03 oktyabr 2026 20:01
82

Milli yaddaşdan milli gücə: dövlətçilik və mənəvi dəyərlərin vəhdəti

Azərbaycanın müasir tarixində elə mühüm mərhələlər var ki, onların mahiyyətini yalnız siyasi hadisələrin ardıcıllığı ilə deyil, milli yaddaş, dövlətçilik ənənələri və gələcəyə baxışın vəhdəti ilə dərk etmək mümkündür. Oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Dövlət başçısının nitqində Azərbaycanın keçdiyi tarixi yol, Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin milli ruhda tərbiyəsi, eləcə də Qarabağ Zəfərinin yaratdığı yeni reallıqlar bir-birini tamamlayan məqamlar kimi diqqətə çatdırıldı.

Prezident İlham Əliyev çıxışında Ulu Öndərin siyasi irsinin mahiyyətinə toxunaraq bildirdi: “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır.” Bu fikir Azərbaycan dövlətçiliyinin son onilliklərdə keçdiyi inkişaf yolunun mühüm fəlsəfəsini ifadə edir. Heydər Əliyev siyasi kursunun əsas istiqamətləri müstəqil dövlətçilik, milli maraqların qorunması, güclü iqtisadiyyat, qüdrətli ordu və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi ilə səciyyələnir.

Lakin siyasi kursun davamlılığı yalnız keçmişin təkrarlanması anlamına gəlmir. Zaman dəyişdikcə qarşıya yeni vəzifələr çıxır, dövlətin inkişaf prioritetləri yeni çağırışlara uyğun şəkildə zənginləşir. Dəyişməyən isə dövlətçilik və milli maraqların qorunmasına əsaslanan ana xəttdir.

Bu siyasi xəttin mahiyyətini daha dərindən anlamaq üçün Azərbaycanın müstəqilliyinin ilk illərinə nəzər salmaq kifayətdir. Prezident İlham Əliyev həmin dövrün ağırlığını xatırladaraq qeyd edib ki, Azərbaycanın 8 milyon əhalisinin 1 milyonu qaçqın və məcburi köçkün vəziyyətində idi, insanlar evsiz-eşiksiz, çadırlarda yaşayırdılar. Dövlət başçısının sözləri ilə desək: “Bu bir humanitar fəlakət idi və biz təkbaşına qalmışdıq. Heç kim bizə kömək etmirdi.” Prezident həmçinin vurğulayıb ki, 1990-cı illərdə müharibə zamanı da, müharibədən sonra da Azərbaycana heç kimin kömək etmədiyi bir şəraitdə ölkə bu çətinlikləri təkbaşına arxada qoyub.

Bu fikirlər Azərbaycanın keçdiyi yolun nə qədər mürəkkəb olduğunu göstərməklə yanaşı, dövlətçilik iradəsinin və milli həmrəyliyin əhəmiyyətini də ortaya qoyur. Həmin ağır dövrdə ölkənin qarşısında yalnız ərazi bütövlüyünün qorunması deyil, eyni zamanda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, iqtisadiyyatın bərpası və dövlət institutlarının möhkəmləndirilməsi kimi çoxsaylı vəzifələr dayanırdı.

Prezidentin çıxışında vurğulandığı kimi, Azərbaycan xalqının iradəsi, Ulu Öndərə olan inam və onun siyasi xətti bu çətinliklərin arxada qalmasında mühüm rol oynadı. Beləliklə, bu gün əldə edilən nəticələri yalnız ayrı-ayrı hadisələrin deyil, uzunmüddətli dövlətçilik siyasətinin nəticəsi kimi dəyərləndirmək mümkündür.

Prezidentin çıxışında milli-mənəvi dəyərlərlə bağlı səsləndirilən fikirlər də xüsusi diqqət çəkir. Müasir dünyada informasiya axınının sürətlə artdığı, müxtəlif ideoloji təsirlərin cəmiyyətlərə təsir imkanlarının genişləndiyi bir vaxtda milli kimliyin qorunması mühüm məsələdir. Bu baxımdan təhsil, savad, milli tarix və vətənpərvərlik xüsusi əhəmiyyət kəsb edir.

Dövlət başçısının vurğuladığı kimi, “xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa”, müxtəlif yalan və təxribat xarakterli informasiyaların təsirinə qarşı cəmiyyətin müqaviməti də bir o qədər güclü olar. Bu yanaşma milli-mənəvi dəyərlərin qorunmasını yalnız ənənələrin yaşadılması kimi deyil, həm də düşünən, bilikli və milli şüura malik vətəndaş yetişdirilməsi kimi təqdim edir.

Bu məqam xüsusilə gənc nəsil üçün əhəmiyyətlidir. Çünki milli dəyərlərin gələcək nəsillərə ötürülməsi yalnız ailənin deyil, məktəbin, universitetin və bütövlükdə cəmiyyətin qarşısında dayanan mühüm vəzifədir. Öz tarixini bilən insan milli kimliyini daha dərindən dərk edir, dövlətçilik ənənələrinə daha məsuliyyətlə yanaşır.

Qurultay nitqində Qarabağ məsələsi isə Azərbaycanın müasir tarixinin ən mühüm nəticələrindən biri kimi xüsusi yer tutur. Prezident İlham Əliyev bu qurultayın Azərbaycanın “öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra” keçirilən ilk qurultay olduğunu qeyd edib.

Bu məqam Azərbaycanın keçdiyi tarixi yolun məntiqi nəticəsini göstərir. Bir tərəfdə müstəqilliyin ilk illərində ağır sosial-iqtisadi və humanitar böhranla üzləşən, bir milyon vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşən Azərbaycan, digər tərəfdə isə ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan dayanır. Bu iki tarixi mərhələni birləşdirən əsas amillər dövlətçilik iradəsi, milli birlik və uzunmüddətli inkişaf strategiyasıdır.

Qarabağ Zəfəri yalnız hərbi qələbə kimi deyil, həm də milli iradənin, dövlətçilik əzminin və tarixi yaddaşın təntənəsi kimi diqqəti çəkir. Bu baxımdan əldə edilmiş nəticənin gələcək nəsillərə düzgün çatdırılması mühüm məsuliyyətdir. Prezidentin çıxışında səslənən “bu tarixi heç vaxt silə bilmərik, bunu biz bilirik, gənc nəsil də bilməlidir” fikri məhz bu məsuliyyətin mahiyyətini ifadə edir.

Tarixi yaddaş milli kimliyin mühüm dayaqlarından biridir. Qarabağ həqiqətlərinin, xalqımızın üzləşdiyi faciələrin və keçdiyi mübarizə yolunun öyrənilməsi gələcək nəsillərin dövlətçilik şüurunun formalaşmasına xidmət edir. Bu yaddaş həm də sülhün, sabitliyin və milli həmrəyliyin dəyərini daha dərindən anlamağa imkan verir.

Beləliklə, YAP-ın VIII Qurultayında səsləndirilən fikirlərdə üç mühüm xətt — milli yaddaş, milli-mənəvi dəyərlər və dövlətçilik — bir-biri ilə sıx bağlı şəkildə təqdim olunur. Heydər Əliyev siyasi irsi bu xəttin tarixi əsasını, Qarabağ Zəfəri və suverenliyin tam bərpası onun mühüm nəticəsini, milli-mənəvi dəyərlərin qorunması isə gələcəyə istiqamətlənmiş mənəvi dayağı təşkil edir.

Bu gün Azərbaycanın qarşısında duran vəzifə əldə olunmuş tarixi nailiyyətləri qorumaq, dövlətçiliyi daha da möhkəmləndirmək və milli-mənəvi dəyərləri gələcək nəsillərə layiqincə ötürməkdir. Çünki dövlətin qüdrəti yalnız iqtisadi və hərbi potensialla deyil, həm də tarixini bilən, milli dəyərlərinə bağlı, savadlı və dövlətçilik məsuliyyətini dərk edən cəmiyyətin mənəvi bütövlüyü ilə müəyyən olunur.

Süsənbər AĞAMALIYEVA
Filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin əməkdaşı, YAP-ın üzvü