15 iyun 2026 19:42
100

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin imzaları ilə təsdiqlənən Şuşa Bəyannaməsi dövlətlər arasında sarsılmaz müttəfiqliyin yalnız hüquqi təsbiti deyil, həm də ortaq taleyi, dili və mədəniyyəti bölüşən qardaş xalqların andıdır.

“İki sahil” xəbər verir ki, bu fikri AZƏRTAC-a açıqlamasında Türkiyənin İğdır Universitetinin rektoru, professor Ekrem Gürel səsləndirib.

Türkiyə ali təhsil müəssisəsinin rəhbəri Şuşa Bəyannaməsini situativ diplomatik səylərin hüdudlarını aşan taleyüklü sənəd, eyni zamanda, türk birliyinin sarsılmaz iradəsini və sönməz ruhunu beynəlxalq hüquq müstəvisində ən yüksək səviyyəyə yüksəldən tarixi dönüş nöqtəsi kimi qiymətləndirib.

O qeyd edib ki, İğdır, sadəcə, sərhəd bölgəsi deyil, Türkiyə ilə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı birləşdirən əbədi körpüdür. “Şəhərimizin küçələrində ortaq tariximizin əks-sədası duyulur. İğdır sakinləri üçün Şuşa Bəyannaməsində öz əksini tapan müttəfiqlik ruhu mücərrəd diplomatik anlayış deyil, həyatımız boyu yaşatdığımız və formalaşdırdığımız sarsılmaz həqiqətdir”, – deyə rektor bildirib.

Ekrem Gürel vurğulayıb ki, Şuşa Bəyannaməsinin imzalanmasından ötən beş il ərzində Türkiyə ilə Azərbaycan arasında əlaqələr əhəmiyyətli dərəcədə genişlənərək müdafiə sənayesindən energetikaya, logistikadan təhsilə qədər bütün sahələrdə “sarsılmaz dayağa” çevrilib.

“Bu tarixi sənəd iki ölkənin gələcəyini möhkəm tellərlə bir-birinə bağlayıb. Türkiyə və Azərbaycan ordularının modernləşdirilməsi istiqamətində atılan strateji addımlar, eləcə də şübhəsiz ki, regionun simasını dəyişəcək Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi məsələsində nümayiş etdirilən qətiyyət Şuşa Bəyannaməsinin regiona bəxş etdiyi rifahın və sülhün ən konkret göstəriciləridir”, – deyə rektor bildirib.

“ Bu tarixi sənəd Türkiyə-Azərbaycan qardaşlığının üfüqünü işıqlandıran və Türk dünyası üçün parlaq gələcəyə aparan yol göstərən bir ulduz olmağa davam edəcək”, – deyən E.Gürel əlavə edib ki, İğdır Universiteti öz missiyasını Şuşa Bəyannaməsinin ruhuna uyğun şəkildə davam etdirir.