Nəqliyyat infrastrukturunun yenilənməsi ilə ölkələri birləşdirən ikitərəfli və çoxtərəfli münasibətlər daha da möhkəmlənir
Ölkəmizin qlobal enerji, nəqliyyat layihələrinin reallşamasındakı əvəzedilməz rolu beynəlxalq səviyyədə də dəyərləndirilir. Xarici siyasətimizin əsasını təşkil edən uğurlu, inteqrasiya çağırışlarının, dialoq mərkəzi rolunu qətiyyətlə davam etdirdiyi etiraf olunur. Təkzibolunmaz həqiqətdir ki, qlobal siyasətdə rolu artan, dünyada mövqeyi möhkəmlənən, Avropanın enerji xəritəsini dəyişən, vədinə sadiq ölkə kimi tanınmaqla, müəllifi olduğu şaxələndirmə siyasətini genişləndirməklə beynəlxalq öhdəlikləri ləyaqətlə yerinə yetirən Azərbaycan Orta Dəhliz layihəsinin əsas tərəfdarı və dəstəkçisi kimi də öhdəliyinə sadiqlir. Çinin təşəbbüsü olan «Bir kəmər, bir yol» layihəsinə ilk gündən qoşulan Azərbaycan rəsmi Pekinlə bütün sahələrdə olduğu kimi, nəqliyyat infrastruktrunun genişlənməsində də maraqlıdır. Bu ilin yanvar ayının 20-də İsveçrədə keçirilən Davos İqtisadi Forumu çərçivəsində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində hər iki ölkə arasında genişlənən əməkdaşlığın beynəlxalq əhəmiyyətindən bəhs edən Prezident İlham Əliyev münasibətlərin genişləndirilməsinə yönələn hədəfləri diqqətə çatdırmaqla Azərbaycanın iqtisadi gücünü dəqiq şərh etmiş, görüləcək işlərin anonsunu vermişdi.
Müsahibəsində iki ölkə arasındakı nəqliyyat əlaqələri sahəsində əməkdaşlığın vacibliyinə toxunan Prezident İlham Əliyev Azərbaycanın Şərqlə Qərb arasında yüklərin daşınmasını təmin edən Orta Dəhliz layihəsində əsas rol oynaya biləcəyini əminliklə söyləmişdi. Bildirilmişdi ki, transmilli layihə olan Bakı –Tbilisi-Qars (BTQ) dəmir yolunu gerçəkləşdirməklə logistik potensialını artıran, daha mühüm layihələr üçün zəmin yaradan Azərbaycan Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulmasında da maraqlıdır. Respublikanın bölgələrində inşa olunan beynəlxalq hava limanları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdəndir. Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirir.
Bu ilin yanvarın ayının 28-də ölkəmizin nəqliyyat infrastrukturunun vəziyyəti, perspektivləri ilə bağlı müşavirədə də nəqliyyat infrstrukturunun genişləndirilməsinin beynəlxalq əhəmiyyəti ətraflı təhlil olunmuşdur. Bildirilmişdir ki, əlverişli coğrafi məkanda yerləşən Azərbaycan, eyni zamanda, beynəlxalaq nəqliyyat dəhlizlərinin qovuşduğu strateji əhəmiyyətli qovşaqdır. Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkəmizin ərazisindən keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılır, ortaq müəssisələr, müştərək müəssisələr qurulur. Bir sözlə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir. Başqa sözlə deyilsə, ölkəmiz dünyanın enerji xəritəsində tutduğu mövqeyi ilə əvəzolunmaz nəqliyyat mərkəzinə çevrilir. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə görülən əlavə tədbirlər, həcmi artan yükdaşımalar qarşılıqlı əməkdaşlığın məntiqi nəticəsidir. Məqsəd dəhlizlərin aşırma qabiliyyətini artırmaq üçün əlavə sərmayə cəlb etmək, tərəfdaşların sayını artırmaqdır.
Çinin təşəbbüsü olan «Bir kəmər, bir yol» layihəsinə qoşulmaqla yükdaşıma imkanlarını, tərəfdaşlığın coğrafi istiqamətlərini genişləndirən Azərbaycan hazırda ən sərfəli, qitələri birləşdirən yüksək imkanlara malik ölkə kimi diqqəti cəlb edir. Çinlə Avropa arasındakı ən qısa marşrut kimi tranzit və yükdaşıma baxımından səmərəli olan Şərq-Qərb nəqliyyat dəhlizi”nə maraq artmaqdadır. Çünki Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit ölkə olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Bu təşəbbüs dünyanın nəqliyyat xəritəsini dəyişən qlobal layihədir. Dövlət başçımız Orta Dəhliz layihəsinin əhəmiyyətini xüsusilə diqqətə satdırır. «Artıq qeyd etdiyimiz kimi, biz strateji tərəfdaşıq, lakin, eyni zamanda, Orta Dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilmişdir. Hazırda biz görürük ki, bu təkmilləşdirilmiş infrastruktur gələcək 3-5 il üçün kifayət etməyəcək» sözləri ilə beynəlxalq əhəmiyyətli nəqliyyat layihələrində xüsusi rolu olan iki dövlət arasındakı münasibətləri yüksək dəyərləndirən dövlət başçımız Azərbaycanın qlobal əhəmiyyətli nəqliyyat infrastrukturu barədə də açıqlama vermişdir. «Çünki bizim hədəfimiz ticarət limanında 15 milyon ton yükaşırma qabiliyyətinə malik olmaq idi və bu da onilliklər ərzində yetərli olardı. Lakin indi biz ola bilsin ki, növbəti 5-6 ildə 25 milyon ton yük qəbul etməyi gözləyirik. Beləliklə, biz hazırda dəniz ticarət limanımızın və dəmir yolu infrastrukturumuzun genişləndirilməsini maliyyələşdiririk» söyləyən Prezident İlham Əliyev vurğulamışdır ki, Mərkəzi Asiyada bağlantı layihələri əsasən Çin hökuməti tərəfindən həyata keçirilir.
Nəqliyyat infrastrukturunun yenilənməsi ilə ölkələri birləşdirən ikitərəfli və çoxtərəfli münasibətlər daha da möhkəmlənəcək.
Hazırda ən böyük beynəlxalq logistika və infrastruktur olan Orta Dəhliz layihəsinin davamı kimi dəyərləndirilən Zəngəzurdan keçəcək dəmir və avtomobil yollarının açılması bu əməkdaşlığa töhfə olacaq. Başqa sözlə deyilsə ölkələrin iqtisadi böhranla üzləşdiyi, nəqliyyat infrastrukturunun, yük daşımaların səmərəli təşkilinə diqqətin artdığı müasir dövrümüzdə Çin-Azərbaycan əməkdaşlığı böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, Azərbaycandan keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınması üçün Orta Dəhliz «Bir kəmər, bir yol» layihəsinin əsas tərkib hissəsi olmaqla qitələri birləşdirən iqtisadi körpü, daha sərfəli infrastrukturdur. «Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə» əsasında davam edən əlaqələr hər iki ölkə iqtisadiyyatının bütün sahələrini əhatə edir. Bəyannaməni ikitərəfli əlaqələrdə çox mühüm siyasi addım adlandıran Prezident İlham Əliyev bu ölkənin «Vahid Çin” siyasəti»ni dəstəkləyir. Bəyannamə Azərbaycanla Çin arasında qarşılıqlı maraqları və əməkdaşlığı genişləndirməklə yanaşı, iki ölkə arasında əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək imkanı yaradır, strateji tərəfdaşlara çevirir. Böyük nailiyyət olan qarşılıqlı fəaliyyət istiqamətlərini genişləndirən bu cür münasibətlər modernləşmə istiqamətində birgə fəaliyyəti şərtləndirir, intensivləşdirir.
Tarixən maddi mədəniyyət, texnologiya və ideyalar mübadiləsinin tərəfdaşları kimi əməkdaşlığı gücləndirən, sivlizasiyalararası dialoqlarda rolu artan Azərbaycanın şaxələnmiş xarici siyasətində Cinlə əlaqələr daim diqqətdə saxlanılır. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə Çin tərəfindən yüksək qiymətləndirilir”.
Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlığı Bəyannaməsi imzalayan Azərbaycanın Çinlə xarici siyasət sahəsində əməkdaşlığı çoxtərəfli formatda inkişaf üçün əlavə imkanlar yaradır. Çinin aparıcı qüvvə olduğu Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı olan Azərbaycanın şaxələnmiş xarici siyasəti, COP29 çərçivəsində Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq təcrübəsi rəsmi Pekin tərəfindən yüksək dəyərləndirilir.
Avropaya qədər uzanan Orta Dəhliz layihəsinin mahiyyəti ondan ibarətdir ki, Çindən ixrac edilən mallar zamana qənaət və əlverişli tranzit rüsumları ilə qitə dövlətlərinə çatdırılsın. Bu layihə Çin-Avropa ticarət əlaqələrində sabit tranzit ölkə kimi Azərbaycanın rolunun artmasına xidmət edir, perspektivli layihə kimi beynəlxalq əməkdaşlıq yolunda geniş imkanlar açır”.
Bu günlərdə Bakıda keçirilən «Yeni dünya nizamına doğru» mövzusunda beynəlxalq Forumundakı çıxışı, verilən suallara əhatəli cavabları ilə Azərbaycanın həqiqi mənada siyasi, iqtisadi, humanitar platforma olduğunu təsdiqləyən Prezident İlham Əliyev Cənubi Qafqazda baş verən hadisələrə də aydınlıq gətirmişdir. Çinin Qlobal Cənubdakı rolu ilə bağlı sualı cavablandıran Prezident İlham Əliyev ikitərəfli münasibətlərin əhəmiyyətini yüksək qiymətləndirmişdir: «Çünki Çin kimi nəhəng ölkə ilə strateji tərəfdaşlıq formatına nail olmaq bizim üçün olduqca vacibdir. Biz hazırda Çin şirkətləri ilə fəal çalışırıq. Biz onları müxtəlif sahələrdə strateji tərəfdaşımız olmağa dəvət etmişik, o cümlədən yaşıl enerji sahəsində. Deyə bilərəm ki, yaşıl ictimai nəqliyyat vasitələri istehsal edən Çin şirkəti tərəfimizdən seçilib və bu il artıq istehsal edilmiş ilk avtobuslar istifadəyə veriləcək. Bununla yanaşı, Çin şirkətləri Günəş panelləri təchizatçılarıdır və bu panellər Azərbaycanda başqa ölkələrin sərmayəsi ilə inşa edilən stansiyalarda istifadə olunur. Biz, həmçinin Çin şirkətləri ilə yaşıl enerji sahəsinə birbaşa sərmayə yatırılması istiqamətində də danışıqlar aparırıq.»
Nəqliyyat infrastrukturunun coğrafiyasını genişləndirmək və birgə istehsal müəssisələri yaratmağın regional əhəmiyyətində də hər ki ölkə arasındakı əməkdaşlıq başlıca amildir. Orta Dəhliz layihəsinin Avropada nədənsə «qlobal qapı»” adlandırılması kimi yanlış fikirlərə münasibətini «Səmimi desəm, mən bilmirəm bunun mənası nədir. Ancaq «Bir kəmər, bir yol»” layihəsinə gəldikdə, biz bunu ilk gündən dəstəkləmişik. Biz bunu təkcə ictimai bəyanatlarla deyil, həm də sərmayə yatırmaqla etdik. Biz Xəzər dənizinin ən böyük limanını inşa etdik. Bu gün bizim gəmiqayırma zavodumuzda altı gəmi inşa olunur. Bu zavodun sifariş siyahısı doludur. Biz dəmir yollarımızı müasirləşdirdik, hətta Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstandan keçən hissəsinə əlavə investisiya yatırdıq. Hazırda onun yükötürmə qabiliyyəti 5 milyon tondur. Zənnimizcə, Çindən gələn yüklərin bir hissəsi Zəngəzurdan, Zəngilan istiqamətindən keçə bilər» sözləri ilə açıqlayan Prezident İlham Əliyev bu layihənin davamı kimi Zəngəzur dəhlizinin bərpasının zəruriliyini də diqqətə çatdıraraq bildirir ki, Azərbaycan Qlobal Cənubun fəal ölkəsidir və Çin burada çox vacib rol oynayır. Ölkələr arasındakı çoxşaxəli münasibətlər olduqca güclüdür və böyük gələcək potensialı var. Yeri gəlmişkən qeyd edək ki, Çin ölkəmizin nəqliyyat infrastrukturunun inkişafında maraqlıdır, eyni zamanda, Zəngəzur dəhlizinin açılmasına mühüm önəm verir. Şərq–Qərb istiqaməti üzrə ticarət dövriyyəsinin, yüklərin daşınmasında sürət və keyfiyyət həcmlərinin artmasına ciddi maraq göstərir.
Dünyanın nəqliyyat xəritəsini dəyişəcək, dəyər zənciri də adlandırılan Orta və Zəngəzur dəhlizlərinin daha bir üstünlüyü Türk Dövlətləri Təşkilatının əsas əlaqələndiricisi kimi tanınmasına zəmin yaratmasıdır. Çin–Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Asiyanı Avropa ilə birləşdirən marşrut olar bu layihə münbit geosiyasi şəraitdə qitələr arasında ən qısa və rahat marşrutdur. Orta Dəhlizlə Çindən Avropaya 7 min kilometr məsafə qət etməklə daşınmalar mümkündür. Eyni zamanda, Çindən gələn yüklərin Qazaxıstandan keçərək Xəzər dənizinə, Azərbaycana və oradan da Gürcüstan və Türkiyə üzərindən Avropadakı son təyinat ölkələrinə çatmasına imkan yaradır. Bu baxımdan dəhlizin və bu infrastrukturun bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolu böyük əhəmiyyətə malikdir. Beləliklə, Azərbaycanın dost ölkə ilə nəqliyyat–logistikaya dair qlobal təşəbbüslər müstəvisində qurduğu əməkdaşlıq siyasi, iqtisadi, ticarıi baxımdan böyük əhəmiyyətə malikdir.
Azərbaycan Çinlə dostluğu bilik, təcrübə və texnoloji tərəqqi mənbəyi kimi dəyərləndirir. İki ölkənin iqtisadi-ticari münasibətlərində davamlı inkişaf nəzərə çarpır. Ölkəmizin milli prioritetlərindən olan rəqəmsal və «yaşıl keçid» sahələrində Çinlə əməkdaşlığa böyük önəm verilir. Hər iki ölkənin birgə səyi ilə Azərbaycanda bərpaolunan enerji avadanlığı və elektrik avtomobillərinin birgə istehsalı prioritetlərdəndir. Çinin ölkəmizdə günəş elektrik stansiyası üçün panellər hazırlaması da bu fikrin parlaq nümunəsidir. Məsələn, 550 hektar ərazini əhatə edən Qaradağ Günəş Elektrik Stansiyasında quraşdırılan 570 min günəş paneli Çinin «Longi» şirkəti tərəfindən hazırlanıb. Çinin innovasiya yönümlü investisiya imkanlarının respublikamız üçün önəmi də getdikcə artır. Şərqlə Qərbin kəsişməsində strateji mövqeyə malik ölkəmizdə Çin şirkətlərinin fəaliyyəti üçün geniş imkanlar mövcuddur. Azərbaycanın nəqliyyat, enerji və digər sahələrdə xidmətlər vasitəsilə regional tərəfdaşlığın gücləndirilməsinə böyük stimul verməsi də bu məsələdə intensivliyi artırır. Ticari–iqtisadi əlaqələrin inkişafına geniş imkanlar yaradır. Təbii ki, bu şəraitin davamlı şəkildə formalaşmasına iki ölkə arasında sərmayələrin təşviqi və qorunması, habelə ikiqat vergitutmanın qarşısının alınması üzrə imzalanan bir sıra sazişlər, həmçinin texniki-iqtisadi əməkdaşlığa dair sənədlər mühüm önəm daşıyır. Bu baxımdan Azərbaycan Çin üçün çox önəmli tərəfdaş kimi ticarət partnyoru olaraq dördüncü yerdədir. Möhkəmlənən iqtisadi, siyasi əlaqələr gələcək üçün böyük perspektivlər vəd edir.
Xuraman İsmayılqızı, «İki sahil»