Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun 85 illiyi münasibətilə tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, Beynəlxalq Şahmat Federasiyasının sabiq rəhbəri Kirsan İlyumjinov, Gürcüstan Şahmat Federasiyasının prezidenti Akakiy İaşvili, beşqat dünya çempionu, qadın şahmatının əfsanəsi Nona Qaprindaşvili, milli komandanın üzvü Şəhriyar Məmmədyarov və digərləri iştirak edib.
Mərasimdə yubilyar Faiq Həsənovun adının ən uzun müddətli hakim kimi Ginnesin Rekordlar Kitabına daxil edildiyi elan olunub. Çıxış edən “Guinness World Records”un rəsmisi Şeyda Subaşı təqdim olunan məlumatların yoxlanılaraq tələb edilən şərtlərə tam uyğun olduğunu söyləyib.
Beləliklə Faiq Həsənov şahmat üzrə ən uzun müddətli kişi hakim kimi rəsmən təsdiqlənib. F.Həsənov 60 il 149 gün müxtəlif şahmat yarışlarında hakimlik etməklə dünyanın məşhur Ginnesin Rekordlar Kitabına düşüb. Bununla bağlı “Guinness World Records”un rəsmisi səbəbkara rəsmi sertifikatı təqdim edib.
Qeyd edək ki, tədbir iştirakçıları bu günlərdə 40 yaşı tamam olan üçqat Avropa çempionu, rapid üzrə dünya çempionu Şəhriyar Məmmədyarovu da təbrik edib.