17 mart 2025 01:45
216

Venesuela ABŞ-nin miqrasiya siyasətini rədd edib

Venesuela hökuməti ABŞ-nin miqrasiya siyasətini və miqrantları Amerikadan qovmaq üçün 1798-ci ildə tətbiq olunan “Xarici düşmən Qanunu”nun tətbiqini qəti şəkildə rədd edir.

“İki sahil” xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Gil Pintonun teleqram kanalında yerləşdirilmiş hökumət kommünikesində bildirilib.

"Bolivar Respublikası Amerika Birləşmiş Ştatları hökumətinin Venesuela miqrasiyasını rüsvayçı və haqsız olaraq cinayət kimi müəyyən edən və bəşər tarixinin ən qaranlıq epizodlarını xatırladan elanını qətiyyətlə və kəskin şəkildə rədd edir", - kommünikedə deyilir.

Bəyanatda vurğulanır ki, bu qanun təkcə anaxronizm deyil, həm də Amerika Birləşmiş Ştatlarının mövcud qanunlarını, beynəlxalq insan hüquqlarını, BMT Nizamnaməsini, İnsan Hüquqları üzrə Ümumi Bəyannaməni pozur və onun tətbiqi insanlığa qarşı cinayətdir.