17 mart 2025 19:32
241

Seçim sadədir: Yerli istehsal olmalı, məhsulu istehsalçı özü satmalı, məhsullar təzə və keyfiyyətli olmalıdır

Alış-verişinizi yerli məhsulların sərfəli qiymətə satıldığı "KOB bazar"dan edin

Rəşad Bayramov: “KOB bazar” satış yarmarkasında təzə, keyfiyyətli yerli məhsullar birbaşa istehsalçının özü tərəfindən, digər bazarlara nisbətən 20-30% ucuz satılır

Bugünlərdə sahibkarların satış imkanlarının artırılmasına dəstək məqsədilə daha bir dəstək tədbiri – “KOB bazar” satış yarmarkası fəaliyyətə başlayıb. Yarmarkada 50-yə yaxın fermer və istehsalçının kənd təsərrüfatı və qida məhsulları satılır. “Gəl, istehsalçıdan al” şüarı ilə təşkil olunmuş yarmarkada Abşeron və ölkənin digər bölgələrində istehsal olunan təzə və keyfiyyətli kənd təsərrüfatı və qida məhsullarının sərfəli qiymətlə satışı həyata keçirilir. “KOB bazar” Novruz və Ramazan bayramları günlərində hər gün, digər günlərdə isə həftəsonu fəaliyyət göstərəcək. Yarmarka ilə bağlı “İki sahil”in suallarını Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) şöbə müdiri Rəşad Bayramov cavablandırır.

Meyvə-tərəvəz, toyuq əti, balıq, yumurta, süd və süd məhsulları, quru meyvələr, şirniyyatlar, konservlər və s.

- Rəşad müəllim, “KOB bazar” satış yarmarkasının yaradılmasında məqsəd nədir?

- “KOB bazar” satış yarmarkasının məqsədi sahibkarlıq subyektlərinin və fermerlərin istehsal etdikləri kənd təsərrüfatı və qablaşdırılmış qida məhsullarının satışına dəstək olmaqdır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə fəaliyyət göstərən bazarda hazırda 50-yə yaxın fermer və istehsalçının məhsulları satılır. Bakının Binəqədi rayonunun ərazisində (Koroğlu və Əcəmi Naxçıvani küçələrinin kəsişməsində) yerləşən bazarda təzə, keyfiyyətli yerli məhsullar istehsalçının özü tərəfindən satılır. Bazarda meyvə-tərəvəz, toyuq əti, balıq, yumurta, süd və süd məhsulları, quru meyvələr, şirniyyatlar, konservlər və s. məhsullar satılır. 

Fermer və istehsalçılar tərəfindən heç bir icarə haqqı ödənilmir

- Bu bazar sahibkarlara hansı üstünlüklər yaradır?  

- İlk olaraq bazarda məhsullarını satan fermer və istehsalçılar tərəfindən heç bir icarə haqqı ödənilmir. İkincisi, istehlakçı məhsulu birbaşa istehsalçının özündən alır. Eyni zamanda, bu bazar vasitəsilə sahibkarlar müştəri bazalarını artırmaq, biznes əlaqələrini genişləndirmək və yeni əməkdaşlıqlar qurmaq imkanı əldə edirlər. Sahibkarlar müştərilərlə daha yaxın əlaqələr quraraq onların tələblərini daha yaxşı başa düşür və fərdi yanaşmalar təqdim edirlər. Bu, həm də müştəri məmnuniyyətini artırır. 

Bazar bayramlarla əlaqədar hər gün, bayramlardan sonra isə ancaq həftəsonu fəaliyyət göstərəcək

- Məhsulları birbaşa istehsalçıdan almaq alıcılara nə verir?

- Birbaşa istehsalçıdan almaq müştərilərə daha sərfəli qiymətlərlə məhsul almağa imkan verir. İstehsalçıdan birbaşa məhsul alaraq alıcılar istehsalçı ilə daha yaxın əlaqə qurmaq şansı əldə edirlər. Bu, alıcıların öz xüsusi tələblərini istehsalçıya bildirmələrinə də şərait yaradır.

İstehsal yerindən satış məkanına gətirilən məhsul

- “KOB bazar”da satışa çıxarılan məhsullar digər bazarlarla müqayisədə neçə faiz ucuzdur?

- Bu bazarda kiçik və orta sahibkarların əlavə xərcləri olmadığı, o cümlədən birbaşa məhsulun istehsal yerindən satış məkanına gətirilməsi səbəbi ilə məhsulun qiyməti digər bazarlara nisbətən 20-30% aşağıdır.

- Bəs, “KOB bazar” daimi olaraq fəaliyyət göstərəcəkmi?

- Bəli, bazar həftəsonu bazarı kimi nəzərdə tutulub. Bununla belə qarşıdan gələn Novruz və Ramazan bayramlarında istehlakçıların kənd təsərrüfatı və digər qida məhsullarına artan tələbatı nəzərə alınaraq bazar hər gün fəaliyyət göstərəcək. Bayramlardan sonra isə bazar ancaq həftəsonu fəaliyyət göstərəcək.

- “KOB bazar”da ölkənin bütün regionlarından sahibkarlar məhsullarını satışa çıxara bilərmi? Bunun üçün sahibkarlar hara müraciət etməlidir, seçim necə aparılır?

- Hazırda “KOB bazar”da ölkənin müxtəlif bölgələrindən, o cümlədən Bakı, Xaçmaz, Zaqatala, Şəmkir, Hacıqabul və s. şəhər və rayonlarda istehsal olunan məhsullar satılır. Bu bazarda fəaliyyət göstərmək üçün KOBİA tərəfindən fevral ayından Agentliyin saytında və sosial media hesablarında, eləcə də media orqanlarında elan verilib. Sahibkarlardan xeyli sayda müraciətlər daxil olub. Bu müraciətlərin əksəriyyəti təmin olunaraq sahibkarlara bazarda ödənişsiz yerlər ayrılıb. Seçim sadədir: Yerli istehsal olmalı, məhsulu istehsalçı özü satmalı, məhsullar təzə və keyfiyyətli olmalıdır və s.

Yarmarkada məhsullarını satmaq istəyən fermer və istehsalçılardan müraciətlərin qəbulu hazırda da davam edir. Müraciət qaydası çox sadədir. “KOB bazar”da məhsulunu satmaq istəyən sahibkarlar KOBİA-nın saytındakı müvafiq bölməyə daxil olmaqla onlayn qaydada müraciət edə bilərlər.

- Rəşad müəllim, gələcəkdə “KOB bazar”ların sayının artırılması nəzərdə tutulurmu?

- Bu bazar dövlət dəstək mexnizmi çərçivəsində həyata keçirilir. Gələcəkdə sahibkarların və ən əsası istehlakçıların ehtiyacı nəzərə alınaraq digər ərazilərdə də “KOB bazar” satış yarmarkaları açıla bilər.

Orxan Vahidoğlu, “İki sahil”