Azərbaycan xalqının mədəni irsinin, milli kimliyinin və tarixi yaddaşının əsas sütunlarından biri onun ana dilidir. Dil – xalqın ruhu, onun düşüncə tərzinin, dünyagörüşünün və mədəni dəyərlərinin daşıyıcısıdır. Xüsusilə də tarix boyu bir çox çətinliklər və sınaqlarla üzləşmiş Azərbaycan xalqı üçün dil, həm birləşdirici güc, həm də milli varlığını qoruma vasitəsi olmuşdur. Elə bu baxımdan 1978-ci il aprelin 27-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR-in yeni Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi, milli tariximizin qızıl səhifələrindən birini təşkil edir.
O dövrün siyasi reallıqları fonunda belə bir addımı atmaq, sadəcə bir qərar vermək deyildi – bu, əsl cəsarət, milli qürur və Vətənə sədaqət nümunəsi idi. Sovet ideologiyasının hökm sürdüyü bir zamanda milli dillərin sıxışdırıldığı, rus dilinin əsas ünsiyyət vasitəsi kimi təbliğ olunduğu şəraitdə bu təşəbbüs, xalqın səsini ucaldan, onun varlığını təsdiqləyən parlaq bir iradə idi. Heydər Əliyev bu qərarla sübut etdi ki, o, təkcə dövrünün lideri deyil, eyni zamanda gələcək nəsilləri düşünən böyük dövlət adamıdır.
Azərbaycan dilinin dövlət dili kimi hüquqi status qazanması, xalqımızın milli mənsubiyyətinə verilmiş ən ali dəyər idi. Bu, gələcəyə hesablanmış uzaqgörən bir siyasətin təcəssümü idi. Heydər Əliyev çox yaxşı bilirdi ki, dilini qoruyan xalq, öz mədəniyyətini, tarixini və dövlətçiliyini də qoruyacaq. Bu səbəbdən o, bu təşəbbüsü ilə Azərbaycançılıq ideologiyasının əsasını qoyur, müstəqil dövlətçiliyin ilkin təməl daşlarını hörürdü.
O, həm də dilə sadəcə siyasi məsələ kimi yox, mənəvi dəyər kimi yanaşırdı. Onun dilə olan sevgisi səmimi, dərin və əbədi idi. Ulu Öndərin 31 avqust 1994-cü il tarixində Bakı şəhərinin təhsil işçiləri ilə görüşündə dediyi bu sözlər bu münasibətin canlı ifadəsidir: "Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var." Bu fikirlər hər bir azərbaycanlının qəlbində qürur hissi oyatmağa qadirdir. Çünki bu sözlər dilimizin gözəlliyinə, imkanlarına və əvəzsizliyinə verilmiş qiymətin təzahürüdür.
Bu gün biz Azərbaycan dili ilə dünyanın ən ali tribunalardan danışır, beynəlxalq müstəvidə öz səsimizi ucaldırıq. Bütün bunlar, Heydər Əliyevin dil siyasətinin real nəticələridir. Onun atdığı bu tarixi addım sayəsində Azərbaycan dili bu gün həm dövlət dili, həm də milli birliyin, mədəni dirçəlişin və mənəvi gücün simvoluna çevrilib.
Ulu Öndər Heydər Əliyev dilimizin taleyini xalqımızın taleyi ilə birgə düşünürdü. Onun uzaqgörən qərarları bu gün dilimizin inkişafında, onun qorunub saxlanılmasında və yeni nəsillərə ötürülməsində əsas rol oynayır. Məhz buna görə də onun bu təşəbbüsü təkcə keçmişə yox, həm də sabaha, gələcəyimizə hesablanmış parlaq bir yol xəritəsidir.
Bu gün biz Azərbaycan dilində danışırıqsa, yazırıqsa, düşünürüksə və bu dildə dünyaya açılırıqsa, bu, ilk növbədə Ulu Öndər Heydər Əliyevin zamanın fövqündə duran müdrikliyinin və əzmkar mübarizəsinin bəhrəsidir. O, tarix yazdı – biz isə bu tarixi yaşadırıq.
Lalə Yusifova,
287 nömrəli Zəkalar liseyi,
Profillər üzrə direktor müavini