08 aprel 2025 08:03
171

Kommersiya Nazirliyi: ABŞ yanlış yolla getsə, Çin sona qədər mübarizə aparacaq

Rəsmi Pekin ABŞ-ın tarif tədbirlərini gücləndirəcəyi təqdirdə, öz hüquq və mənafelərini qorumaq üçün qətiyyətlə əks tədbirlər görəcəyini bəyan edib.

“İki sahil” xəbər verir ki, bu barədə Çinin Kommersiya Nazirliyinin açıqlamasında bildirilir.

“Birləşmiş Ştatların Çinə qarşı tarifləri artırması təhdidi bir daha ABŞ-ın şantajının mahiyyətini ortaya qoyan səhvdən sonra daha bir səhvdir. Çin heç vaxt bununla razılaşmayacaq. ABŞ yanlış yolla getsə, Çin sona qədər mübarizə aparacaq”, - deyə qeyd olunur.

Açıqlamada ABŞ-ın Çinə qarşı tətbiq etdiyi qarşılıqlı tariflərin əsassız və tipik birtərəfli zorakılıq təcrübəsi olduğu vurğulanıb. Çinin qəbul etdiyi əks tədbirlərin onun suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumağa, həmçinin normal beynəlxalq ticarət qaydasını qorumağa yönəldiyi və tamamilə qanuni olduğu bildirilib.

Rəsmi Pekin bir daha bəyan edib ki, ticarət müharibəsində qalib olmur və proteksionizm çıxış yolu deyil. Təzyiqlər və təhdidlər Çinlə iş görmək üçün səhv yoldur. Çin ABŞ-ı səhv təcrübələrini dərhal düzəltməyə, Çinə qarşı bütün birtərəfli tarif tədbirlərini ləğv etməyə, Çin iqtisadiyyatına və ticarətinə təzyiqləri dayandırmağa və Çin ilə fikir ayrılıqlarını qarşılıqlı hörmətə əsaslanan bərabər dialoq yolu ilə lazımi qaydada həll etməyə çağırıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Çinin ABŞ mallarına 34 faizlik əlavə idxal rüsumlarını dərhal ləğv etməyə, əks halda Çin mallarına əlavə 50 faiz idxal rüsumları tətbiq edəcəyini bəyan edib. Donald Tramp Çinə rüsumların dayandırılması üçün bir gün vaxt verdiyini açıqlayıb. Əgər Çin geri addım atmasa, ABŞ aprelin 9-dan Çin mallarına əlavə 50 faiz idxal rüsumları tətbiq edəcək.