21 aprel 2025 17:15
160

Azərbaycan-Gürcüstan münasibətləri dinamik inkişaf yolundadır

Son illər Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Bu əlaqələrin çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.

Aprelin 15-də Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin  ölkəmizə rəsmi  səfəri münasibətlərin hazırkı inkişaf səviyyəsinin təqdimatında mühüm rol oynadı. Belə ki, bu səfər Mixeil Kavelaşvilinin prezident seçildikdən sonra ilk səfər idi. Gürcüstanın Prezidentinin ilk səfərini məhz Azərbaycana etməsi ölkələrimiz, xalqlarımız arasında dostluğu, qardaşlığı bir daha dünyaya nümayiş etdirdi.

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəlib. Hər iki dövlət arasında siyasi dialoqlar aparılır, beynəlxalq təşkilatlar çərçivəsində dövlətlər bir-birinə qarşılıqlı dəstək verir, ərazi bütövlüyü məsələlərində qarşılıqlı dəstək nümayiş etdirilir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər. Gürcüstanın Prezidentinin qeyd etdiyi kimi, çağırışlar və təhlükələrlə dolu bugünkü qloballaşma dövrü bir çox fundamental dəyərləri təhdid edir. Ona görə də bu prinsipləri qorumaq üçün xüsusi diqqət və səy göstərməliyik. Gürcü və Azərbaycan xalqları millətlərimiz üçün həyati əhəmiyyət kəsb edən dəyərlərin qorunması uğrunda mübarizədə bir yerdədir və bundan sonra da birlikdə olacaqlar. Zamanın sınağından çıxmış yüksəksəviyyəli strateji və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək, Gürcüstanın və Azərbaycanın milli maraqlarının həyata keçirilməsində yeni müstəviyə keçəcək. Regionun və dünyanın qarşısında duran vəzifələrin səmərəli həlli üçün ölkələrimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir:

Bu reallıqlar prezidentlərin mətbuata bəyanatlarında xüsusi qeyd edildi ki, əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır.

Fəxrəddin Vəliyev,
​YAP Şəmkir rayon təşkilatının sədri