Rusiyanın “Regional Əməkdaşlıq Mərkəzi”nin və ölkədə müxtəlif tibb müəssisələrində fəaliyyət göstərən mütəxəssislərdən ibarət qrupun Yeni Klinikaya səfəri baş tutub. Ziyarətin məqsədi tibb müəssisəsinin fəaliyyətinin təşkili və tibbi xidmətlərin göstərilməsi sahəsində təcrübənin öyrənilməsi, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılması olub.
TƏBİB-in İcraçı direktorunun müşaviri Töhfə Cəmilova və Yeni Klinikanın direktoru Zəhra Vəzirovanın iştirakı ilə keçirilən görüşdə tibb xidmətlərinin inkişafı, tibb müəssisələrinin fəaliyyətinin təşkili, kadr hazırlığı, regionlarda çoxprofilli klinikaların yaradılması, reanimasiya və intensiv terapiya üzrə mütəxəssis hazırlığı, keyfiyyətə nəzarət, audit, satınalma və icbari tibbi sığorta mexanizmlərinin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
Mütəxəssis heyətinin üzvləri təmsil etdikləri ölkənin səhiyyə sistemində tətbiq olunan yanaşmalar və resursların səmərəli idarə olunması üzrə təcrübələrini bölüşüblər.
Səfər çərçivəsində qonaqlar Yeni Klinikanın müvafiq şöbə və bölmələri, eləcə də Tibbi Tədris-Simulyasiya və Akkreditasiya Mərkəzi ilə tanış olub. Mütəxəssis qrupuna həmçinin tibbi xidmətlərin təşkili, hemotransfuziya, əməliyyatdan sonrakı ağrıların idarə olunması, laboratoriya xidmətləri, rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi, eləcə də inzibati-texniki proseslər barədə məlumat verilib.