19 aprel 2025 11:30
118

Rektor: Artıq ənənəvi təhsil modelləri yerini çevik, texnologiya və innovasiyaya əsaslanan metodlara verir

“Hamımıza məlumdur ki, müasir dövrdə təhsil anlayışı sürətlə dəyişir. Artıq ənənəvi təhsil modelləri yerini çevik, texnologiya və innovasiyaya əsaslanan, fərdiləşdirilmiş metodlara verir. Süni intellektdən tutmuş açıq platformalara qədər bir çox texnoloji vasitə təhsilin formasını və məzmununu yenidən dizayn edir. Bu dəyişikliklərin kökündə isə elmi tədqiqatlar, yaradıcılıq və multidissiplinar yanaşma dayanır”.

“İki sahil” xəbər verir ki, bu sözləri Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Səyavuş Qasımov aprelin 19-da Bakıda keçirilən “EduHack 2025: Innovating the Future of Learning” hakatonunda çıxışı zamanı söyləyib.

O, hakaton yarışmasının önəmini qeyd edərək vurğulayıb: “Biz buna sadəcə bir yarış kimi yox, yeni ideyaların və həllərin ortaya çıxdığı laboratoriya kimi baxırıq. Əminik ki, bu mühit təhsildə və real həyatda tətbiq oluna biləcək yeniliklərə yol açacaq”.

Rektorun sözlərinə görə, bu cür təşəbbüslər universitetlərin sadəcə elmi-tədqiqat deyil, həm də startap düşüncələrinin, sosial innovasiyaların və texnoloji həllərin yarandığı mərkəzlərə çevrilməsində mühüm rol oynayır.