09 aprel 2025 10:44
159

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Keniyada səfərdə olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanın rəhbərlik etdiyi nümayəndə heyəti Keniyanın paytaxtı Nayrobi şəhərinə işgüzar səfər edib.

“İki sahil” xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, səfərin əsas məqsədi Mərkəzin Afrikada təmsil olunması və Keniya ilə əməkdaşlığını genişləndirməsi üzrə gələcək layihələrin müzakirəsi olub.

Səfər çərçivəsində nümayəndə heyəti bir sıra yüksəksəviyyəli görüşlər keçirib. Xüsusilə Keniya Baş nazirinin Aparat rəhbəri, xarici işlər üzrə Baş katibi Musalia W. Mudavadi və Keniya Senatının spikeri Amason Jeffah Kingi ilə baş tutan görüşlərdə Afrikanın sosial, siyasi və iqtisadi inkişafı, sülh və təhlükəsizlik, həmçinin münaqişələrin həlli kimi mövzulara həsr olunmuş Ali Səviyyəli toplantının təşkili ideyası irəli sürülüb və ilkin təsdiqini tapıb.

Nümayəndə heyəti, həmçinin Keniyanın sabiq Baş naziri və Afrika Birliyinin infrastruktur üzrə Keniya Respublikasının ali nümayəndəsi Raila Odinqa, eləcə də bir qrup Keniya senatorları ilə də ayrı-ayrılıqda görüşlər keçirib. Görüşlər zamanı qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən qlobal çağırışlar fonunda çoxtərəfli əməkdaşlığın əhəmiyyəti müzakirə olunub.

Səfər çərçivəsində, nümayəndə heyəti BMT-nin Baş katibinin köməkçisi və BMT-HABITAT-ın İcraçı direktorunun müavini Mixal Mlinar ilə də görüş keçirib. Görüş zamanı 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna Mərkəzi dəstəyi və gələcəkdəki birgə tədbirlər müzakirə olunub.

Bildirək ki, nümayəndə heyəti Azərbaycanın Keniyadakı səfirliyinə də olub. Burada Mərkəzin işi ilə yaxından tanışlıq və Keniya- Azərbaycan əlaqələrinin əhəmiyyəti haqqında danışıqlar aparılıb.