Artıq bir neçə gündür, Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə təxribatları davam edir. Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulur. Ermənistan bununla növbəti dəfə ikili oyun yürütmək siyasətinə əl atır. Baş nazir Nikol Paşinyan bir yandan beynəlxalq ictimaiyyətə sülh tərəfdarı kimi görünməyə çalışır, eyni zamanda atəşkəs pozuntuları baş verir və intensivləşir. Göründüyü kimi, Ermənistan hakimiyyəti yenə saxtakarlıq edir. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub. Bildirilib ki, aprelin 6-sı axşam saatlarından aprelin 7-si saat 04:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə intensiv atəşə tutub. Azərbaycan bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Hər kəs sülhün çox yaxın zamanlarda baş tutacağını düşündüyü bir zamanda Ermənistan tərəfindən törədilən bu kimi təxribatlar rəsmi İrəvana etimadsızlığı artırır. Onsuz da bu ölkə ilə münasibətlərin qurulması üçün etimad mühitinin yaranmasına Azərbaycan tərəfi müxtəlif görüş, tədbirlərlə cəhd edir. Ancaq hər dəfə razılaşdırılmış məsələyə razılıq verəndən sonra İrəvan hakimiyyəti prosesin pozulması istiqamətində addımlar atır, vəziyyəti fərqli istiqamətə yönəltməyə çalışır. Sərhədlər müəyyənləşmədən Qafanda İran konsulluğunun açılması, iki ölkə arasındakı əraziyə Avropa İttifaqı Mülki Müşahidə Missiyasının birtərəfli qaydada yerləşdirilməsi, atəşkəs rejimini pozulması, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı görüşlərin keçirilməsini ləngitməsi, rəsmi Bakının sülhməramlı addımlarını heç vaxt etiraf etməməsi və başqa bu kimi hadisələr onun dağıdıcı, pozucu əməllərinə nümunələrdəndir. Avropa müşahidə missiyası zaman keçdikcə daha çox ifşa olunur. Çünki bu missiya bölgəyə yerləşdiyi iki ildən artıq dövr ərzində Ermənistan tərəfdən sərhəddə atəşkəsin pozulması faktı barədə hesabat yaymayıb. Əksinə, bu halları ört-basdır etməklə məşğul olub. Belə təəssürat yaranır ki, Fransanın təşəbbüsü və başçılığı ilə yaradılan bu missiya elə Ermənistanın belə əməllərini gizlətmək üçün təşkil edilib.
İstər-istəməz Azərbaycan torpaqları işğal altında olan illər yada düşür. Həmin dövrdə də Ermənistan təmas xəttində atəşkəsi pozurdu. ATƏT-in Minsk qrupunun həmsədrləri, monitorinq missiyası və başqaları hadisə yerinə gəlir, pozucu qarşı tərəf olsa da, bunu demir, rejimin pozulmasına görə hər iki ölkəni suçlu elan edib, gedirdi. Hətta, Ermənistan-Azərbaycan münaqişəsinin başlamasında da oxşar addım atılardı. Yəni ATƏT Minsk qrupu həmsədrlərinin, beynəlxalq vasitəçilərin əməlləri ilə elementar tanışlığı olanlar bu məsələni çox yaxşı xatırlayırlar. Bu baxımdan sərhəddəki missiya erməniləri müdafiəsi ilə Minsk qrupu həmsədrlərindən fərqlənmir. Fransa, Hindistan, İran və başqa ölkələrin Ermənistana silah satmaları da onun istənilən şəkildə müharibəyə hazırlığından xəbər verir. Bu günlərdə ABŞ-ın bu ölkəyə hərbi texnika yerləşdirdiyinə dair məlumat yayılıb. Pentaqon məsələni şərh etməkdən imtina edib. Bildirib ki, Vaşinqton Ermənistanla münasibətlərini yüksək qiymətləndirir, ancaq təhlükəsizlik baxımından texnikanın hərəkətini şərh etmir. Bundan başqa, Fransanın liderliyi ilə Avropa İttifaqının da onlara hərbi yardım edəcəyi məlum olub. Hərbi yardım paketinin gələcəkdə genişləndiriləcəyi də vəd edilib. Rəsmi İrəvanın yeni müharibəyə hazırlıq məqsədi ilə dron axtarışına başladığına dair məlumat yayılıb.
Rəsmi Bakı İrəvana ATƏT-in Minsk qrupunun ləğvini təklif edib. Ancaq Ermənistan birmənalı şəkildə onun ləğvini istəmir. Hər dəfə bunu müxtəlif bəhanələrlə uzadır. Halbuki qrupun mövcudluğuna ehtiyac yoxdur. Onun mandatı bitib. Belə ehtimal etmək olar ki, rəsmi İrəvan perspektivdə iki ölkə arasında münasibətlərin normallaşması üçün bu faydasız təşkilatdan xeyir götürmək istəyir.
Məsələn, Ermənistan qanunsuz, əsassız istəklərini reallaşdırmaq məqsədi ilə qrupdan təzyiq aləti kimi yararlanmağa səy edə bilər. Bu ölkə təcavüzkar konstitusiyasını dəyişmək istəmir. Gah 2026, gah da 2027-ci il deməklə mənasız yerə vaxt uzadır. Əsas məsələlərdən bir isə 300 minə yaxın Qərbi azərbaycanlının güc, zor tətbiqi nəticəsində pozulmuş Ermənistan vətəndaşlığıdır. Ermənistan bu kimi məsələləri qulaqardına vurmaqla sülh sazişi, normallaşmaya yanaşmasının saxtalığını nümayiş etdirir.
Nikol Paşinyan hökuməti şərti sərhəddə atəşin açılmasının ən primitiv yolunu təkzib etməkdə görür. Ancaq belə cavab çıxış yolu sayılmır. Çünki atəşin açılmasından xəbərsizlik, yaxud elə görünmək gələcəkdə Ermənistan hakimiyyəti üçün daha böyük faciələrlə nəticələnə bilər. İndiyədək rəsmi İrəvan bu kimi pozuculuq hallarına aydınlıq gətirməyib, araşdırma aparmayıb. Ona görə də yeniləri baş verir. Bu hadisə Ermənistanın gizlicə müharibəyə kökləndiyini isbatlayır. Yaxud ola bilsin bu ölkəni qonşu dövlətlərə qarşı müharibəyə hazırlayırlar, Azərbaycanla şərti sərhəddə atəş sayıqlığı yoxlamaq üçündür. Bütün hallarda müvəqqəti sərhəddə atəş onun daimi dövlət xətti olmasını ləngidir. Ermənistan ənənəvi təkzibi ilə vəziyyətin aydınlaşmasına imkan yaratmır.
Sülh və təhlükəsizliyə əsaslanan Azərbaycan dövləti və ordusu Ermənistanın təxribatlarına uymur, sərhədlərimizin toxunulmazlığını qorumaq üçün lazımi tədbirlər həyata keçirilir. Azərbaycan Ordusu hələlik yalnız müdafiə xarakterli tədbirlər görür və heç bir təxribatçı addımlara yol vermir. Ermənistan da, öz növbəsində, sülhə süni maneələr yaratmamalı, bu prosesdə səmimi iştirak etməli və hərbi təxribatlar yolu ilə danışıqları pozmaq cəhdlərindən əl çəkməlidir. Davamlı sabitlik və təhlükəsizlik üçün Ermənistan öz siyasətini dəyişməli, regionda sülhün təmin olunmasına töhfə verməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir. Əks halda, bu kimi destruktiv yanaşmalar təkcə Ermənistan üçün deyil, bütövlükdə region üçün təhlükəli nəticələrə səbəb ola bilər.
Sevinc Azadi, “İki sahil”