Hər il Ermənistan ərazisindən keçən 350 milyon kubmetr su kimyəvi, radioaktiv maddələrlə və ağır metallarla çirkləndirilir
Azərbaycan Respublikası qonşu Ermənistan tərəfindən bu gün də ekoloji təsirlərə məruz qalır. Bu ekoloji təhdidlərin əsasında isə Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsi xüsusilə diqqət çəkir. Təsadüfi deyil ki, artıq illərdir, Ermənistan ərazisində həm kimyəvi sənaye qalıqlarının tullantıları Araz çayına atılır, eyni zamanda, “Metsamor” AES-in soyudulmasında da bu çayın suyundan istifadə edilərək çirklənmiş su sonra yenidən çaya axıdılır. Çayın bu cür çirkləndirilməsi Ermənistanın özü ilə bərabər, Araz çayının axdığı digər ölkələrin də ekologiyasını ciddi təhdid edir.
Məlumdur ki, Araz çayı öz başlanğıcını Türkiyə Respublikasının Bingöl dağlarından götürür və Naxçıvan Muxtar Respublikasının İranla, Naxçıvandan sonra isə Ermənistanla sərhədinə çevrilir, sonra Azərbaycan Respublikasının ərazisinə daxil olana qədər İranın Azərbaycan Respublikası ilə sərhədi boyunca axır və nəhayət, Xəzər dənizinə tökülmək üçün Suqovuşanda Kür çayına qoşulur. Suyu zəhərlənmiş Araz çayı, eyni zamanda, töküldüyü Xəzər dənizinə də mənfi təsir edir. Beləliklə, Xəzər sahilində yerləşən ölkələrə də öz mənfi təsirini göstərir. Digər tərəfdən, Türkiyə, Azərbaycan Respublikası və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası, Ermənistan və İran bu çaydan bəhrələnirlər və çayın ekoloji təmizliyinin mühafizəsində bu ölkələrin hər biri məsuliyyət daşıyır.
Hazırda Araz çayının suyundan 4 ölkə istifadə edir. Dünyadakı su problemini nəzərə alsaq, Araz çayının çirklənməsi və bu sərhəd çayının istifadəyə yararsızlığı gələcəkdə daha kəskin vəziyyətə gətirib çıxara bilər. Bu gün mütəxəssislər də həyəcan təbili çalırlar ki, ermənilər Araz çayını ekoloji fəlakətin qurbanına çeviriblər. Araşdırmalar göstərir ki, hər il Ermənistan ərazisindən keçən 350 milyon kubmetr su kimyəvi, radioaktiv maddələrlə və ağır metallarla çirkləndirilir. Gümrüdən Sədərəyə qədər götürülmüş nümunələrə əsasən Araz çayındakı ekoloji göstəricilər dünyada təyin olunmuş normalardan dəfələrlə artıqdır. Bu çaya atılan ağır metalların, fenolların, ağır fosfor duzlarının və radioaktiv tullantıların miqdarı normalardan dəfələrlə çoxdur. Hətta 2022-ci ildə “Research Journal of Border Studies” jurnalı özünün dördüncü sayında bu məsələyə toxunaraq “İçməli suyun çirklənməsi nəticəsində sərhədyanı ərazilərdəki sakinlərinin əksəriyyətində xəstəliklərin sayı artmaqdadır” yazmışdır. Türkiyəli jurnalistlər də həyəcan təbili çalaraq bildirirlər ki, İğdırdan 16 kilometr, Naxçıvan Muxtar Respublikasından isə 50 kilometr məsafədə yerləşən “Metsamor” AES-in fəsadları sərhəd bölgələrinə yaxın ərazilərə öz mənfi təsirlərini göstərməkdə davam edir. Son illərdə İğdır vilayətində hamilə qadınlarda rast gəlinən bir çox xəstəliklər, eləcə də heyvanlar arasında geniş yayılmış anormal doğuş hallarının (iki və üçayaqlı doğulan heyvanlar) sayı xeyli artıb. Eyni zamanda tərəvəz və bostançılıq məhsullarında da müxtəlif xəstəliklərin geniş yayılması “Metsamor” AES tərəfindən havanın və su mənbələrinin çirklənməsinin nəticəsi kimi qəbul edilir. Atom Elektrik Stansiyasının soyutma sistemində Araz çayının suyundan istifadə olunaraq sonra yenidən həmin suyun Araza axıdılması, təbii ki, öz mənfi təsirlərini göstərməkdədir. Bütün bunlar isə nəinki yaxın bölgələrdə məhsuldarlığı dəfələrlə aşağı salır, qeyd etdiyimiz kimi, əhali arasında onkoloji xəstəliklərin artmasına da səbəb olur.
Ermənistanın Araz çayını çirkləndirməsi, məsələsi daim bölgə dövlətləri tərəfindən gündəmə gətirilir. Bu məsələ Azərbaycan tərəfindən dəfələrlə beynəlxalq təşkilatların diqqətinə çatdırılsa da, indiyədək buna qarşı heç bir tədbir görülməyib. Hətta bu ilin mart ayında bizim vətəndaş cəmiyyətinin üzvləri Brüsseldə keçirilən Nüvə Enerjisi Sammitinin həmsədrlərinə də bununla bağlı məktub yazaraq stansiyanın fəaliyyətinin dayandırılması üçün Ermənistan hökuməti qarşısında məsələ qaldırmağa çağırmışdı. Bunu da əlavə edək ki, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Monitorinq Departamentinin məlumatına əsasən, Mehri, Qacaran, Qafan və Dəstəkert dağ-mədən kombinatlarının yüz min tonlarla qatı turş suları, ağır metal duzları və başqa tullantıları da Arazın qolu olan Oxçuçaya axıdılır. Ayrı-ayrı vaxtlarda suyun tərkibində misin miqdarı normadan 25-50 dəfə, fenolların miqdarı isə normadan 6-15 dəfə artıq olmuşdur. Mütəxəssislər qeyd edirlər ki, “Metsamor” AES-in fəaliyyəti nəticəsində hər sutka ərzində Araz çayına 12-16 min kubmetr radioaktiv tullantı axıdılır. Bu isə çayın suyunun Azərbaycan ərazisində həm içməli, həm də suvarma mənbəyi kimi istifadəsini təhlükə altına salır. 2021-ci ilin əvvəlində Avropa Komissiyası Ermənistanla tərəfdaşlıq sazişinin 2020-ci ildə icra olunmasına dair hesabatında qeyd edib ki, “Metsamor” AES quruluşuna görə nüvə təhlükəsizliyinə dair beynəlxalq standartlara uyğun yenidən qurula bilmədiyinə görə ən tez bir vaxtda bağlanılmalıdır.
Sevinc Azadi, “İki sahil”