Səudiyyə Ərəbistanı qlobal neft bazarında itirilmiş payını geri qaytarmaq üçün uzunmüddətli qiymət müharibəsi strategiyasına başlayıb.
“İki sahil” "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Bank of America Corp"un əmtəə araşdırmaları departamentinin rəhbəri Fransisko Blanş "Bloomberg TV"yə bildirib.
“Bu qiymət müharibəsi qəfil və qısamüddətli olmayacaq, əksinə, uzunmüddətli və mərhələli olacaq", - Blanş qeyd edib.
O, bunun daha yüksək xərclərlə üzləşən ABŞ istehsalçılarından bazar payı qazanmaq cəhdinin bir hissəsi olduğunu söyləyib.
"Onlar üç ildən artıqdır ki, qiymətləri təkbaşına saxlayırlar. Bu da rəqiblərə hasilatı artırmağa imkan verir. İndi bu, başa çatıb", - Blanş vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl “səkkizlik” OPEC+ ölkəsi iyul ayında hasilatın sutkada 400 min bareldən çox artdığını elan etmişdi. Əvvəllər bir qrup “könüllü” bazarda qiymətləri dəstəkləmək üçün istehsalı məhdudlaşdırırdı.