08 aprel 2025 00:58
103

Qarabağ və Şərqi Zəngəzur dirçəliş dövrünü yaşayır

Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın bu əraziləri sürətlə inkişaf etdirərək çiçəklənən diyara çevirmək əzmini nümayiş etdirir. Prezident İlham Əliyev işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinə mütəmadi səfərlər edərək, bölgələrin bərpası və inkişafına xüsusi diqqət yetirir. Bu gün Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan torpaqlarının işğaldan azad olunmasının sevincini və qürurunu yaşayır. Artıq böyük inkişafın təməlləri atılır və məqsəd də regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. Bütün dünya 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda canlanmanın və məskunlaşmanın şahididir.  Böyük Qayıdış Proqramı Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinə vətəndaşların qayıdışını təmin etmək məqsədilə həyata keçirilən genişmiqyaslı dövlət təşəbbüsüdür. Bu proqramın əsas məqsədi həmin ərazilərdə təhlükəsiz və dayanıqlı yaşayış şəraiti yaratmaq, infrastruktur qurmaq və iqtisadi inkişafı təmin etməkdir.

Bu gün bütün şəhərlərimiz, kəndlərimiz müasir tələblər səviyyəsində yenidən qurulur. Sıfırdan yeni şəhərlər və kəndlər inşa edilir. Hazırda azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri çərçivəsində böyük infrastruktur layihələri icra olunmaqdadır. Xəstəxanalar, məktəblər, idman və digər infrastruktur obyektlərinin tikintisi sürətlə davam edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yol infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən layihələr çərçivəsində tunellər və körpülər inşa edilir, polad magistrallar çəkilir, bütün elektrik təsərrüfatı yenidən qurulur. Möhtəşəm yol şəbəkəsinin yaradılması keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmasına, Qarabağın və Şərqi Zəngəzurun gələcək inkişaf planlarının həyata keçirilməsinə böyük töhfədir.

Tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yalnız öz iqtisadi gücünə arxalanaraq böyük işlər görür. Azad edilmiş ərazilərdə beynəlxalq hava limanlarının istifadəyə verilməsi həm də Böyük Qayıdış Proqramının sürətlənməsini təmin edir. Bu ərazilərin əlverişli coğrafi mövqeyi, ekoturizm imkanları, relyefi xarici turistlər üçün olduqca cəlbedicidir. Bu baxımdan bərpa-quruculuq işlərinə 2020-ci ildən başlayaraq ümumilikdə 22 milyard manata yaxın, o cümlədən 2025-ci ildə 4 milyard manat vəsait ayrılıb.

2026-cı ilin sonunadək Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir əyani göstəricisidir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda həmin ərazilərə köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgələrdə reallaşdırılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 30 minə yaxın insan yaşayır.

İşğaldan azad edilmiş ərazilərin bərpa-quruculuq işlərində dost xarici dövlətlər də yaxından iştirak edirlər. Füzuli şəhərində Özbəkistan Respublikası tərəfindən inşa edilən orta məktəb 2023-cü ilin 23 avqust tarixində, Qazaxıstan Respublikası tərəfindən Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi isə 2024-cü ilin 12 mart tarixində istifadəyə verilib. Həmçinin Macarıstan şirkəti tərəfindən Cəbrayıl rayonunun Soltanlı kəndinin, Slovakiya şirkəti tərəfindən isə Ağdam rayonunun Qərvənd kəndinin layihələndirilmə işləri sürətlə aparılmaqdadır. Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və yenidənqurma ilə yanaşı, sürətli iqtisadi reinteqrasiya tədbirləri görülür. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının yaradılması bu məqsədlə həyata keçirilən ən önəmli işlərdəndir. Bu sənaye parklarının rezidentləri qeydiyyata alındığı vaxtdan başlayaraq, 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. Eyni zamanda müvafiq iqtisadi fəaliyyət sahələri üzrə texnika, texnoloji avadanlıq və qurğuların, xammal və materialların idxalı ƏDV və gömrük rüsumundan azad edilib. Məcburi dövlət sosial sığorta haqqı subsidiyalaşdırılır, bölgədə vergi uçotuna alınan və istehsal fəaliyyəti ilə məşğul olan riskli vergi ödəyicisi olmayan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə ödədikləri vəsaitin 20 faizi məbləğində maliyyə yardımı ödənilir. Qarabağ və Şərqi Zəngəzurda sahibkarların maliyyə əlçatanlığının artırılması üçün güzəştli kreditlər verilir. Məlumdur ki, Qarabağın turizm potensialı olduqca zəngindir, burada turizmin çox növləri - ekoturizm, dağ turizmi, qış turizmi, ov turizmi, sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar var. Turizmin inkişafı istiqamətində həyata keçirilən infrastruktur layihələri çərçivəsində 8 hotel və konqres mərkəzi bərpa və yenidən inşa olunaraq istifadəyə verilib. (Şuşa - “Qarabağ”, “Xarı bülbül”, "Yasəmən" hotelləri, Şuşa Otel-Konqres Mərkəzi, Xankəndi - “Palace”, “Qarabağ” hotelləri, Zəngilan Konqres Mərkəzi, Ağdam Konqres Mərkəzi). Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Laçın və Kəlbəcər rayonlarında İşğal və Zəfər muzeyləri komplekslərinin layihələndirilmə işləri davam etdirilir.

Qısa zamanda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan xalqının necə qurucu xalq olduğunu nümayiş etdirir.  Bir sözlə biz bu gün Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq.

Şəmsiyyə Əliqızı, “İki sahil”