14 aprel 2025 01:26
151

Husilər Ben-Qurion hava limanına raket zərbələri endirdiklərini bildiriblər

Yəməndəki üsyançı “Ənsar Allah” hərəkatından olan husilər Təl-Əvivdəki Ben-Qurion hava limanına və İsrailin şərqində yerləşən “Sdot-Mixa” hərbi bazasına zərbələr endiriblər.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə üsyançıların formalaşdırdığı silahlı qüvvələrin hərbi nümayəndəsi Yəhya Saria bildirib.

“Raket qoşunları <...> biri “Fələstin-2” tipli hipersəs raketi olmaqla iki ballistik raketdən istifadə edərək “Sdot-Mixa” bazasına zərbə endirməklə hərbi əməliyyat həyata keçiriblər”, – o, “Ənsar Allah”ın nəzarətində olan “Al Masirah” televiziya kanalının efirində deyib.

Sarianın sözlərinə görə, husilər həmçinin “Zülfiqar” tipli raketdən istifadə edərək Ben-Qurion hava limanına hücum ediblər və İsrailin cənub-qərbində Aşkelon şəhəri yaxınlığında “vacib hədəfi” pilotsuz uçuş aparatı ilə vurublar.

Husilərin hərbi nümayəndəsinin iddiasına görə, hər iki əməliyyat “öz hədəflərinə çatıb”. Saria qeyd edib ki, Yəmən üsyançılarının hücumu nəticəsində Ben-Qurion hava limanı “təxminən bir saat” işini dayandırıb.