12 mart 2025 19:00
666

Prioritetimiz xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarımızın fasiləsiz və operativ sosial xidmətlərlə təminatıdır - VÜQAR BEHBUDOVLA MÜSAHİBƏ

Vüqar Behbudov: Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2024-cü ildə 800, postmüharibə dövründə 6.8 min, ümumən ötən müddətdə 16 minədək mənzil təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov “İki sahil” qəzetinin suallarını cavablandırır:

- Həyata keçirilən genişmiqyaslı sosial layihələr əhalinin rifahının daha da yüksəldilməsinə xidmət edir. Vüqar müəllim, əvvəlcə istərdik ki, Agentliyin fəaliyyət istiqamətlərindən bəhs edəsiniz.

- Sizi və dəyərli oxucularınızı salamlayıram. Əhalinin həssas qruplarına göstərilən sosial xidmətlərə ayırdığınız diqqətə görə xüsusi təşəkkürümü bildirirəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Prezident İlham Əliyevin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentlik müxtəlif kateqoriyalardan olan imtiyazlı şəxslərə səyyar, stasionar və yarımstasionar formada xidmət göstərir. İmtiyazlı şəxs dedikdə sosial xidmətə ehtiyacı olan şəxslər başa düşülür. Buraya şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar, əlilliyi olanlar, müəyyən yaşayış yeri olmayan 18 yaşdan yuxarı insanlar, məişət zorakılığından zərər çəkmiş, ahıl şəxslər və s. aiddir.

13 filial və 21 sosial xidmət müəssisəsi

Agentliyin bütün ölkəni əhatə edən 13 filialı və 21 sosial xidmət müəssisəsi mövcuddur. Stasionar xidmət göstərən müəssisələrimiz vasitəsilə bütün yaş qruplarına aid az öncə qeyd etdiyim imtiyazlı şəxs kateqoriyasından olan vətəndaşlarımız keyfiyyətli sosial xidmətlərə cəlb olunur. Agentliyimizin şüarı “Diqqət, dəyər, qayğı”dır. Biz həssas təbəqələrdən olan şəxslərin layiqli həyat şəraiti ilə təmin olunmaları üçün bu şüarı əsas götürərək xidmət göstəririk.

Bu mərkəzlərin əsas məqsədi sosial xidmətə ehtiyacı olan şəxslərin
cəmiyyətin həyatında digər şəxslərlə bərabər iştirak etməsinə imkan yaratmaqdır

Yarımstasionar formada isə sosial xidmət, günərzi qayğı mərkəzlərimiz fəaliyyət göstərir ki, bu mərkəzlərin də əsas məqsədi sosial xidmətə ehtiyacı olan şəxslərin cəmiyyətin həyatında digər şəxslərlə bərabər iştirak etməsinə imkan yaratmaqdır.

Evdə (səyyar) sosial-məişət xidməti vasitəsilə isə vətəndaşlarımıza səyyar formada xidmətlər göstəririk.

Daha 5 sosial xidmət mərkəzi yaradılacaq

2021-ci ildən başlayaraq Sosial Xidmətlər Agentliyinin müvafiq filialları daxilində 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün Sosial Xidmət mərkəzləri fəaliyyət göstərir. Hazırda ölkədə 4 Sosial Xidmət Mərkəzi və 1 Sosial Xidmət Kabineti mövcuddur. ​Bunlar Abşeron, ​Sabunçu, ​Nərimanov, Yasamal Sosial Xidmət mərkəzləri və ​Sumqayıt Sosial Xidmət Kabinetidir.

Bu mərkəzlərdə uşaqlar üçün fərdi və qrup şəklində sosial-reabilitasiya xidmətləri təşkil edilir, onların valideynləri sosial-psixoloji maarifləndirilmə, valideynlik bacarıqlarının artırılması istiqamətində təlimlərə cəlb olunur. Həmçinin reabilitasiya proqramlarına cəlb olunan uşaqların inklüziyasına dəstək naminə müxtəlif yönümlü mədəni-kütləvi tədbirlər həyata keçirilir, onların sosiallaşmaları üçün müxtəlif ekskursiyalar və səfərlər təşkil olunur. Hər bir Sosial Xidmət Mərkəzində psixoloq, sosial pedaqoq, loqoped və aktiv terapevt fəaliyyət göstərir.

Qeyd edim ki, bu il daha 5 sosial xidmət mərkəzi yaradılacaq. Onlardan 2-si Bakıda, digərləri Hacıqabul, Göyçay və Ağdam rayonlarında açılacaq və bununla da Agentliyin sosial xidmət mərkəzlərinin sayı 10-a çatdırılacaq. Həmin mərkəzlərdə də az öncə qeyd etdiyim istiqamətlər üzrə işlər aparılacaq.

Mənzil və fərdi evlə təminat proqramı 5 dəfə genişlənib

- Şəhid və qazi ailələrinə diqqət dövlətin sosial siyasətində prioritet istiqamətlərdən biridir. Mümkünsə 2024-cü ildə Agentlik tərəfindən bu istiqamətdə görülən işləri sadalayardınız.

- Ötən dövrdə imtiyazlı kateqoriyadan olan vətəndaşlarımızın mənzillərlə təminatı tədbirləri davam etdirilib. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı Nazirlik tərəfindən icra olunan sosial dəstək paketi çərçivəsində mənzil və fərdi evlə təminat proqramı 5 dəfə genişlənib.

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2024-cü ildə 800, postmüharibə dövründə 6.8 min, ümumən ötən müddətdə 16 minədək mənzil təqdim edilib. 2025-ci il üçün də bu sahə üzrə hədəflərimiz var. Artıq bölgələrimizdə yeni mənzillərin alınaraq müvafiq kateqoriyadan olan vətəndaşlarımızın təminatına yönəldilməsi istiqamətində işlərə başlanılıb.

Avtomobil təminatına gəldikdə isə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 567, ümumilikdə ötən müddətdə 7.8 min avtomobil təqdim edilib. Onu da qeyd edim ki, 2024-cü ildə verilən avtomobillərlə artıq növbəyə dayanan imtiyazlı şəxslərin avtomobillə təminatı yekunlaşıb.

Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi

- Vüqar müəllim, xüsusi qayğıya ehtiyacı olan şəxslərin sırasında ahıllar da var. Agentlik tərəfindən ahıl şəxslərə hansı xidmətlər göstərilir?

- Bəli, Agentliyin ahıl şəxslər üçün sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Bu müəssisədə son illərdə müasir tələblərə uyğun şərait yaradılıb. Burada ahıllara stasionar formada sosial xidmətlər göstərilir, onlarla sosial iş aparılır və sosial reabilitasiyası təşkil edilir. Müəssisəyə yaşı 70 və 70-dən yuxarı olan, tamamilə və ya qismən özünəqulluq qabiliyyətini itirən, psixi və yoluxucu xəstəliyi olmayan, eləcə də qulluq edə biləcək yaxın qohum və qanuni nümayəndələri olmayan şəxslər qəbul edilir. Hazırda sözügedən müəssisədə 230-a yaxın ahıl sakin yaşayır.

Agentliyin ahıl şəxslər üçün sosial xidmət müəssisəsində
ahıllara stasionar formada sosial xidmətlər göstərilir,
onlarla sosial iş aparılır və sosial reabilitasiyası təşkil edilir

Bununla yanaşı, Agentlik tərəfindən göstərilən evdə (səyyar) sosial-məişət xidməti barədə məlumat vermək istəyərdim. Bu xidmət əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə həmin xidmətin xarakterindən asılı olaraq, sosial işçi və sosial xidmətçi tərəfindən göstərilir.

2024-cü il ərzində Agentlik tərəfindən 4528 nəfərə xidmət göstərilib. Xidmət göstərilənlərdən 4137 nəfəri ahıl, 391 nəfəri isə 70 yaşdan aşağı əlilliyi olan şəxslər olub. Ümumilikdə xidmət göstərilən şəxslərdən 3490 nəfəri qadın, 1038 nəfəri isə kişilər olub. Qeyd olunan dövrdə xidmətə cəlb edilən vətəndaşlarımızdan 665 nəfəri əlilliyi olanlardır.

Bu xidmət çərçivəsində vətəndaşlarımız sosial-hüquqi xidmətlərlə də təmin ediliblər. Belə ki, Agentlik tərəfindən bu dövrdə 397 nəfərə sosial-hüquqi xidmət göstərilib. Sosial-məişət xidməti hazırda da aktiv olaraq göstərilir. Agentlik tərəfindən 2883 nəfəri ahıl, 277 nəfəri 70 yaşdan aşağı əlilliyi olan şəxs olmaqla ümumilikdə 3160 nəfər səyyar sosial-məişət xidmətinə cəlb olunub. Əlavə olaraq qeyd edim ki, “Ahıllar üçün günərzi qayğı mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsi çərçivəsində ötən il respublikanın müxtəlif şəhər və rayonlarında ahıllar üçün günərzi qayğı mərkəzləri fəaliyyət göstərib.

Ümumiyyətlə, məqsədimiz bu kateqoriyadan olan vətəndaşlarımızın keyfiyyətli sosial xidmətlərlə əhatə olunmaları, sosial müdafiəsinə dəstək göstərilməsi və asudə vaxtlarının səmərəli təşkilidir.

Ümumilikdə 676 uşaq övladlığa verilib

- Agentliyin digər bir fəaliyyət istiqaməti valideyn himayəsindən məhrum olmuş uşaqlarla, onların isti ailə mühiti ilə təmin edilməsi ilə bağlıdır. Bu istiqamətdə hansı işlər həyata keçirilir?

- Agentliyin fəaliyyət göstərdiyi 5 ilə yaxın müddətdə qeyd etdiyiniz istiqamətdə bir çox işlər görülüb. Valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisəyə düşməsinin qarşının alınması, onların ailələrinə reinteqrasiya edilməsi, həmçinin övladlığa və himayədar ailələrə verilməsi üçün mühüm addımlar atılıb. Qeyd edim ki, 2024-cü ildə övladlığa verilmiş uşaqların sayı 165 olub. Onlardan 84-ü qız, 81-i isə oğlandır. Övladlığa verildikdən sonra mütəmadi olaraq uşaqların ailədəki vəziyyətinin öyrənilməsi məqsədilə monitorinqlər həyata keçirilir. 2024-cü ildə övladlığagötürmə ilə bağlı aparılan monitorinq sayı 1241 olub. 1 noyabr 2019-cu il tarixindən etibarən isə ümumilikdə 676 uşaq övladlığa verilib.

Son illərdə Agentlik olaraq yeni bir qayğı modelinin tətbiqinə başlamışıq

Bildiyiniz kimi son illərdə Agentlik olaraq yeni bir qayğı modelinin tətbiqinə başlamışıq. Söhbət Himayədar ailə qayğı modelinin tətbiqindən gedir. Sosial Xidmətlər Agentliyi tərəfindən ümumilikdə 37 uşaq himayədar ailələrə verilib, onlardan 22-si qız, 15-i oğlan uşağıdır. Müvafiq uşaqlarla bağlı da mütəmadi monitorinqlər aparılır. Ümumilikdə, ötən dövrdə 37 uşaqla bağlı 269 dəfə monitorinq həyata keçirilib.

Geridə qoyduğumuz müddətdə Agentlik uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində də davamlı işlər həyata keçirib. Belə ki, 2024-cü il ərzində Qeytkipinq prosesi çərçivəsində 1100 uşaq üçün Fərdi İnkişaf Planı hazırlanıb. İl ərzində 705 uşağın müəssisəyə yerləşdirilməsi ilə bağlı müraciət edilib. 271 uşağın müəssisəyə yerləşdirilməsinə, 182 uşağın ailə himayəsində saxlanmasına dair qərar verilib.

500-ə yaxın uşaq dövlət qayğısı ilə əhatə olunur

- Bir müddət əvvəl uşaq evi sosial xidmət müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə verildi. Bu müəssisələrin fəaliyyətində hansısa yeniliklər varmı?

- Bəli, Bakı (4), Gəncə (1), Şəki (1) və Lənkəran (2) şəhərlərində yerləşən 8 uşaq evi sosial xidmət müəssisəsi Agentliyin tabeliyinə verilib. Ötən ilin avqust ayında Agentliyin hüquqi idarəetməsinə verilən Uşaq evi sosial xidmət müəssisələrində müasir standartlara uyğun sosial xidmətin təşkili istiqamətində işlər həyata keçirilir. Agentlik tərəfindən həmin uşaq evlərində mövcud xidmətin keyfiyyətinin yoxlanılması və neqativ halların üzə çıxarılaraq aradan qaldırılması üçün xüsusi monitorinq tədbirləri həyata keçirilib. Agentlik tərəfindən Uşaq evi sosial xidmət müəssisələrində müasir standartların tətbiqi və uşaqların qayğı mühiti ilə əhatə olunmaları üçün lazımi tədbirlər davam etdirilir və proses davamlı həyata keçiriləcək. Hazırda Uşaq evlərində 500-ə yaxın uşaq dövlət qayğısı ilə əhatə olunur.

Xidmətlərin keyfiyyətinin artırılmasına, əlçatanlığının təmin edilməsinə çalışırıq

- 2025-ci il üçün nəzərdə tutulan layihələr, prioritetlər hansılardır?

- Hər zaman olduğu kimi, bizim prioritetimiz xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarımızın fasiləsiz və operativ sosial xidmətlərlə təminatıdır. Daim, bu xidmətlərin keyfiyyətinin artırılmasına, eləcə də əlçatanlığının təmin edilməsinə çalışırıq.

Bu il də mənzil təminatının davam etdirilməsi, həmçinin yeni layihələrin həyata keçirilməsi, sosial xidmət mərkəzlərinin sayının artırılması, yeni əməkdaşlıqların qurulması və s. kimi bir çox hədəflərimiz var. Əlbəttə ki, bu hədəflər də həssas əhali qruplarından olan vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması, həmçinin sosial adaptasiyasının və cəmiyyətə inteqrasiyasının təmin edilməsi məqsədi daşıyır.

Orxan Vahidoğlu,
Vüsal Cahanov (foto), “İki sahil”