03 sentyabr 2026 10:30
49

Azərbaycanın dünyada artan nüfuzunun ŞƏT platformasındakı əks-sədası

Azərbaycan müstəqillik illərində bir çox beynəlxalq təşkilatlarla əlaqələr yaradıb. Ölkəmizin həyata keçirdiyi xarici siyasətin prioritetlərindən biri həmin təşkilatlarla əlaqələri, qarşılıqlı faydalı əməkdaşlığı gücləndirməkdir. Azərbaycan son illər daha bir təşkilatla - sıralarında Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən və bu gün dünya miqyasında mühüm əhəmiyyətə malik, nüfuzlu platformalardan birinə çevrilən Şanxay Əməkdaşlıq Təşkilatı ilə (ŞƏT) əməkdaşlığa xüsusi önəm verməkdədir. Şübhəsiz, ŞƏT rəsmi Bakı üçün həm regional təşkilat olaraq, həm də quruma üzv ölkələrlə ikitərəfli münasibətlərin qurulması baxımından xüsusi əhəmiyyətə malikdir.

Xatırladaq  ki, dünyanın kifayət qədər nüfuzlu təşkilatı olan, ərazi və əhali baxımdan ən böyük bir neçə ölkəni özündə birləşdirən ŞƏT-lə ölkəmizin əlaqələri davamlı olaraq inkişaf etməkdədir. Bu təşkilatla Azərbaycan arasında əməkdaşlıq sahələrini nəzərdə tutan memorandum da imzalanıb və ölkəmiz ŞƏT-də dialoq tərəfdaşı statusuna malikdir. Bu mənada ŞƏT həm də Azərbaycanın öz səsini və mövqeyini dünyaya çatdırması üçün va¬cib platformadır.

Yeri gəlmişkən qeyd edək ki, ŞƏT-ə üzv ölkələr dünya ərazisinin və əhalisinin əhəmiyyətli hissəsini əhatə edir. Təşkilatın üzvləri arasında Çin və Hindistan kimi nəhəng iqtisadiyyatlara, eləcə də Mərkəzi Asiyanın mühüm dövlətlərinə malik ölkələrin olması ŞƏT-in beynəlxalq nüfuzunu daha da artırır.

Bu gün təkcə Cənubi Qafqazın deyil, həm də Avrasiyanın taleyini müəyyən edən aktora çevrilməsi, tranzit və nəqliyyat-logistika imkanlarına malik olması, qurduğu müasir infrastrukturla Avrasiya məkanında əsas tranzit qovşağına çevrilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin, eləcə də Orta Dəhlizin fəaliyyətinə dəstək göstərməsi, həmçinin Qara dəniz və Xəzər dənizi arasında yerləşməsi Xəzərin və Mərkəzi Asiyanın enerji mənbələrinin diversifikasiyasında mühüm rolu olması Azərbaycanı da ŞƏT üçün cəlbedici edib. Daha doğrusu, İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizdən və uzunmüddətli münaqişənin həllinə nail olaraq ərazi bütovlüyümüzü bərpa etdikdən sonra ölkəmizə marağı artan beynəlxalq subyektlərdən biri də ŞƏT-dir. Ona görə də bu təşkilat öz tədbirlərini Azərbaycansız təsəvvür etmir. Bu mənada demək olar ki, Azərbaycan ŞƏT kimi nüfuzlu qurum üçün vacib tərəfdaşa çevrilib. Bu məqamda Pakistanın Bilik və İctimai Siyasət Mərkəzinin rəhbəri, ekspert Mehmud Ul Hasan Xanın bu sözlərini xatırlatmaq yerinə düşər: “Azərbaycan ŞƏT-in genişlənməsi üçün strateji əhəmiyyətə malikdir”.

Prezident İlham Əliyevin bu təşkilatın tədbirlərində, həmçinin sentyabrın 1-də Qırğızıstanın Bişkek şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammitində iştirakı da bunu bir daha sübut edir.  Bir məsələni də vurğulayaq ki, cənubu Qafqazda yeni reallıqlar yaradan, beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verən Prezident İlham Əliyevin belə tədbirlərə dəvət alması həm də dövlətimizin başçısının nüfuzuna, yüksək liderlik keyfiyyətlərinə verilən dəyər kimi qəbul olunmalıdır. Prezident İlham Əliyevin Bişkekə səfəri çərçivəsində keçirdiyi görüşlər ikitərəfli münasibətlərin, eləcə də qarşılıqlı etimadın yüksək səviyyəsindən xəbər verir. Bütün bunlar Azərbaycanın çoxtərəfli və ikitərəfli diplomatiyasının uğurlu nəticəsidir. Bundan əlavə, Azərbaycanın ŞƏT sammi¬tində iştirakını ölkəmizin təkcə Şərqlə Qərbi deyil, həm də Şimalla Cənubu birləşdirən körpü rolunu getdikcə daha inamla oynadığının sübutu kimi qiymətləndirmək olar.  Yazını isə Bişkek şəhərində “ŞƏT plyus” formatında keçirlən görüş zamanı Prezident İlham Əliyevin bu sözləri ilə tamamlamaq istərdik: “Son vaxtlara qədər dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək”.

Qvami Məhəbbətoğlu, “İki sahil”