07 aprel 2025 22:07
170

Təbii qaz və yaşıl enerji təchizatının şaxələndirilməsinə yönəlmiş unikal əməkdaşlıq platforması

İlham Şaban: 11-ci dəfə keçirilməsinə baxmayaraq Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasına istər qonşularımız, istərsə də bizdən uzaqda yerləşən ölkələrdən maraq kifayət qədərdir

Xəbər verildiyi kimi, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib. Toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər. Açılış sessiyasından sonra işini nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarla davam etdirib.

Həmçinin Məşvərət Şurası çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi və ticarəti üzrə II Nazirlər Görüşü, Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər Komitə/Nazirlər Görüşü və Azərbaycan ilə Avropa İttifaqı arasında dənizdə külək enerjisinin inkişafı üzrə dəyirmi masa keçirilib.

Qaz təchizatının coğrafiyası genişlənəcək

Bu tədbirin əhəmiyyətini vurğulamaqla artıq ənənəyə çevrildiyini də qeyd edə bilərik. Prezident İlham Əliyevin həmin tədbirdəki çıxışı ölkəmizin müzakirə olunan mühüm mövzular üzrə öncüllüyünün təsdiqi baxımından xüsusi əhəmiyyət daşıdı. Dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasındakı çıxışında Azərbaycanın təbii qazın 12 ölkəyə çatdırdığını xüsusi vurğuladı: “Bizim qaz təchizatımızın Avropadakı coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki biz artıq qazpaylama şəbəkəsinin yaradılmasında bəzi Avropa ölkələrində işləyirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir. Azərbaycan bunu etməyi planlaşdırır. Beləliklə, bizim qaz təchizatının coğrafiyası birmənalı olaraq genişlənəcək.”

Yaşıl elektrik enerjisi sahəsində əməkdaşlıq

Nazirlər sessiyasında çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, təbii qaz uzun müddət enerji balansının mərkəzi komponenti olaraq dayanıqlı enerji təhlükəsizliyi üçün davamlı investisiyaları zəruri edəcək və bu gün qazla bağlı məhdudiyyətlərin aradan qaldırılması sabah Avropanın enerji müstəqilliyi üçün həyati əhəmiyyət daşıyır. Nazir deyib ki, Azərbaycan, Avropa İttifaqı, enerji şirkətləri, regional maraqlı tərəflər və maliyyə institutları arasında koordinasiyalı və güclü əməkdaşlıqla Cənubi Qaz Dəhlizinin uğurunu yeni bir mərhələyə yüksəltmək mümkündür.

İclaslarda Azərbaycanın Xəzər dənizindəki külək elektrik stansiyalarından və Mərkəzi Asiyadan Avropaya böyük həcmdə yaşıl enerji tədarükünə yönəlmiş meqa təşəbbüslərin icrasından da bəhs edilib. Bildirilib ki, “Xəzər-Qara dəniz-Avropa” dəhlizinin texniki-iqtisadi əsaslandırması 2025-ci ilin ortalarına qədər tamamlanacaq və birinci mərhələdə 4 QVt gücündə elektrik enerjisi ixrac ediləcək. “Mərkəzi Asiya-Azərbaycan” dəhlizinin texniki-iqtisadi əsaslandırmasını Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı maliyyəşdirəcək və tədqiqat işləri bu ilin ikinci rübündə başlayacaq. “Azərbaycan-Türkiyə Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırması iki potensial ixrac marşrutunu araşdırıb və bu gün Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl elektrik enerjisi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması ilə daha bir dəhliz üzrə işə başlanacaq.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası toplantıları sıradan bir görüş deyil

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasının əhəmiyyətini “İki sahil”ə şərh edən iqtisadçı ekspert İlham Şaban qeyd edib ki, əgər Cənub Qaz Dəhlizinin çəkilməsi təşəbbüsünü Azərbaycan tərəfdaşları ilə birgə üzərinə götürməsəydi çox güman ki, indiyə qədər "Şahdəniz-2" layihəsi üzrə qazı çıxarmaq mümkün olmayacaqdı: “Çünki "Şahdəniz"in böyük qazı (illik 16 milyard m3-dan çox) tam olaraq Cənub Qaz Dəhlizi vasitəsilə bazarlara çıxarılır və həmin həcmin 65%-dən çoxu Avropa bazarlarında satılır. Cənub Qaz Dəhlizi həmçinin "Abşeron" yatağının növbəti mərhələsinin (ildə 5 milyard m3-dək) işlənməsinə də yol açır. Nəticədə, yerin 7 min metr dərinliklərində toplanmış bir təbii sərvətin kapitala çevrilməsini gerçəkləşdirmək mümkün olur.”

İlham Şaban bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası toplantıları sıradan bir görüş deyil: “Bu baxımdan da 11-ci dəfə keçirilməsinə baxmayaraq ona istər qonşularımız, istərsə də bizdən uzaqda yerləşən ölkələrdən maraq kifayət qədərdir. Energetika Nazirliyinin açıqladığı məlumata görə, bu dəfəki toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 şirkət qatılıb. Dövlət başçımızın "Gülüstan" sarayındakı çıxışına diqqət yetirsək, onu görmək olar ki, rəsmi Bakının zamanında siyasi uzaqgörənliyi və qətiyyəti nəticəsində Azərbaycan qapalı bir hövzədə yerləşən ölkə statusundan çıxaraq bu gün region və qlobal bazarlarla birbaşa və çoxşahəli nəqletmə infrastruktura malik ölkə kimi tanınır.”

Ekspert vurğulayıb ki, rəsmi Bakının səyləri nəticəsində ən müasir texnologiyalara malik şirkətlərlə əməkdaşlıq hesabına Xəzərin əvvəllər əlçatmaz hesab edilən təbii resursları qarşılıqlı maraqlar çərçivəsində uğurla işlənilir: “Nəhayət, iri bazarlardakı istehlakçılara Azərbaycan daim yeni layihələr və mümkün həllər təklif etməklə ötən əsrin 90-cı illərindən başlayan əməkdaşlığı daha da genişləndirməyə nail olur. Bu baxımdan 11-ci dəfə davamlı olaraq keçirilən bu tədbirlər hesab edirəm ki, sadəcə toplantı deyil, hökumətlərin, biznesin, maliyyə qurumlarının məsələlərin həlli üçün müxtəlif bucaqlardan olan baxışlarının bir nöqtəyə cəm edilməsidir. Məhz çoxşahəli idarəçilik və maraqların tənzimlənməsi məsəlidir ki, layihələrimizin daim irəliyə addımlamasına kömək edir. Bu baxımdan nazirlər sessiyasında açılış nitqi ilə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov Məşvərət Şurasının toplantılarını enerji təhlükəsizliyi və enerji keçidi məsələlərini uğurla inteqrasiya edən, həm təbii qaz, həm də yaşıl enerji ilə enerji təchizatını şaxələndirməyə yönəlmiş unikal əməkdaşlıq platforması kimi dəyərləndirib.”

Orxan Vahidoğlu, “İki sahil”