22 iyun 2026 17:43
121

İsti havalarda bu qidaların istehlakı risk yaradır

Otaq temperaturunda saxlanılan sendviç və ət məhsulları qida zəhərlənməsi riskini artırır

Açıq şəraitdə və otaq temperaturunda satışa çıxarılan qidalar sağlamlıq üçün ciddi risk yarada bilər. Xüsusilə soyuducuda saxlanmalı olan məhsullar düzgün mühafizə edilmədiyi halda qida zəhərlənməsinə səbəb olur.

Türkiyənin Çukurova Universitetinin Qida mühəndisliyi fakültəsinin müəllimi, professor Işıl Varın sözlərinə görə, açıq havada satılan yaxşı bişirilməmiş ət məhsulları, otaq temperaturunda saxlanılan süd və ət məhsulları, mayonezli qəlyanaltılar, eləcə də gigiyenik qaydalara əməl olunmadan hazırlanan salatlar təhlükə mənbəyidir. Mütəxəssis qeyd edib ki, isti hava şəraiti bakteriyaların və digər xəstəlik törədicilərinin sürətlə çoxalmasına şərait yaradır. Nəticədə düzgün saxlanılmayan qidaların qəbulu qarın ağrısı, ishal, ürəkbulanma və qusma kimi qida zəhərlənməsi əlamətlərinə səbəb ola bilər.

Professor xüsusilə işə gedən insanların tez-tez səhər yeməyi olaraq satın aldığı sendviçlərə diqqət çəkib. Onun sözlərinə görə, bəzi müəssisələrdə pendir, kolbasa və tərəvəzlə hazırlanan sendviçlər kassaların yanında, otaq temperaturunda saatlarla saxlanılır: “Sendviçin içərisində istifadə olunan məhsullar normalda soyuducuda saxlanılır. Həmin məhsullar çörəyin arasına qoyulduqda da onların saxlanma qaydaları dəyişmir və bu cür qidalar mütləq soyuq şəraitdə mühafizə edilməlidir.”

Professor Işıl Var bəzi kababxanalarda şişə çəkilmiş qiymələrin açıq havada nümayiş etdirilməsinin də düzgün olmadığını bildirib. Onun sözlərinə görə, qiymə tez xarab olan məhsul olduğundan, sonradan yüksək temperaturda bişirilsə belə, qida təhlükəsizliyi baxımından risk daşıya bilər. Mütəxəssis istehlakçılara çağırış edərək bildirib ki, onlar soyuducuda saxlanılmalı olan məhsulların açıq şəraitdə satışa çıxarıldığını gördükdə buna etiraz etməli, zəruri hallarda aidiyyəti qurumlara məlumat verməlidirlər.

Şahnigar Əhmədova, “İki sahil”