09 iyun 2025 19:04
97

Şotlandiyada avtobus sürücüləri altı həftəlik tətilə başlayıb

Şotlandiyada fəaliyyət göstərən “Stagecoach” şirkətinə məxsus avtobus sürücüləri maaş artımı ilə bağlı davam edən mübahisə fonunda altı həftəlik tətilə başlayıblar.

"İki sahil" BBC-yə istinadla xəbər verir ki, Ayr, Arran, Ardrossan və Kilmarnokda çalışan 400-dən çox sürücü 21 iyula qədər işə qayıtmayacaq. Nəticədə şirkət bölgədə məhdud sayda xidmət göstərəcək. “Unite” həmkarlar ittifaqı qeyd edib ki, tətilin səbəbi ötən ilin noyabrında verilən və tamamilə qəbuledilməz sayılan 4 faiz maaş artımı təklifində heç bir irəliləyişin olmamasıdır. Şirkət isə bildirib ki, maaş artımı təklifləri bölgədəki avtobus xidmətlərinin davamlılığını təmin edəcək şəkildə olmalıdır. “Unite” may və iyun aylarında üç dəfə 24 saatlıq tətil keçirmişdi, lakin budəfəki addım mübahisəni daha da kəskinləşdirərək ardıcıl altı həftəlik tətil formasını alıb. Həmkarlar ittifaqı sürücülərin “Stagecoach”un Birləşmiş Krallıq üzrə ən aşağı maaş alan işçilərindən olduğunu vurğulayır.

Həmkarlar ittifaqının sənaye məsələləri üzrə nümayəndəsi Siobhan McCready bildirib ki, “Stagecoach”un son təklifində əlavə şərtlər də var. Onun sözlərinə görə, sürücülərdən maaş artımını əldə etmək üçün daha çox işləmək, daha çox ödənişsiz fasilə vermək və illik məzuniyyətin bir həftəsindən imtina etmək tələb olunur.