08 iyun 2025 20:34
354

Əli Əsgərov Arpaçay İdman Birliyinin prezidenti seçilib

İyunun 8-də Arpaçay İdman Birliyi (AİB) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib. İdarə Heyəti üzvlərinin, habelə hakim, məşqçi, idmançı və fəxri qonaqların iştirak etdiyi toplantıda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Daha sonra təşkilati məsələlərə baxılıb, Birliyin yeni rəhbərliyi və İdarə Heyətinin yeni üzvləri müəyyənləşib. Beləliklə, Əli Əsgərov Arpaçay İdman Birliyinin prezidenti, Yavər Hüseynov birinci vitse-prezidenti, Cavid Əliyev, İbrahim Əliyev, Hacıağa Əliyev Birliyin vitse-prezidentləri, Vüqar Kərimov baş katibi, Cahangir Babayev Nizam-intizam Komitəsinin sədri, Yəhya Babanlı, Samir Alıyev və Aydın Mahmudov İdarə Heyətinin yeni üzvləri seçiliblər.

“İki sahil”in məlumatına görə, tədbirdə çıxış edən Arpaçay İdman Birliyinin birinci vitse-prezidenti Yavər Hüseynov əvvəlcə Əli Əsgərovu təbrik edib, kollektivin onun rəhbərliyi altında daha böyük qüvvə və əzmlə fəaliyyət göstərməyə hazır olduğunu bildirib. Y.Hüseynov çıxışında, indiyə qədər görülən işlərdən, əldə edilən uğurlardan bəhs edib.

MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov iclasda çıxış edərək Əli Əsgərovun prezident seçilməsinin mühüm hadisə olduğunu və yeni rəhbərliyin daha böyük uğurların əldə olunmasına töhfə verəcəyini bildirib. Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin üzvü, karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rəfael Ağayev Əli Əsgərovun başçılığı altında fəaliyyətində Arpaçay İdman Birliyinin yeni uğurlar qazanacağına əminliyini ifadə edib.

Daha sonra AİB-in baş katibi Vüqar Kərimov cari ilin iyul ayının əvvəlində baş tutacaq Zəfər Kubokuna hazırlıq işləri ilə bağlı məlumat verib. İdarə Heyətinin üzvləri – Cavid Əliyev, Qaşqay Ziyəddinoğlu, Mais Mədətov, Mahir Mədətov, Həsən Quliyev, Roman Heydərov, Toğrul Adilli, Fərahim Sadiq və digərləri çıxış edərək Əli Əsgərovun Arpaçay İdman Birliyinə rəhbər seçilməsinin idman ictimaiyyəti üçün mühüm hadisə olduğunu qeyd edərək, bunu fəxrlə qarşıladıqlarını bildiriblər.

İdarə Heyətinin yeni üzvləri Yəhya Babanlı və Aydın Mahmudov da çıxış edərək, göstərilən etimada görə minnətdarlıqlarını çatdırıb, AİB-ə yeni uğurlar arzu ediblər. Y.Babanlı deyib ki, Azərbaycanda idmanın inkişafına dövlətin və dövlət başçısının dəstəyi nəticəsində idmançılarımız göstərilən etimadı doğruldaraq, ölkəmizi dünya arenalarında ləyaqətlə təmsil edə bilirlər. Onun sözlərinə görə, dövlətinə, xalqına daim bağlı olan, öz dəst-xətti ilə sayılıb, seçilən şəxsiyyət kimi Əli Əsgərovun Arpaçay İdman Birliyinin rəhbəri olması bu baxımdan, əlamətdar hadisədir və bundan sonra Birliyin fəaliyyətində böyük dönüş yaranacağına heç bir şübhə yoxdur.

Tədbrin sonunda çıxış edən Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov göstərilən etimada görə İdarə Heyətinin üzvlərinə təşəkkür edib, gələcəkdə görüləcək işlərin, qarşıda duran planların həyata keçirilməsində bütün üzvlərin daim dəstəyinə ümid etdiyini bildirib.