Azərbaycan Respublikasının elm və tədris sahələrinin balanslı inkişafı sahəsində həyata keçirdiyi islahatlar, həmçinin, tədbirlər, modernləşən, eyni zamanda, olduqca sosial mahiyyətli nəticələrin əldə olunmasına etibarlı təminat verməkdədir. Günümüzün reallıqları, mövcud inkişaf səviyyəsinin təşəkkülü, elm və təhsil sahəsində dünyanın yeni çağırışları bu sahədə qərarlaşan müəssisələrin yeni və uzunmüddətli prioritetlərini təşkil etməkdədir. Təbii olaraq, belə bir təlabat, ölkəmizin ali təhsil müəssisələrinin daha dinamik, daha yaradıcı fəaliyyət üçün müəyyən etmiş olduğu strategiyaların ana hədəflərini ifadə etməkdədir. Bu hədəflər, davamlı islahatlarla müşayiət olunan, reallaşdıqca daha faydalı perspektivlərin mümkün olmasına zəmin yaradan, eyni zamanda, nəticələrindən çoxsaylı vətəndaşların, xüsusilə də, gənclərin timsalında bütövlükdə, cəmiyyət üzvlərinin maraqlarına, mənafelərinə və məqsədlərinə xidmət etməkdədir. Hazırda, insanların daha çox axtardığı, daha çox qəbul və etibar etdiyi ixtisaslaşma mühitinin yaradılması universitetlərin həmin proseslərə hazırlıq göstəricilərindən olduqca çox asılıdır. Buna görə də, hər bir ali məktəbin qarşıya qoymuş olduğu mühüm mərhələ, bütün tərəflərinə görə, elmlə təhsilin vəhdətindən ibarət olan, həm də tələbəyönümlülüyünə görə seçilən təsisatların yaradılması ilə müşayiət olunmaqdadır.
Məhz Naxçıvan Dövlət Universiteti də, ölkənin milli təhsilinin və elminin inkişafı sahəsində müəyyən etdiyi xətt üzrə məhz bu dəyərlərin üstün tutulmasına diqqət edir və onu öz fəaliyyətində ortaya qoymaqdadır. Hazırda Naxçıvan Dövlət Universitetində əlverişli araşdırma mühiti vardır və belə bir mühtin olması, müəllim və tələbə heyətinin həm ayrı-ayrılıqda, həm də birlikdə araşdırma fəaliyyətinin həyata keçirilməsinə olduqca mühüm şərait yaratmaqdadır. Bu sahədə, beynəlxalq və respublika elmi konfransların mühüm əhəmiyyətini qeyd etmək olar.
Xüsusilə də, 26-27 may tarixlərində keçirilən “Süni intellekt: nəzəriyyədən praktikaya” II Beynəlxalq Elmi konfransını qeyd etmək olar. Yüksək elmi və təcrübi əhəmiyyətinə görə fərqlənmiş olan bu konfrans, ali məktəbimizlə yanaşı, ARETN İdarəetmə Sistemləri İnstitutu, Türkiyə Cümhuriyyətinin İstanbul Universiteti – Cərrahpaşa, Düzce Universiteti, Gümüşhane Universiteti, Rusiyanın “Cənub” Universitetinin birgə təşkilatçılığı ilə keçirildi. Qeyd olunan tarixlərdə başlanan konfransın bölmə iclaslarında süni intellektin nəzəri əsasları və təcrübi əhəmiyyətinə, həmçinin bu sahədəki dövlət tənzimlənməsi məsələlərinə aid olan çoxsaylı mövzular tədqiqatlara cəlb olunmuşdur.
Eyni zamanda, Beynəlxalq Elmi konfransın proqramı ilə tanış olduqda aydın olur ki, istər ölkəmizin, istərsə də, dünyanın müxtəlif ölkələrinin elm-təhsil müəssisələrinin tədqiqatçılarının üz-üzə və onlayn (hibrid) iştirakı ilə ümumilikdə 4 salonda, 26 paneldə çıxışlar oldu. Burada həmçinin, 59 təşkilatın 282 təqdidqatçısı tərəfindən 210 tədqiqat üzrə məruzələr dinlənildi. Bildirmək olar ki, konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunmuş və Azərbaycanın 33 elm-təhsil müəssisəsindən nümayəndənin iştirakı təmin olunmuşdur. Burada diqqət çəkən və daha çox universitetimizin son beş ildəki yeniliklərinə aid olan önəmli bir nailiyyəti də qeyd etmək lazımdır. O da, təbii olaraq, beynəlxalq konfransın ilk dəfə olaraq, robot moderator qadın olan “Banu” tərəfindən aparılmasından ibarət olmaqdadır. Bu, süni intellektə keçidlə müşayiət olunan müasir mərhələdə Naxçıvan Dövlət Universitetinin həyata keçirdiyi tədbirlərin əhəmiyyətini, zəruriliyini və perspektivliliyini bir daha göstərmiş olur.
Həmin tədbirlər içərisində 29-30 may 2025-ci il tarixlərində Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin 25 illik yubileyinə həsr olunan “Tibb Təhsili: qabaqcıl təcrübələr və innovasiyalar” I Respublika elmi konfransı və “Cərrahi və Mama-Ginekoloji Problemlərə Multidissiplinar Yanaşmalar” Beynəlxalq Elmi-praktik konfranslarının olduqca mühüm əhəmiyyətini qeyd etmək olar. Bəhs olunan konfranslar ali məktəbin, Azərbaycan Tibb Universitetinin, Qarabağ Universitetinin, Səmərqənd Dövlət Tibb Universitetinin, Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun birgə təşkilatçılığı ilə keçirilməklə, ölkəmizdə tibb sahəsində həyata keçirilən islahatların, onların elmi və təcrübi əsasalrının çox mühüm tərəflərini özündə əks etdirməkdədir. Tədbirdə ölkəmizdən və müxtəlif xarici dövlətlərdən 600- dən artıq iştirakçı iştirak etmişdir ki, bu da universitetimiz üçün çox mühüm nəticə olacaqdır. Bunlardan 120 nəfəri yüksəkixtisaslı həkim heyətindən ibarət olmaqdadır.
Burada onu da qeyd etmək olar ki, hələ 18-21 iyun 2022-ci il tarixlərində ali məktəbin ev sahibliyi ilə reallaşmış olan I Beynəlxalq Tibbi Forum da Naxçıvan Dövlət Universitetinin bu sahədəki təcrübəsinin kifayət qədər olduğunu göstərdi və ölkənin, eyni zamanda, dünyanın 7 ölkəsindən tibb elmi üzrə 350 alimin, elm adamının, ümumilikdə isə, 700-ə yaxın tibb mütəxəssisinin elmi araşdırmalarının və onların nəticələrinin vəhdəti baxımından da çox əlamətdar oldu.
Səmərəli pedaqoji fəaliyyətin təmin olunması, elmi mühitin sarsılmaz əsaslarının müəyyən olunması sahəsində həyata keçirilən tədbirlər, Naxçıvan Dövlət Universitetinin mövcud potensialını daha da möhkəmləndirir və onun yeni perspektivlərini də yaradır. Çoxistiqamətli araşdırma şəraitinin, yeni və aktual təsisatların yaradılması, bütün tərəflərinə görə ali məktəbin müvafiq sahə üzrə resurslarının gücləndirilməsini təmin etmişdir. Təbii olaraq, yeni keyfiyyət mərhələsinin mühüm istiqamətlərindən birini də, universitetin son beş ilin olduqca mühüm uğurları kimi çıxış edən beynəlxalq əməkdaşlıqlar təşkil etməkdədir. İndiki mərhələyə qədər universitetin formalaşdırmış olduğu beynəlxalq tədris imkanları sahəsində artıq yeni mərhələyə də keçid olunmuşdur. Belə ki, artıq Naxçıvan Dövlət Universitetinin beynəlxalq əməkdaşlıqlarının uzunmüddətli perspektivlərinin müəyyən olunmasında İordaniyanın Əl-Əl Beyt Universitetinin də adını görəcəyik. Məhz universitetimizin rektorunun bəhs olunan ali məktəbə səfəri bu sahədə olduqca mühüm nəticələr verəcəkdir. Həmin ali məktəb arasında əməkdaşlıq memorandumunun imzalanması, qarşıdakı mərhələlər üzrə daha mütərəqqi elm və tədris mühitinin güclü əsaslarının yaradılmasına xidmət edəcəkdir. Həmin memorandumun müstəvisində, hər iki ali məktəb arasında:
- akademik və elmi əməkdaşlığın təşviqi üçün tərəflər arasında, təcrübə mübadiləsi və birgə elmi iş, tədqiqat, tələbə və professor mübadiləsinin keçirilməsi nəzərdə tutulmuş;
- ortaq konfrans və seminarların təşkil olunması sahəsində əməkdaşlıqların gücləndirilməsi nəzərə alınmış;
- NDU-nun “Ərəb dili” ixtisasında tədrisə və Ərəb dili mərkəzinə müəllimlərin cəlbi ilə bağlı birgə fəaliyyət planlaşdırılıb.
Təbii olaraq, bu əməkdaşlıqlar Naxçıvan Dövlət Universitetinin tələbəyönümlü tədris hədəflərinin daha da əlçatan olmasına təminat verəcəkdir. Çünki, artıq universitetdə tədrisi xarici dillərdə olan ixtisasların açılması və həmin ixtisaslara qəbul göstəricilərinin həyata keçirilməsi, nəticə etibarı ilə, kəmiyyət və keyfiyyət üzrə təşkilatlanmanı da nəzərdə tutmaqdadır. Məhz bu sırada, İordaniyanın Əl-Əl Beyt Universitetinin də özünəməxsus yeri, rolu və əhəmiyyəti olacaqdır.
Ardıcıl tədbirlərin həyata keçirilməsindən aydın olur ki, Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə həyata keçirilən tədbirlər, elm və tədris proseslərinin əlaqəli inkişafı məqsədilə gerçəkləşdirmiş olduğu konfranslar, ölkənin təhsil sahəsi üzrə yeni hədəflərinə xidmət edir, onun daha da etibarlılığına təminat yaradır və bu, bütün tərəflərinə görə tələbəyönümlülüyü ilə seçilməkdədir. 04-05 iyun 2025-ci il tarixlərində “Orqanik və Dayanıqlı Kənd Təsərrüfatı: Ekoloji tarazlıq və dayanıqlı inkişaf” I Respublika Elmi konfransı keçirilmişdir. 4 əsas istiqamət və 4 panel üzrə təşkil olunan konfrans, universitetin davam edən yeni innovativ əsaslı layihələrinin gerçək ifadəsi olmaqdadır. Qeyd etmək olar ki, ölkəmizdə makroiqtisadi inkişafın uzunmüddətli perspektivlərinin müəyyən olunması sahəsində kənd təsərrüfatının rolu daha da artmış, eyni zamanda, digər mühüm və aparıcı sahəsi olan sənayenin etibarlı xammal bazası olaraq təşəkkül tapmışdır. Məhz bu mənada da, ölkənin və ona bağlı olan Naxçıvan Muxtar Respublikasının səmərəli regional iqtisadi siyasətində olduqca zəruri mahiyyətinə görə seçilən və güclü təminatqabiliyyətliliyə malik olan kənd təsərrüfatı, eyni zamanda, orqanik və dayanıqlı məhsul istehsalının istehsalı üçün mütərəqqi əsaslar ortaya qoymaqdadır. Bir daha aydın olur ki, Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə reallaşmış olan bu konfrans da, həm də yeni iqtisadi prioritetlər baxımından da aktuallıq kəsb etməkdədir.
Beləliklə, Naxçıvan Dövlət Universiteti, güclü əsaslara malik olan elmin, daha da etibarlı olan təhsilin, müasir dünya çağırışları ilə səsləşən ixtisaslaşmanın olduqca mühüm dayaqlarını yaratmış və bu sahədə, kadr hazırlığını uğurla davam etdirməkdədir. İstər nəzəri, istərsə də, təcrübi baxımdan təşəkkül tapan bu dəyərlər, ölkəmizin milli təhsilinin daha da perspektivli olmasına töhvəsini verməkdədir. Qarşıdakı mərhələlər üzrə bu proseslərin məntiqli nəticələrini görəcəyik.
Cavadxan Qasımov,
Naxçıvan Dövlət Universitetinin dosenti, İqtisad üzrə fəlsəfə doktoru