14 aprel 2025 14:42
230

Çinlə münasibətlərin inkişafı Azərbaycanın strateji maraqlarına uyğundur - AÇIQLAMA

Dünyanın böyük və qədim dövlətlərindən biri olan Çin Xalq Respublikası ilə olan münasibətlərin inkişafı Azərbaycanın milli maraqları, strateji maraqlarına uyğundur. Çinlə körpülərin qurulmasında Ümummilli Lider Heydər Əliyevin çox böyük rolu olub. Ulu Öndərin 1994-cü ildə Çinə səfəri zamanı artıq gələcək əməkdaşlığın müəyyən prioritet istiqamətləri müəyyənləşdi. Həmin səfər zamanı Çinlə Azərbaycan arasında 8 müqavilə imzalanmışdı. 2005-ci və 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinə səfər etdi və hər belə səfərlər zamanı Çinlə Azərbaycan arasında bütün müstəvilərdə - diplomatik, mədəni, siyasi və.s əməkdaşlığın genişlənməsinin əsası qoyuldu.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirdi.

Deputat qeyd etdi ki, ümumiyyətlə, ölkəmizin  inlə münasibətləri ədəbi, mədəni baxımdan həmişə yüksək səviyyədə olub. Məsələn, 5-6 il əvvəl olar ki,  AMEA Ədəbiyyat İnstitutu və Çin Konfutsi İnstitutu arasında əməkdaşlıq memorandumu imzalandı. Bunu bir ədəbiyyat mübadiləsi,  mədəni bir hadisə hesab etmək olar. Bizim Kitabi Dədə Qorqud dastanımız Çin dilində işıq üzü görüb. Bir məqamı da qeyd edim ki, XX əsrin əvvəllərində böyük maarifçi jurnallarımızdan olan "Füyuzat" ədəbi jurnalı o zaman öz səhifələrində Konfutsi təlimlərinə, həmçinin onun humanist başlanğıcına hər zaman böyük üstünlük vermişdir.

Elnarə Akimova bildirdi ki, bu gün də Azərbaycanın Çinlə münasibətləri  ölkəmizin strateji maraqlarına uyğundur. Məsələn, bu gün Azərbaycanın qarşısında duran ən vacib məsələlərdən biri nədir? Təbii ki, Zəngəzur amilidir, Zəngəzur dəhlizinin açılmasıdır. Düşünürəm ki, bu dəhliz Çindən Avropaya doğru uzanan bütün mübadilələrin güclənməsinə çox güclü bir təkan olacaq, çox mühüm bir daktor rolunu oynayacaq. Bu gün Çinlə Azərbaycan arasında olan münasibətlər sistemi də məhz belə bir qarşılıqlı faydalılıq prinsipinə əsaslanır.

Səbinə Kazımova, "İki sahil"