Azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı yerli əhalinin məşğulluğunu artıracaq, yeni iş yerləri açılacaq və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına təkan verəcək
Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra başlanılan Böyük Qayıdış prosesi təkcə fiziki bərpa deyil, həm də milli ruhun, yaddaşın, həmrəyliyin və Vətən sevgisinin yenidən canlanmasıdır. Bu gün işğaldan azad edilmiş torpaqlarda həyat yenidən qurulur, yollar çəkilir, məktəblər, xəstəxanalar inşa olunur, kəndlərə, şəhərlərə sakinlər qayıdır. Dövlətimizin bu istiqamətdə atdığı addımlar təkcə sosial və iqtisadi deyil, həm də təhlükəsizlik və diplomatik səviyyədə ciddi əhəmiyyət kəsb edir. Milli Məclisin deputatı Pərvanə Vəliyeva İki sahil.TV-yə müsahibəsində bu məsələlərə aydınlıq gətirdi.
-Pərvanə xanım, azad edilmiş torpaqlara ilk dəfə ayaq basanda hansı duyğuları yaşadınız?
-İlk dəfə azad edilmiş torpaqlara ayaq basanda çox sevinmişdim. Amma, eyni zamanda, illər boyu dağıdılmış, viran olmuş kəndləri və şəhərləri görmək də çox ağrılıdır. Sevindirici haldır ki, azad olunmuş torpaqlar sürətlə dirçəlir, cənnətməkana çevrilir. Bu gün torpaqlarımıza sahib çıxmaq, onun bərpası üçün çalışmaq həm böyük məsuliyyət, həm də şərəfdir. İşğaldan təmizlənmiş torpaqlarımız böyük Zəfərimizin rəmzidir. Bu torpaqlar bizə həm keçmişin dərslərini, həm də gələcəyin vəd etdiyi azadlıq və inkişaf yolunun əhəmiyyətini göstərir. Əvvəllər düşmənin əlində olan bu torpaqlarda indi azadlığın, qələbənin dadı hiss olunur.
-İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üzrə görülən işlərin cari vəziyyəti necədir?
-Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı Azərbaycan dövləti üçün ən prioritet məsələdir. Bu ərazilərin yenidən qurulması üçün büdcədən ayrılan vəsait Vətən müharibəsindən sonra daim diqqətdə saxlanılıb. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yalnız öz iqtisadi gücünə arxalanaraq böyük işlər görür. Azad edilmiş ərazilərdə beynəlxalq hava limanlarının istifadəyə verilməsi isə Böyük Qayıdış Proqramının daha da sürətlənməsini təmin edir. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinə 2020-ci ildən başlayaraq ümumilikdə 22 milyard manata yaxın, o cümlədən 2025-ci ildə 4 milyard manat vəsait ayrılıb. 2026-cı ilin sonunadək Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir əyani göstəricisidir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda həmin ərazilərə köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgələrdə reallaşdırılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 30 minə yaxın insan yaşayır.
-Sosial infrastrukturun, məsələn, məktəb və xəstəxanaların tikintisi və fəaliyyəti barədə nə deyə bilərsiniz?
-Hazırda azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri çərçivəsində böyük infrastruktur layihələri icra olunmaqdadır. Xəstəxanalar, məktəblər, idman və digər infrastruktur obyektlərinin tikintisi sürətlə davam edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yol infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən layihələr çərçivəsində tunellər və körpülər inşa edilir, polad magistrallar çəkilir, bütün elektrik təsərrüfatları yenidən qurulur. Möhtəşəm yol şəbəkəsinin yaradılması keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmasına, Qarabağın və Şərqi Zəngəzurun gələcək inkişaf planlarının həyata keçirilməsinə böyük töhfə verir. Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın bu əraziləri sürətlə inkişaf etdirərək çiçəklənən diyara çevirmək əzmini nümayiş etdirir. Prezident İlham Əliyev işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinə mütəmadi səfərlər edir, bölgələrin bərpası və inkişafına xüsusi diqqət yetirir. Bu gün Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan torpaqlarının işğaldan azad olunmasının sevincini və qürurunu yaşayır. Artıq böyük inkişafın təməlləri atılır. Əsas məqsəd regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. Bütün dünya 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda canlanmanın və məskunlaşmanın şahididir.
- Azad edilmiş ərazilərdə sahibkarlara verilən dəstək, vergi güzəştləri və investisiya imkanları barədə nə deyə bilərsiniz?
-Sahibkarlara verilən dəstək, vergi güzəştləri və investisiya imkanları, xüsusilə azad edilmiş ərazilərdə iqtisadi inkişafı sürətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. 2025-ci ilə qədər bu sahədə bir neçə əhəmiyyətli addımlar atılmışdır və bu istiqamətdə görülən işlər Azərbaycan hökumətinin iqtisadi canlanmanı təmin etməyə yönəlmiş əsas prioritetlərindən biridir. Azərbaycan hökuməti xüsusilə azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara müxtəlif dəstək proqramları təqdim edir. Bu dəstək proqramları iş yerlərinin açılması və yerli iqtisadiyyatda aktivliyin artırılması məqsədini güdür. Sahibkarlara verilən kreditlər, biznesin inkişafını stimullaşdırmaq üçün nəzərdə tutulmuş subsidiyalar və startaplara maliyyə dəstəyi verilir. Vergi endirimləri və güzəştləri sahibkarların daha asanlıqla fəaliyyət göstərməsini və iqtisadiyyata töhfə vermələrini təmin edir. Eyni zamanda, vergi güzəştləri bu ərazilərdə uzunmüddətli inkişafın təmin olunmasına kömək edir. Həmçinin dövlət, xarici və yerli investorların layihələrinə dəstək olmaq üçün bürokratik əngəlləri aradan qaldıran bir çox islahatlar həyata keçirib. Bütün bu dəstək tədbirləri sahibkarlıq mühitinin inkişafına və ölkənin iqtisadiyyatının güclənməsinə ciddi təsir göstərməkdədir. Azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı yerli əhalinin məşğulluğunu artıracaq, yeni iş yerləri açılacaq və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına təkan verəcək. Bu isə ümumilikdə Azərbaycanın iqtisadi müstəqilliyini daha da möhkəmləndirəcək.
-Pərvanə xanım, bu prosesdə təhlükəsizlik məsələləri necə təmin olunur? Ərazilərdə mina təmizlənməsi, sosial sabitliyin qorunması və digər təhlükəsizlik tədbirlərini nəzərdə tuturuq...
-Azad edilmiş ərazilərdə təhlükəsizlik məsələlərinin təmin olunması həm fiziki infrastrukturun qurulması, həm də sosial sabitliyin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu prosesdə mina təmizlənməsi, sosial sabitliyin qorunması və digər təhlükəsizlik tədbirləri əhəmiyyətli addımların atılmasını tələb edir. Azad edilmiş ərazilərdə mina təhlükəsi ciddi problem olaraq qalır. Mina və partlamamış hərbi sursatların təmizlənməsi insanların təhlükəsizliyini təmin etmək və ərazilərdə bərpa işlərini sürətləndirmək üçün əsas prioritetlərdən biridir. Azərbaycanın Müdafiə Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən mina təmizləmə əməliyyatları həyata keçirilir. Beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində təcrübəli mina təmizləyicilərinin təcrübəsindən istifadə edilir. Azad edilmiş ərazilərdə hüquq-mühafizə orqanlarının fəaliyyəti daha da gücləndirilmişdir. Polis, hərbi və digər təhlükəsizlik qurumları ərazidə sabitliyin təmin olunmasına, cinayətkarlığın qarşısının alınmasına və hüquq pozuntularının həllinə xidmət edirlər. Ümumiyyətlə, minaların təmizlənməsi, sosial sabitlik və digər təhlükəsizlik tədbirləri əhalinin rahat və təhlükəsiz şəkildə bu ərazilərə geri qayıtması və bərpa proseslərinin sürətləndirilməsi üçün əhəmiyyətli addımlardır.
Şəmsiyyə Əliqızı,
Səbinə Qorxmaz, “İki sahil”