyyələşdirilməsi təşəbbüsləri isə işsiz əhalinin məşğulluq imkanlarının genişləndirilməsini və işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanı dəstəkləyir. 2025–2029-cu illər üzrə yeni Ölkə Əməkdaşlıq Strategiyası çərçivəsində tərəfdaşlıq ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsallaşma, enerji səmərəliliyi, su təchizatı və işğaldan azad edilmiş ərazilərin bərpası kimi strateji sahələri əhatə edir. Bütün bunlara rəğmən demək olar ki, Dünya Bankı ilə əməkdaşlıq ölkəmizin dayanıqlı iqtisadi inkişaf hədəflərinə çatmasına yeni imkanlar yaradır.

Elçin Zaman, "İki sahil"