09 iyun 2025 21:45
88

Ukraynanın müdafiə naziri: Rusiya ilə hərbçilərin cəsədlərinin “6000-in 6000-ə” formatında mübadiləsi üzərində iş aparılır

Ukrayna Rusiya ilə həlak olmuş hərbçilərin cəsədlərinin “6000-in 6000-ə” formatında mübadiləsi üzərində işləyir. Bu proses iki ölkə arasında əldə olunmuş razılaşmalara əsaslanır.

“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rüstəm Umerov açıqlama verib. Nazir xatırladıb ki, bu gün Rusiya ilə əsirlərin genişmiqyaslı mübadiləsinin ilk mərhələsi həyata keçirilib və 25 yaşadək gənclərdən ibarət qrup evlərinə qaytarılıb.

Umerovun sözlərinə görə, İstanbulda əldə edilən razılaşmalar əsasında müəyyən kateqoriyalara aid olan əsirlərin, yəni ağır yaralıların, ciddi xəstəlikləri olanların və 25 yaşdan kiçik hərbçilərin mərhələli şəkildə geri qaytarılması nəzərdə tutulur.

Nazir əlavə edib ki, mübadilə prosesi yaxın günlərdə də davam etdiriləcək.

“Eyni zamanda, çox ağrılı və həssas olan daha bir proses - həlak olmuş əsgərlərin cəsədlərinin genişmiqyaslı repatriasiyası üzərində iş aparılır. Söhbət Ukraynanın azadlığı uğrunda canından keçmiş 6000-dən çox müdafiəçimizin vətənə qaytarılmasından gedir. Bu proses də razılaşmalarda əksini tapıb”, – deyə Umerov bildirib.

O qeyd edib ki, Ukrayna “hamını hamıya” prinsipi ilə mübadilə modelinin reallaşması üçün hər gün fəal şəkildə işləyir.

Xatırladaq ki, Ukrayna və Rusiya arasında həlak olmuş hərbçilərin “6000-in 6000-ə” formatında dəyişdirilməsi barədə razılıq İstanbulda keçirilmiş ikinci danışıqlar raundunda əldə olunub.