«Erkən evlilik» yalnız sosial problem deyil, eyni zamanda ciddi hüquqi məsuliyyət doğuran bir məsələdir. Bu hal birbaşa uşaq hüquqlarının pozulmasıdır və qanununvericlikdə konkret şəkildə qadağan olunur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, nikah yaşı qadın və kişi üçün 18 yaş müəyyən olunub. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Amma bu hal istisnadır.
Qeyd edim ki, sözügedən məsələdə təkcə nikahın rəsmi bağlanması yox, faktiki birlikdə yaşama da hüquqi müstəvidə qiymətləndirilir.
Qanunvericiliyə əsasən, «erkən evlilik» dedikdə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq başa düşülür.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176-1-ci və 176-2-ci maddələrinə əsasən, nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə, o cümlədən on altı yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsi cinayət məsuliyyəti yaradır. Bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-2.1-ci maddəsinə görə, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsi inzibati məsuliyyətə səbəb olur.
Son illərdə ölkəmizdə erkən nikahın mənfi nəticələrinə dair maarifləndirmə işlərinin görülməsi sahəsində ciddi addımlar atılır.
Amma reallıq budur ki, bəzi hallarda erkən nikahlar qeyri-rəsmi şəkildə, ailədaxili razılaşma və ya dini nikahlar formasında baş tutur. Bu isə bu cür evliliklərin rəsmi qeydiyyatdan kənar qalmasına və nəticə etibarilə hüquqi müdafiədən məhrum olmasına səbəb olur – xüsusilə də qız uşaqları üçün.
Əsas məsələ təkcə cəza tədbirləri ilə məhdudlaşmamalıdır. Erkən evliliyin qarşısını almaq üçün hüquqi maarifləndirmə, ailə dəyərlərinin doğru təbliği, gənclərin təhsilə cəlb edilməsi və valideyn məsuliyyətinin artırılması əsas mexanizmlərdir. Unutmayaq ki, bu cür nikahlar çox zaman qızların təhsildən uzaqlaşmasına, sosial izolyasiyaya və erkən analığa səbəb olur – bu da onların gələcək həyatına ağır zərbə vurur.
Hüquqi baxımdan bir daha vurğulamaq istəyirəm: 18 yaşına çatmayan şəxslə nikaha daxil olmaq, onu nikaha vadar etmək və ya belə bir nikahda iştirak etmək hüquq pozuntusu deyil, cinayətdir. Bu sahədə ictimai susqunluq deyil, hüquqi fəallıq vacibdir."
Nərmin Zülfüqarlı,
Vəkil