07 aprel 2025 23:09
152

AVROPANIN ENERJİ DİPLOMATİYASINDA AZƏRBAYCANIN ROLU

Qlobal siyasi və iqtisadi münasibətlər sistemində enerji resurslarının rolu heç vaxt olmadığı qədər əhəmiyyət kəsb edir. Enerji təhlükəsizliyi yalnız iqtisadi amil kimi deyil, eyni zamanda, beynəlxalq münasibətlərin prioritet istiqamətlərindən biri kimi çıxış edir. Bu kontekstdə Azərbaycanın Avropa üçün enerji tərəfdaşı kimi rolu xüsusi maraq doğurur. Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik olmaqla yanaşı, bu ehtiyatların beynəlxalq bazarlara çatdırılması üçün də müstəqil və etibarlı tranzit infrastrukturuna sahibdir. Məhz bu səbəbdən son illərdə Azərbaycanın enerji diplomatiyası Avropa İttifaqı üçün mühüm tərəfdaşlıq platformasına çevrilmişdir.

Avropa İttifaqının enerji siyasəti uzun illər Rusiya qazına yüksək asılılıqla xarakterizə olunurdu. Lakin 2000-ci illərin ortalarından etibarən baş verən geosiyasi proseslər, xüsusilə də Rusiya-Ukrayna qaz böhranları və 2022-ci ildə baş vermiş Ukrayna müharibəsi fonunda bu asılılıq Avropa üçün ciddi təhlükə mənbəyinə çevrildi. Nəticədə Avropa alternativ enerji marşrutları və mənbələr axtarmağa başladı. Bu şəraitdə Azərbaycanın Cənub Qaz Dəhlizi təşəbbüsü daha da aktuallaşdı. Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşan Cənub Qaz Dəhlizi Avropaya Xəzər regionundan birbaşa qaz nəql etməyə imkan verən mühüm geostrateji layihədir. Bu layihə çərçivəsində “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri bir-birini tamamlayaraq Xəzər qazını Gürcüstan və Türkiyə üzərindən İtaliyaya qədər çatdırır. 2020-ci ilin dekabrından etibarən Azərbaycan təbii qazını artıq Avropaya çatdırır və bu proses uğurla davam edir. 2023-cü ildə Azərbaycanın Avropaya qaz ixracı 11 milyard kubmetr həcmində olmuşdur. Bu rəqəm hər il artmaqda davam edir və bu, Azərbaycanın Avropa enerji diplomatiyasındakı mövqeyini daha da gücləndirir.

Azərbaycanın enerji diplomatiyasında uğurları yalnız texniki layihələrlə məhdudlaşmır. Ölkəmiz, eyni zamanda, Avropa İttifaqı ilə strateji əməkdaşlığa əsaslanan siyasi dialoq və qarşılıqlı etimad mühitini də formalaşdırmışdır. Bu gün Azərbaycanın Avropa İttifaqı ilə imzaladığı "Strateji Tərəfdaşlıq" sənədləri enerji sahəsində əməkdaşlığa dair memorandumlardan tutmuş, bərpaolunan enerji layihələri üzrə razılaşmalara qədər geniş spektri əhatə edir. 2022-ci ilin iyul ayında Azərbaycan ilə Avropa Komissiyası arasında imzalanmış Enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu bu əməkdaşlığın bariz nümunəsidir. Bu sənədə əsasən, 2027-ci ilə qədər Azərbaycan Avropa bazarına qaz ixracını iki dəfə artırmağı öhdəsinə götürmüşdür. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycanın etibarlı enerji tərəfdaşı olduğunu vurğulamışdır.

Azərbaycanın enerji diplomatiyası artıq yalnız neft və qaz ixracı ilə məhdudlaşmır. Ölkəmiz yaşıl enerji sahəsində də böyük potensiala malikdir və Avropa ilə bu istiqamətdə əməkdaşlıqlar genişlənməkdədir. Qarabağ və Şərqi Zəngəzurda günəş və külək enerjisi potensialı, Xəzər dənizindəki külək layihələri gələcəkdə Azərbaycanın yaşıl enerji ixracatçısına çevriləcəyini göstərir. Naxçıvan Muxtar Respublikasının alternativ və bərpaolunan enerji mənbələrindən səmərəli istifadə üçün əlverişli təbii şəraiti imkan verir ki, yaşıl enerji layihələrinin genişləndirilməsinə genişmiqyaslı investisiyalar qoyulsun. Naxçıvan Muxtar Respublikası illik 2,900 saat günəş işığı ilə Azərbaycanın ən yüksək günəş potensialına malik bölgələrindən biridir. Naxçıvan Günəş Elektrik Stansiyası 2015-ci ildən bəri fəaliyyət göstərir və 20 meqavat gücündə enerji istehsal edir. 2024-cü ilin yanvar-avqust aylarında Naxçıvanda istehsal olunan ümumi elektrik enerjisinin 55%-i bərpaolunan enerji mənbələrindən əldə edilib.

Naxçıvanın bərpaolunan enerji potensialı beynəlxalq investorların da diqqətini cəlb edir. "TotalEnergies" və "Nobel Energy Management" şirkətləri ilə birlikdə Naxçıvanda ümumi gücü 650 MVt olan günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi planlaşdırılır. Bu layihələr həm Naxçıvanın daxili enerji tələbatını ödəmək, həm də Türkiyə və digər ölkələrə yaşıl enerji ixracını təmin etmək məqsədi daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edərkən zamanı Naxçıvandan 75 meqavat həcmində elektrik enerjisinin ixracı ilə bağlı sənədin imzalanacağını bəyan etməsi Naxçıvanın yaşıl enerji ehtiyatlarından səmərəli istifadə sahəsindəki perspektivlərini bir daha ortaya qoydu. Həmin iclaslarda çıxışı zamanı Prezident İlham Əliyev bildirdi: “Uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq. Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələrinin qeyd etdikləri kimi, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Bu, həqiqətdir. Qaz təchizatımızın coğrafiyası genişlənir. Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür”. Xüsusilə qeyd olunmalıdır ki, görüş çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi və ticarəti üzrə II Nazirlər Görüşü, Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər Komitə/Nazirlər Görüşü və Azərbaycan ilə Avropa İttifaqı arasında dənizdə külək enerjisinin inkişafı üzrə dəyirmi masanın keçirilməsi, enerji sahəsində əməkdaşlıq üzrə sənədlərin imzalanması bir daha əminliklə deməyə əsas verir ki, Azərbaycan Avropanın enerji təminatında etibarlı tərəfdaşdır.

Nəticə etibarilə Azərbaycan Avropanın enerji diplomatiyasında strateji rol oynayan, sabitlik və təhlükəsizlik mühiti yaradan, etibarlı və təşəbbüskar tərəfdaş kimi çıxış edir. Azərbaycanın enerji sahəsində qazandığı uğurlar yalnız iqtisadi mənfəət deyil, eyni zamanda, ölkəmizin beynəlxalq nüfuzunun artmasına xidmət edir. Hazırki geosiyasi şərtlər fonunda Azərbaycanın enerji diplomatiyası qlobal enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, Avropa ilə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın davamlılığını təmin edir. Bu əməkdaşlıq regionda sülh, inkişaf və tərəqqinin əsas sütunlarından birinə çevrilməkdədir.

Əli Həşimov,
Naxçıvan MR Ali Məclisinin deputatı