15 aprel 2025 16:42
111

Bakı bazarlarında meyvə-tərəvəzlərin qiyməti "əl yandırır"

Bahaçılığın həm subyektiv həm obyektiv səbəbləri var

Bakı bazarları el dili ilə desək «od tutub yanır». Xüsusilə ikinci çörək hesab edilən kartof son illərin ən yüksək həddinədək bahalaşıb. İndi ən ucuz kartofun bir kiloqramı 1manat 60 qəpikdən başlayır. Hətta bazarlarda kiloqramı 2 manata kartof da satılır. Digər gündəlik tələbat məhsulu olan  soğan isə 1 manat 40 qəpiyədir. Almalar 2 manata,  xiyar 4 manata. pomidor 5 mana və daha baha qiymətə satılır. Hətta çiyələk və alçanın qiyməti də kəllə- çarxa vurub. 5 manata çiyələk, 40 manata isə alça satılır… Əvvəllər 4 ədədi 1 manata satılan limon isə bu gün bazarlarda alıcıya  60-70 qəpiyə təklif edilir.

Burada qəbul edilən acı reallıq odur ki, soğan və kartofun qiymətinin qalxması hər bir ailənin büdcəsində dərhal hiss edilir. Çünki bu məhsullar gündəlik tələbat mallarıdır. Onlar mətbəxlərin həmişə ən çox ehtiyac duyulan məhsullarıdır. Çiyələk və alçanın qiymətinin belə yüksək olmasının vətəndaş üçün elə ciddi  fərqi  də yoxdur. Çünki bu mövsümi meyvələr insanların qida rasionunda elə böyük əhəmiyyətə malik deyillər. Eyni zamanda, onların mövsümündə ucuzlaşmaq ehtimalı var. 

Bəs bazarlarda belə bahaçılığın hökm sürməsinə səbəb nədir? Niyə son zamanlar xeyli sayda aqroparklar yaradılan ölkəmizdə kənd təsərrüfatı məhsulları belə baha qiymətə satılır? Əvvəla qeyd edək ki, aqroparklar hələ yeni yaradılıb və onlardan tam istifadə üçün zamana ehtiyac var. Digər tərəfdən, bu aqorparklar ölkənin kənd təsərrüfat məhsullarının istehsalının təqribən  10-15 faizini əhatə edir. Belə olduqda kənd təsərrüfatı məhsullarının bolluğunu yaratmaqda əsas güc yenə də ölkə fermerlərinin üzərinə düşür.

Əvvəlki yazılarımızda qeyd etmişdik ki,  Azərbaycan dövləti fermerlərə hərtərəfli maliyyə dəstəyi göstərməklə bərabər, həm də onlara vergi güzəştləri də tətbiq edir. Ancaq bütün bunlara baxmayaraq ölkə fermerləri hələ də əkinə yararlı torpaqlardan səmərəli istifadə edə bilmirlər. Məsələn, Saatlı rayonundan Hüseyn Məmmədov adlı fermerin sözlərinə görə, məhsulu becərmək üçün bir çox rayonlarda olduğu kimi, onlarda su qıtlığı mövcuddur. Əkilən sahələrdə məhsul hər ay sulanmalı olduğu halda iki aydan bir sulamağa imkan olur. Nəticədə, məhsulun yetişdirilməsində böyük itkilərlə üzləşir. 

Tərtərdən olan Akif adlı fermer isə bildirir ki, Bakı bazarlarında inhisarçılıq hökm sürür. Bir qrup adam əsl fermerləri bazarlardan didərgin salıblar: «Bizi məcbur edirlər ki, gətirdiyimiz məhsulları onlara ucuz qiymətə verib kəndə qayıdaq. Bizdən 40- 50 qəpiyə aldıqları məhsulları bazarlarda 2 manata satırlar. Hətta kəndlərdə tarla qırağında  toplanan tonlarla   yerkökü və çuğundur 10-15 qəpiyə satıldığı halda Bakı bazarlarında müştəriyə 1 manat 50 qəpiyə təklif edilir.»

Bəs bazardakı inhisarçılığı yaradan kimlərdir ? Niyə onlara qarşı ciddi tədbir görülmür? Bu məsələdə bəzi məqamlar var ki, onlara da aydınlıq gətirilməlidir. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin mövqeyi  belədir ki, qiymətlərini dövlət tənzimləməyən malların, işlərin, xidmətlərin  qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında formalaşır. Buna  meyvə-tərəvəzlərin qiymətini də aid etmək olar. Yən, qiymətlər bazar prinsiplərinə uyğun olaraq satanla alan arasında sərbəst müəyyən edilir.

Agentliyin açıqlamasında o da qeyd edilir ki, ölkəmizdə meyvə-tərəvəz məhsulları daha çox fərdi təsərrüfatlarda yetişdirilir və istehlak bazarına təqdim edilir. Buna görə də onların qiymətlərinin formalaşmasına mövsümi amillər, regionlardan bu cür məhsulların tədarük edilərək paytaxt və digər iri şəhərlərə satış üçün daşınması ilə bağlı müvafiq xərclər, hava şəraiti ilə əlaqədar yığılan məhsulların yararsız hissəsinin maya dəyərinə əlavə olunması və digər amillər təsir edir.

Həmçinin Agentlik əlavə olaraq bildirir ki, ölkənin istehlak bazarında qiymət manipulyasiyalarına yol verilməməsi üçün əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymətin formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə  istehlak bazarında gündəlik monitorinqlər aparlıır. Tədbirlər çərçivəsində bir sıra qida məhsullarının qiymətində olan artımların antiinhisar qanunvericiliyinin tələblərinə uyğun olmasının yoxlanılması məqsədilə bazarlarda araşdırmalar davam etdirilir. 

Göründüyü kimi, açıqlamalarda həqiqət payının olduğu kimi, bəzi çatışmazlıqlar da mövcuddur. Məsələn, sözügedən dövlət  agentliyi bazarlardakı inhisarçılığı yaradan səbəbləri daha effektif araşdırsaydı  fermerlrin problemlərinə daha çox yardımçı olardı.  Bundan başqa, meyvə -tərəvəz idxalında da inhisarçılığın olmasına dair məlumatlar var. Məsələn, bu gün ölkəmizin bazarlarında xarici ölkələrdən idxal olunan on minlərlə ton  meyvə–tərəvəz var. Pakistandan, Türkiyədən, Belarusdan, Gürcüstandan və İrandan gətirilən kartofların da  kimlərinsə inhisarında olduğunu  iddia edənlər bildirirlər ki, məhz bunun nəticəsidir ki, xaricdən gətirlən bu məhsullara qiymətlərini elə monopolistlər diktə edirlər.

Bundan başqa, bu gün  əkinə yararlı torpaqların bir qisminin hələ də istifadəsiz qalması da ərzaq qıtlığına şərait yaradan amillərdəndir. Ona görə istifadəsiz qalır ki, rayon sakinləri kəndlərini tərk edərək iri şəhərlərə, daha qazanclı iş axtarmağa gəlirlər. Bunun özü  də bir sosial  problemdir.

Elçin Zaman, "İki sahil"