15 aprel 2025 23:16
109

“Ticarət savaşları”, neftin qiyməti: Dünya iqtisadiyyatını nə gözləyir?

Neftin ucuzlaşması qlobal iqtisadiyyata mənfi təsir göstərə bilər

Məlum olduğu kimi, son günlərdə dünya bazarında neftin qiymətləri son dörd ilin ən aşağı səviyyəsinə düşüb. Bunun səbəblərindən biri də qlobal “ticarət müharibələri”nin birjalara təsirsiz ötüşməsi ilə bağlıdır. Ekspertlər ABŞ Prezidenti Donald Trampın aprelin 2-də idxala gömrük rüsumları tətbiq edən fərman imzalamasından sonra qlobal ticarət müharibələrinin dərinləşəcəyini hesab edirdilər və bu da neftə olan tələbatın azalacağına yol açdı. Tələbat azaldıqca təbii ki, qiymətdə azalma da qaçılmazdır. Ümumiyyətlə, geosiyasi faktorlar, “ticarət savaşları”, dünyaya hegamonluq təşəbbüsləri, o cümlədən Rusiya-Ukrayna münaqişəsi, Yaxın Şərqdə yaranan vəziyyət, tələbin və təklifin dəyişməsi neftin qiymətinə təsir göstərir.

Neftin qiymətləri sosial öhdəliklər üçün hər hansı çətinlik yaratmır

Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, “qara qızıl”ın qiyməti ilə bağlı proqnozlar da kifayət qədər bədbindir: “ABŞ-ın qarşılıqlı tarif qərarı qlobal ticarətdə 330 milyard dollarlıq azalma gözləntisi ilə yanaşı, dünya iqtisadiyyatında yeni tənəzzül dövrünün başlaması riski yaradıb. “Goldman Sachs” təhlilçiləri neftin bir barelinin qiymətinin 40 dollaradək azalacağını istisna etmirlər. Neftin qiymətinin azalmasının Azərbaycana təsirlərinə gəldikdə isə ixracatımızın 80 faizinin xam neft təşkil etdiyini nəzərə alsaq birjalardakı dəyişikliklər ölkəyə daxil olan valyuta həcminə birbaşa təsir göstərir. Aşağı neft qiymətlərinin sosial ödənişlərə təsirlərinə gəldikdə isə sosial xərclərlə bağlı hər hansı azalma gözlənilmir. Büdcə xərclərində sosial ödənişlərin payı 41.0 faizdir. Büdcənin qeyri-neft gəlirləri 51.0 faizdir. Fiskal neft gəlirlərimizin əhəmiyyətli hissəsini təşkil edən Dövlət Neft Fondunun büdcə transfertləri 2025-ci ildə 14 milyard 481 milyon manat nəzərdə tutulub. Neft Fondunun aktivlərinin 60.0 milyard dollardan çox olduğunu nəzərə alsaq büdcə transfertləri üçün hər hansı çətinliyin olmaması aydınlaşır. Bu da bütün sosial layihələrin vaxtında maliyəlləşdirməsinə imkan verir. Bu baxımdan neftin aşağı qiymətləri 2025-ci ildə sosial öhdəliklər üçün hər hansı çətinlik yaratmır.”

Neftin qiymətinin azalması ABŞ üçün sərfəli deyil

İqtisadçı ekspert Emin Axundzadə hesab edir ki, neft qiymətlərinin aprel ayının əvvəlindən etibarən kəskin azalmasının və 2021-ci ildən etibarən ilk dəfə “Brent” markalı neftin fyuçers qiymətlərinin 60 dollardan aşağı düşməsinin ən böyük səbəbi, heç şübhəsiz “ticarət savaşları”dır: “Əsasən də ABŞ tərəfindən Çindən idxal olunan mallara tətbiq edilən tariflərin 145%-ə qədər qaldırılması bazar iştirakçıları arasında ciddi narahatlıq doğuraraq qiymətlər üzərində güclü təzyiq yaratdı. Belə ki, ABŞ və Çin dünyada ən böyük iki neft istehlakçısı, Çin isə dünyada ən böyük neft idxalçısıdır. Bu iki ölkə qlobal neft istehlakının təqribən 35%-ni qarşılayır. Qarşılıqlı tariflərin artırılması qlobal iqtisadi aktivliyin zəifləməsi fonunda neftə tələbatın azalması ilə nəticələnə bilər ki, bu da bazarda ciddi narahatlıq yaradır.”

Ekspert qeyd edib ki, cari ilin birinci rübündə ABŞ və Çin arasında ticarət dövriyyəsi təqribən 155 milyard dollar təşkil edib ki, bunun 116 milyard dolları Çinin ABŞ-a ixrac dəyəri, 39 milyard dollar isə idxal dəyəridir: “Yəni, Çinin ABŞ-la xarici ticarət dövriyyəsinin müsbət saldosu 77 milyard dollar təşkil edir ki, bu da ABŞ tərəfində ciddi narazılığa səbəb olur. OPEC+ ölkələri növbəti aydan etibarən neft hasilatını tədricən 411 min barrel artırmaq qərarına gəliblər ki, bu da bazarda tələb və təklif arasında disbalansı artıra bilər. Ancaq uzunmüddətli perspektivdə qiymətlərin azalması ABŞ üçün də sərfəli deyil. Belə ki, ABŞ-ın ümumi neft hasilatının təqribən 65%-ni şist neft hasilatı təşkil edir ki, qiymətlərin aşağı olması ölkədə şist neft hasilatının rentabelliliyini ciddi şəkildə azaldaraq ümumi neft hasilatına mənfi təsir göstərə bilər. Ümumilikdə neft qlobal əmtəə olduğu üçün onun ucuzlaşması qlobal ticarət həcmlərinin azalmasına və nəticədə qlobal iqtisadiyyata mənfi təsir göstərə bilər.”

Neftin qiymətində nisbi tarazlığın formalaşacağını düşünürəm

İqtisadçı Eldəniz Əmirov vurğulayıb ki, neft qiymətinin büdcədə nəzərədə tutulan 70 dollardan aşağı olması 2 səbəbdən elə də qorxulu deyil: “Birincisi, 2025-ci ilin 1-ci rübündə Azərbaycan neftinin orta ixrac qiyməti 77 ABŞ dolları olub. Bu, o deməkdir ki, əgər 2-ci rübdə orta qiymət 63 dollar olarsa, yarımillik orta qiymət elə büdcədə nəzərdə tutulan 70 dollara bərabər olacaq. Yəni, ilin ilk yarısında maliyyə tarazlığı hələ ki, pozulmayacaq. İkincisi, ABŞ-da Trampın tarif siyasətinin uğurlu olmadığı artıq öz təsdiqini tapdığı kimi, onun neft qiymətlərini aşağı salmaq üçün atdığı addımların da uzunmüddətli effekt verməyəcəyi artıq görünməkdədir. Bu baxımdan enerji bazarlarında qiymətlərin Azərbaycan büdcəsində ciddi fəsadlar yaradacaq səviyyədə kəskin və davamlı ucuzlaşacağını gözləmirəm. Bu ilin ikinci rübünün sonuna qədər tarif siyasəti ilə bağlı qeyri-müəyyənlik böyük ehtimalla öz həllini tapacaq, bundan sonra neftin qiymətində nisbi tarazlığın formalaşacağını düşünürəm.”

Azərbaycan neftinin qiymətində nikbinlik

Aprelin 15-nə olan məlumata görə, dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiymətində nikbinlik müşahidə olunmaqdadır. Belə ki, “Azeri Light” markalı neftin qiyməti 0,96 ABŞ dolları, yaxud 1,44 % artaraq 67,57 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,88 ABŞ dolları və ya 1,35 % artaraq 65,71 ABŞ dolları təşkil edib.

Orxan Vahidoğlu, “İki sahil”