Orta Dəhlizə yeni nəfəs verəcək, Turan yolu kimi türk dövlətlərini, Avropa ilə Asiyanı birləşdirəcək ən qısa və rahat marşrut olan bu dəhlizin tərəfdarlarının sayı artmaqdadır
Bu ilin mart ayının 5-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında keçirilən açılış mərasimi qardaşlığımızın daha bir nümunəsi olmaqla qarşıdakı illərdə digər istiqamətlər üzrə əməkdaşlıq üçün etibarlı təməl oldu. Mərasimdə Azərbaycanın ayrılmaz parçası olan qədim Naxçıvanın tarixindən bəhs edən Prezident İlham Əliyev bildirdi ki, Rusiya imperiyasının xəyanətinin, daşnak siyasətinin nəticəsi olan Qərbi Zəngəzurun Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi ilə respublikanın digər bölgələri ilə Naxçıvanın birbaşa bağlantısı pozulmuşdu. Birinci Qarabağ savaşı başlayan kimi Naxçıvanı blokadaya alan Ermənistanın niyyəti Azərbaycanın ən qədim ulu məskəni olan muxtar respublikanı da işğal etmək idi. O ağır günlərdə Naxçıvanı Ermənistanın işğalından qoruyan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü, qətiyyəti ilə inşa olunan, muxtar respublikanı Türkiyə ilə birləşdirən «Ümid” körpüsü»nün inşa edilməsi ilə ermənilərin bu mənfur planının qarşısı alındı. Sonrakı illərdə iki ölkənin birgə layihələri olan, böyük coğrafiyanı əhatə edən, türk dünyasını birləşdirən enerji, nəqliyyat layihələri qardaşlıq əlaqələri kimi münasibətləri daha da möhkəmləndirir. İğdır-Naxçıvan qaz kəmərinin qardaşlığın daha bir təzahürü adlandırılması da təsadüfi deyil. Bölgədə sülh, əməkdaşlıq tərəfdarı olan hər iki qardaş ölkə arasında əlaqələri daha da möhkəmləndirəcək nəqliyyat infrastrukturu ilə bağlı proqnozlar da artıq reallaşmaqdadır. «Mən demişdim ki, Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatı üçün deyil. Eyni zamanda, Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq» söyləyən Prezident İlham Əliyev Orta Dəhliz layihəsinin tərkib hissəsi olan Zəngəzur dəhlizinin siyasi, iqtsadi əhəmiyyətini vurğulamaqla bu infrastrukturu Avropaya uzanan yol xəritəsi kimi dəyərləndirir. Türkiyə ilə Azərbaycan üçün çox mühüm strateji kommunikasiya olan bu dəhlizin işə düşməsi ilə Bakıdan çıxan nəqliyyat vasitələri birbaşa Qarsa gələ biləcəklər. Bu baxımdan Zəngəzur dəhlizinin açılması prioritet olmaqla, bütün layihələrin kəsişmə nöqtəsi kimi öz aktuallığını saxlayır. İnşası planlaşdırılan Qars-Naxçıvan dəmir yolunun açılması ilə muxtar respublikanın nəqliyyat infrastrukturu daha da genişlənib, müasirləşəcək. Zəngəzur dəhlizinə uzanacaq beynəlxalq əhəmiyyətli bu yol vasitəsi ilə sərnişin və yük daşımaları daha sərfəli olacaq.
Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılan Orta Dəhliz layihəsinin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yeni qolu olacaq Naxçıvan-Qars dəmir yolunun siyasi, iqtisadi əhəmiyyəti daha böyükdür. Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin tərəfdaşlığı ilə genişlənən, Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanacaq. Yəni, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrut olan Orta Dəhlizin yeni nəfəsi olacaq Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin bir parçası kimi fəaliyyət göstərəcək. Qars-İğdır-Naxçıvan dəmir yolu muxtar respublikanın nəqliyyat infrastrukturunu müasirləşdirəcək, iqtisadi potensialını artıracaq, eyni zamanda, beynəlxalq ticarət əlaqələri üçün yeni imkanlar yaradacaq. Təbii ki, Zəngəzur dəhlizinin tərkib hissəsi olan Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti, təkcə Türkiyə və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirməyəcək. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun davamı olmaqla Zəngəzur dəhlizinin əhəmiyyətini daha da artıracaq. Səyahət üçün də əlverişli layihə kimi diqqəti cəlb edəcək. Regional ticarət və bölgə dövlətlərinin ticari əlaqələrinin genişlənməsinə imkan yaranacaq. Strateji layihə olacaq Zəngəzur dəhlizi Naxçıvanla Türkiyə arasındakı iqtisadi əlaqələri daha da möhkəmləndirəcək və region müasir İpək Yolunun bir hissəsinə çevriləcək. Beynəlxalq yükdaşıma və ticarət marşrutlarının sayının artırılması ilə Avropa və Asiya arasında yeni körpü rolunu oynayacaq.
Azərbaycanla Türkiyə arasında Şuşada imzalanan Müttəfiqlik Bəyannaməsinə Zəngəzur dəhlizi ilə bağlı bəndlərin salınması dövlət başçımızın siyasi iradəsinin, qətiyyətinin nəticəsi, dünya birliyi tərəfindən dəstəklənən Azərbaycanın siyasi , iqtisadi uğuru olmaqla, Orta Dəhliz layihəsinin əsas tərəfdaşı və iştirakçısı olan ölkəmizin önəmini artırır. Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasındakı çıxışında Azərbaycanla həmrəyliyini «Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək”!» sözləri ilə ifadə edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın” vurğuladığı kimi, Naxçıvanı Azərbaycana birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi çevrələrdəki qorxu və əndişələr yersizdir. Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Çünki” bu dəhlizin açılmasını istəyən tərəfdaşların sayı artmaqdadır. Cənubi Qafqazda sabitliyin bərpasını təmin edəcək bu layihə ABŞ-ın, Avropa İttifaqının, həm də Çinin maraqları dairəsində olan kommunikasiyadır. Ermənistanın baş naziri Nikol Paşinyanın gülünc «sülh kəsişməsi» layihəsi Azərbaycanın qətiyyəti qarşısında kağız parçası olaraq qalacaq. Reallıq budur ki, dəhlizin açılmasına mane olanlar təkcə Zəngəzuru deyil, bütövlükdə Ermənistanı itirəcəklər.
İkinci Qarabağ müharibəsindəki Zəfərimizi Qərbi Azərbaycana, Zəngəzura uzanan yol adlandıran Prezident İlham Əliyev bu dəhlizlə bağlı göstərilən qətiyyətin uğurla başa çatacağına da əminliyini ifadə edir. «Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq» sözləri ilə Turan yolunun davamı olacaq bu dəhlizin açılacağını bildirən Prezident İlham Əliyev bütün maneələrin qarşısının alınacağını da diqqətə çatdırır.
Geosiyasi baxımdan əlverişli məkanda yerləşən Azərbaycanın müxtəlif istiqamətlər üzrə alternativ nəqliyyat infrastrukturu mövcud olsa da Zəngəzur dəhlizi əhəmiyyəti ilə seçilir. Dövlət başçımızın vurğuladığı kimi, qısa yolu, yəni Zəngəzur marşrutunu qoyub digər yollar axtarmalı deyilik. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yol əlaqəsi başqa bir dövlətin daha uzun yolu hesabına reallaşdırılmamalıdır.
Xatırladaq ki, 2023-cü ildə Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Naxçıvan görüşündə regionda sabitlik yaradacaq enerji və nəqliyyat layihələrinin yeni istiqamətləri üzrə görüləcək genişmiqyasılı işlərlə bağlı geniş müzakirələr aparılmışdı. Türk birliyini daha da möhkəmləndirəcək Orta Dəhliz layihəsinin qırılmaz zənciri olan Zəngəzur dəhlizinin bərpası aktual məsələ kimi aktuallaşmışdı. Həmin görüşdə bildirilmişdi ki, Türkiyə ilə Azərbaycanın eynilik təşkil edən mövqeləri regional sabitlik baxımından daha önəmlidir. O tədbirdə İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma, Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması, Naxçıvan-Bərpa İstehsalat Hərbi Kompleksinin açılış mərasimləri türk dünyasının birliyinə yönələn həmrəylik kimi dəyərləndirilmişdi. Artıq İqdır-Naxçıvan qaz kəmərəi istifadəyə verilib. Prezident İlham Əliyevin prioritet kimi söylədiyi «Mən demişdim ki, Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatı üçün deyil. Eyni zamanda, Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq» sözləri də reallaşacaq. İki qardaş ölkənin ortaq dəyərlərinin təcəssümü, Avropaya uzanan yol xəritəsinin başlıca amili, strateji kommunikasiya olan Zəngəzur dəhlizi mütləq açılacaq. Bu qətiyyət bir daha subut edir ki, Transmilli layihə olan Bakı –Tbilisi-Qars (BTQ) dəmir yolunu gerçəkləşdirməklə logistik potensialını artıran layihələr üçün geniş imkanlar yaradılan ölkəmizdə görülən işlərin hər biri beynəlxalq əhəmiyyətli olmaqla şaxələndirmə siyasətinə uyğun inkişaf etdirilir.
Bu ilin yanvar ayının 28-də ölkəmizin nəqliyyat infrastrukturunun vəziyyəti, perspektivləri ilə bağlı müşavirədə bu barədə ətraflı məlumat verən Prezident İlham Əliyevin açıqlamaları islahatların əhatə dairəsinin daha geniş olacağını göstərir. Ölkəmiz dünyanın enerji xəritəsində tutduğu mövqeyi ilə seçildiyi kimi, əvəzolunmaz nəqliyyat mərkəzinə çevrilmək imkanları da genişdirir. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə görülən əlavə tədbirlər qarşılıqlı əməkdaşlığın məntiqi nəticəsidir. Məqsəd dəhlizlərin aşırma qabiliyyətini artırmaq üçün əlavə sərmayə cəlb etmək, tərəfdaşların sayını artırmaqdır. Çinin təşəbbüsü olan «Bir kəmər, bir yol» layihəsinə qoşulmaqla yükdaşıma imkanlarını, tərəfdaşlığın coğrafi istiqamətlərini genişləndirən Azərbaycan hazırda ən sərfəli, qitələri birləşdirən yüksək imkanlara malik ölkə kimi diqqəti cəlb edir. Çünki Azərbaycanın Orta Dəhlizin tərkib hissəsi kimi mühüm əhəmiyyət malik Zəngəzur dəhlizi ilə bağlı ciddi səyi, qətiyyəti , dəyişilməz mövqeyi, sadəcə, tranzit ölkə olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Bu təşəbbüs dünyanın nəqliyyat xəritəsini dəyişən qlobal layihədir. Hazırda yeni layihələr arasında beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizi dünyanın siyasi masasında aktuallığı ilə seçilir. Azərbaycan bu dəhlizin açılması üçün praktiki addımlar atır. Ermənistan isə dəhlizlə bağlı qeyri-konstruktiv mövqeyini dəqiqləşdirmir. Prezident İlham Əliyev hazırda ən böyük beynəlxalq loqistika və infrastruktur olan Orta Dəhliz layihəsinin davamı kimi dəyərləndirilən Zəngəzurdan keçəcək dəmir və avtomobil yollarının açılmasının zərurətini faktları təhlil etməklə diqqətə çatdırır. Tarixi İpək Yolunun bərpasından, turk birliyini möhkəmləndirəcək bu dəhlizin açılmasından təşvişə düşən Ermənistan və havadarları müxtəlif bəhanələrlə layihənin reallaşmasına maneçilik törətməyə çalışsalar da niyyətlrinə çata bilməyəcəklər. Qərəzli dairələr unudurlar ki, Azərbaycandan Azərbaycana maneəsiz, heç bir yoxlama aparılmadan keçidin təmin olunması beynəlxalq hüquq normalarına da tam uyğundur. Ən əsası odur ki, bir çox ölkənin iqtisadi böhranla üzləşdiyi müasir dövrümüzdə nəqliyyat infrastrukturunun, yük daşımaların səmərəli təşkilində Azərbaycanın göstərdiyi səylər yüksək dəyərləndirilir. Beynəlxalq ictimaiyyət tərəfindən qlobal problem kimi maraq doğuran qlobal nəqliyyat infrastrukturunun yenilənməsi aktuallığını qoruyur. Bu prolemin həllində isə Azərbaycan əsas oyuncu kimi mövqeyini qoruyur. Dünya ictimaiyyətinin ümumi rəyi budur ki, Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınmalar üçün ən sərfəli marşrut kimi diqqət göstərilən Orta Dəhlizin qırılmaz zənciri, ən sərfəli nəqliyyat vasitəsi olan Zəngəzurun tarixi əhəmiyyəti, rolu bərpa ediləcək. İlahi ədalətin bərpasının zəruriliyini daha geniş şəkildə, özü də son dərəcə əminliklə vurğulayan Prezident İlham Əliyevin bu sözləri bütün qərəzli yanaşmalara sipərdir: «İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir.»
Xuraman İsmayılqızı, «İki sahil»