17 mart 2025 13:44
361

İftar zamanı bəzi qidaları yeməkdən çəkinmək lazımdır - MÜSAHİBƏ

Qəbzliyin qarşısını almaq və uzun müddət tox qalmaq üçün bol tərəvəzli salat, tam taxıllı çörək, paxlalılar kimi lif tərkibi yüksək olan qidalar qəbul edilməlidir

"İki sahil"in bu dəfəki müsahibi dietoloq Şəbnəm Məmmədovadır. O, Ramazan ayında  qidalanmaq ilə əlaqadar suallarımızı cavablandırdı.

- Şəbnəm xanım, iftar zamanı hansı qidaları yeməkdən çəkinmək lazımdır?

-İftar zamanı bəzi qidaları yeməkdən çəkinmək lazımdır, çünki bu qidalar həzm sisteminin fəaliyyətini çətinləşdirə bilər. Çox yağlı və çox duzlu qida qəbul etməkdən çəkinmək lazımdır.  Yeməyə ilk olaraq karbohidrat tərkibli qidalardan başlamaq (çörək, düyü, bulgur, qarabaşaq və s. kimi), qızartma və un məmulatlarından istifadə etmək, susuzluğu aradan qaldırmaq üçün qazlı və şirinləşdirilmiş içkilərdən istifadə etmək, iftardan dərhal sonra şirniyyat yemək uyğun deyil. 

İftar və imsak arasında ən az 8-10 stəkan su içmək lazımdır

- Ramazan ayında sağlam çəkini qorumaq üçün hansı qidalanma qaydalarına əməl etmək lazımdır? 

- Bunun üçün bəzi qaydalara əməl etmək vacibdir. Əvvəla imsak yeməyini ötürməyin və imsakda karbohidrata çox az yer verin.  Sürətli şəkildə yemək yeməyin. Yaxşı oalr ki, yeməklərə tərəvəz və zülal ilə başlayın. Su içməyə diqqət etmək vacibdir. İftar və imsak arasında ən az 8-10 stəkan su içmək lazımdır. Çay və kofe əvəzinə suya üstünlük verin. Bol lifli qidalar yeyilməli, bağırsaq sağlamlığını qorumaq, qəbzliyin qarşısını almaq və uzun müddət tox qalmaq üçün bol tərəvəzli salat, tam taxıllı çörək, paxlalılar kimi lif tərkibi yüksək olan qidalardan istifadə edilməlidir. Əzələ itkisinin qarşısını almaq və uzun müddət tox qalmaq üçün yumurta, qatıq, pendir, balıq, toyuq və ət kimi protein qaynaqlarından yetərli miqdarda istifadə edilməlidir.
İftardan sonra yatmaq yox, mümkün oalrsa ən az 30-40 dəqiqəlik bir yürüyüşə çıxmaq məsləhtdir.

- İftarda çox yemək hansı fəsadlara səbəb ola bilər?

Həzm sistemində narahatlıq yaşamamaq üçün iftar 2 hissəyə bölünməlidir

- İftar zamanı birdən-birə çox yemək və sürətli şəkildə qida qəbul etmək olmaz. Həzm sistemində, mədə-bağırsaq sistemində narahatlıq yaşamamaq üçün iftarı 2 hissəyə ayırmaq lazımdır. İlk olaraq orucunuzu 1 stəkan su və xurma ilə açın. Ardınca 1 boşqab şorba içdikdən sonra bir qədər ara vermək, dha sonra bol tərəvəzli salat ilə əsas yeməyi yeyə bilərsiniz.

- Oruc zamanı susuzluğun qarşısını almaq üçün hansı içkilər və qidaları tövsiyə edirsiniz?

- Susuzluğun qarşısını almaq üçün qazlı və şirinləşdirilmiş içkilərdən, çay və kofedən çox istifadə etməmək lazımdır. 1-2 fincan yaşıl çay da içmək olar. Qəbzlik kimi halların yaşanmaması üçün iftar və imsak arasında 2 litr su içməyə diqqət göstərmək lazımdır.

- Oruc tutmaq kimlərə məsləhət görülmür?

-Sağlamlığında problemləri olanlar üçün oruc tutmaq xəstəliklərinin daha da ağırlaşmasına səbəb ola bilər. Şəkər xəstələrinin, təzyiq və ürək-damar sistemi xəstələrinin, hamilələrin, onkoloji xəstələrin və davamlı dərman qəbul edənlərin Ramazan ayında oruc tutması məsləhər görülmür.

Fidan Fərmanlı,
BSU-nun tələbəsi