03 oktyabr 2026 16:30
118

Hamımızın sədaqətinin, inamının günü

Ermənistanın ərazi iddiası elan edilmədən başlayan müharibə oldu. Bu işğalçılıq müharibəsi I Qarabağ müharibəsi kimi tarixləşdi. Azərbaycançılığın erməniliklə müharibəsi genişləndikcə siyasi və hərbi havadarlarının aşkar, gizlin köməyindən istifadə edən Ermənistan Azəbaycanın əra­zi­­sinin 20 faizini işğal etdi. Cəbrayıl rayonu –1 şəhər, 4 qəsəbə, 92 kənd 1993-cü il avqustun 23-də işğal olunmuşdu. İş­ğal nəticəsində bu yaşayış məntəqələri tamam talanmışdı, dağıdılmışdı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olmuşdu, döyüşlərdə göstərdiyi şücaətə, qəhrə­man­lığa görə 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq gö­rül­müşdü.

Müharibə qanunlarına əməl etməyən Ermənistan Cəbrayıl rayonu ərazisində Azərbaycanın tarixi abidələrini də məhv edirdi, bu, müqayisəyəgəlməz vandallıq idi: Dağtumas kəndinin yaxın­lı­ğında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağında Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji abidələri, Dağtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Çələbilər kəndindəki Məscid kompleksi, … məhv edilmişdi, dağıdılmışdı, Xudafərin körpülərinə ciddi xəsarətlər dəymişdi…

Cəbrayıl rayonu ərazisində işğaldan ilk azad edilən kənd Cocuq Mərcanlı kəndi oldu. Azər­bay­can Ordusunun hissələrinin 1994-cü il yanvar ayının 5-də Horadiz əmə­liyya­tın­da azad etdiyi bu kənd yenidən quruldu, sakinlər kəndə qayıtdı. Böyük qa­yıdışın başlanğıcı olan bu qayıdış Azərbaycanın ərazi bütövlü­yü­nün tam bərpa olunacağına zəmanəti idi.

BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyən Ermənistan regionda möv­cud status-kvonu saxlamağa çalışır, Azərbaycanın sülh təkliflərindən, danışıqlardan yayınır, yeni ərazilər işğal etmək niyyəti ilə Azərbaycanın ərazilərinə hücumlar edirdi. Belə hücumlardan biri 2020-ci il sentyabrın 27-də oldu. Azərbaycan ordusunun hissələri hücumun qar­şısını qətiyyətlə aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi. Bu əmr II Qarabağ mü­haribəsinin baş­lan­ması əmri oldu. Azərbaycan Ordusu döyüşə-döyüşə düşmənin illərlə yarat­dı­ğı, möhkəm­lən­dir­diyi, yenilədiyi müdafiə sistemini darmadağın etdi, müharibənin ilk günü mühüm qələ­bə­lər qazandı. Bu qələbələr ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığını daha da yük­səlt­di.

II Qarabağ müharibəsi xalqın müharibəsi idi. Xalqa müraciətində Azərbaycan Respublika­sı­nın Pre­zidenti cənab İlham Əliyev dedi: "Dünyada heç bir qüvvə bizi haqq yolun­dan döndərə bil­məz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bil­məz. Biz haqq yolundayıq. Biz qalib gəli­rik. Biz zəfər çalırıq və biz öz tor­paq­larımızı geri alacağıq, ərazi bütöv­lü­yü­müzü bərpa edəcəyik".

Bütün istiqamətlərdə döyüşlər gedirdi. Cəbrayıl rayonu ərazisində döyüşlərdə qələbələr müx­təlif vaxtlarda qazanıldı. Müharibənin ilk günü Böyük Mərcanlı, Nüzgar kəndləri işğaldan azad edildi. Digər kəndlər, şəhər sonrakı döyüşlərdə, oktyabrın 4-də azad edildi.

Düşmənin Cəbrayıl ərazisində qurduğu bir neçə xətdən ibarət mürəkkəb istehkamlar dö­yü­şün gedişini çətinləşdirsə də Azərbaycan Ordusunun hissələri bu maneəni mərdliklə dəf etməklə Cəbrayılı azad etməli, bu qələbə ilə müharibənin gedişində əsaslı dönüş yaratmalı idi. Yüksək döyüş hazırlığı, böyük Vətən sevgisi bu hərbi tapşırığın qətiyyətlə yerinə yetirilməsini təmin etdi.

Cəbrayılın işğaldan azad edilməsi həm də strateji əhəmiyyətə malik oldu: ordu hissələrimiz Xo­cavənd rayonunun cənub kəndləri, Hadrut qəsəbəsi istiqamətində uğurlu əməliyyat apardı. Zən­gilanın cənub hissəsi işğaldan azad olundu…

Tariximizin bir dövrü, bir hissəsi Xudafərin körpüsü ilə bağlıdır. Səfəvilər dövlətinin tari­xin­də Xudafərin körpüsünün rolu danılmazdır. Qızılbaşları mübarizədən dövlətə aparmış bu kör­pü­də qali­biy­yət bayrağını Ali Baş Komandan dalğalandırdı…

2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi.

İkinci Qarabağ müahribəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Bu sərəncam Azərbaycan dövlətçiliyinə böyük ehtiramın təzahürü kimi tarix­ləş­di. Bu sərəncama əsasən oktyabrın 4-ü Cəbrayıl şəhəri günü elan olundu. Həmin gün dö­yü­şənlərə, şəhid olanlara ehtiramın ümumiləşdirildiyi gün kimi yaşanılır…

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad edilmiş rayon­larda dəfələrlə olub, hər səfər bu ərazilərdə quruculuq işlərinin bir mərhələsi kimi tarixləşib. Belə səfərlər Cəbrayıla da dəfələrlə olub. Bu səfərlərdə dövlət başçımız Dövlət Sərhəd Xidmətinin hərbi his­səsinin açılışında, “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin bir­gə servis mərkəzinin təməlqoyma mərasimində, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəllə­sinin təməlqoyma mərasimində, “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mər­kə­zi”nin, “Ağıllı Ting­çilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimlərində, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlinin qoyulması mərasimində, Cəbrayıl ra­yo­nunun Soltanlı kəndində “AzərEnerji” ASC-nin 330 kV-luq “Şəfəq” yarımstansiyasının açılışında və s. iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayılda Türkiyə Prezidenti Rəcəb Tay­yib Ərdoğanla birgə mətbuat konfransı da keçirdi. Bunlar istər Azərbaycan dövlətçiliyi tarixində, istər vətənpər­vərlik duyğularının yüksəlişində son dərəcədə tarixi hadisələr oldu…

Cəbrayıl şəhəri günü Azərbaycan dövlətçiliyinə sədaqətin, Azərbaycanın daha nurlu sa­bah­larına inamın günüdür. O sədaqət hamımızın sədaqətidir, o inam hamımızın inamımızdır...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı