Naxçıvanın iqtisadi inkişafında yeni mərhələ: Dövlət Proqramına edilən dəyişikliklər nə vəd edir?
Böyük iqtisadi potensiala malik olan Naxçıvan Azərbaycanın ümumi inkişaf strategiyasında mühüm yer tutur. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yeni mərhələyə yüksəldilməsi, iqtisadi fəallığın artırılması, əlverişli biznes mühitinin daha da təkmilləşdirilməsi, investisiyaların cəlb olunması və ixracyönümlü istehsal zəncirinin formalaşdırılması qarşıya mühüm vəzifələr qoyur. Bütün bunlar yeni və dayanıqlı iş yerlərinin yaradılması, yerli istehsalın genişləndirilməsi və əhalinin rifahının daha da yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin ölkəmizin bütün bölgələrinə, o cümlədən Naxçıvan Muxtar Respublikasına göstərdiyi diqqət və qayğı nəticəsində son illərdə muxtar respublikada genişmiqyaslı quruculuq və inkişaf layihələri həyata keçirilir. Müasir infrastrukturun yaradılması, böyük yol layihələrinin reallaşdırılması, enerji və qaz təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin inşası, yeni iş yerlərinin açılması, eləcə də tarixi-mədəni irsin qorunması istiqamətində görülən işlər Naxçıvanın hərtərəfli inkişafına mühüm töhfələr verir. Bu gün qarşıda duran əsas məqsədlərdən biri əldə olunan nəticələri yeni mərhələdə daha da möhkəmləndirmək, Naxçıvanın iqtisadi potensialından səmərəli istifadə etməklə özəl sektorun inkişafını sürətləndirmək, investisiya imkanlarını genişləndirmək və əhalinin həyat keyfiyyətini daha da yüksəltməkdir. Müasir dövrün çağırışları nəzərə alınmaqla həyata keçirilən ardıcıl tədbirlər Naxçıvanın dayanıqlı və hərtərəfli inkişafı üçün möhkəm zəmin yaradır. Dövlət başçısı İlham Əliyevin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na dəyişiklik edilməsi də dövrün çağırışlarının uğurla həyata keçirilməsinə yönələn addımlar sırasındadır. Belə ki, Prezident İlham Əliyevin 2 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə Dövlət Proqramının bir sıra müddəaları yeni redaksiyada təqdim olunur, bəzi yarımbəndlər isə ləğv edilir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, çox böyük əhəmiyyət kəsb edən bu dəyişikliklər mahiyyət etibarilə Naxçıvanın qarşıdakı illərdə iqtisadi inkişaf modelinin daha çevik, ixracyönümlü və logistika imkanlarından maksimum istifadə edən istiqamətə uyğunlaşdırıldığını göstərir. Dəyişikliklər çərçivəsində Naxçıvanın coğrafi mövqeyindən istifadə etməklə regionda istehsal olunan məhsulların xarici və ölkədaxili bazarlara çıxışının sürətləndirilməsi nəzərdə tutulur. Yerli məhsulların rəqabətqabiliyyətliliyinin artırılması və daşıma xərclərinin optimallaşdırılması məqsədilə sahibkarlara məqsədli logistik dəstək mexanizmlərinin tətbiqi planlaşdırılır. Bu, ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvanın iqtisadiyyatının yalnız daxili tələbatı ödəyən istehsal məkanı kimi deyil, daha geniş regional bazarlara çıxış imkanına malik istehsal və logistika mərkəzi kimi formalaşdırılması baxımından əhəmiyyətlidir. Burada əsas məsələ yalnız məhsul istehsal etmək deyil, həmin məhsulu bazara rəqabətqabiliyyətli qiymətlə çatdırmaqdır. Məhz buna görə Dövlət Proqramında sahibkarlara məqsədli logistik dəstək mexanizmlərinin tətbiqinin nəzərdə tutulması mühüm yenilikdir. Bu mexanizmlərin quruması yerli istehsalçının daşınma xərclərinin optimallaşdırılmasına və məhsulların bazarlara daha əlverişli şərtlərlə çıxarılmasına imkan verəcək.
Vüqar Rəhimzadə vurğulayıb ki, dəyişikliklərin ən mühüm məqamlarından biri Zəngəzur dəhlizi ilə bağlı müddəadır. Sərəncamda qeyd olunur ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvanda istehsal olunan məhsulların quru yolu ilə ixracı üçün yeni imkanlar yaranacaq. Bu imkanlardan istifadənin stimullaşdırılması məqsədilə müxtəlif güzəştlərin tətbiqi məsələsinə ayrıca qiymətləndirmə aparılmaqla baxılacaq. Bu yanaşmanın iqtisadi baxımdan əhəmiyyəti kifayət qədər böyükdür. Çünki yeni nəqliyyat bağlantısının yaradılması təkcə tranzit imkanlarının artması demək deyil. Eyni zamanda, Naxçıvanın öz istehsal potensialının daha geniş bazarlara çıxarılması üçün yeni platforma yaradacaq. Beləliklə, qarşıdakı mərhələdə Naxçıvan üçün iki paralel istiqamət aktuallaşır: tranzit imkanlarından yararlanmaq və həmin tranzit imkanlarının yaratdığı bazarlara yerli məhsulları çıxarmaq. Bu isə kənd təsərrüfatı, emal sənayesi, qida sənayesi, yüngül sənaye və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün yeni perspektivlər formalaşdıracaq. Müntəzəm yükdaşımaların təşkili və nəqliyyat marşrutlarının effektivliyinin artırılması sahibkarlığı inkişafına böyük dəstək olacaq. Bu isə Naxçıvan istehsalçısının həm ölkə daxilində, həm də xarici bazarlarda rəqabət imkanlarını yüksəldəcək. Bu məqsədlə logistik dəstək mexanizmlərinin tətbiqi Naxçıvanda sahibkarlığın genişləndirilməsi baxımından mühüm iqtisadi vasitəyə çevriləcək. Həyata keçiriləcək tədbirlər iqtisadi aktivliyin, məşğulluğun və ixracın artmasını təmin edəcək, nəticədə iqtisadi fəallığın daha dayanıqlı əsasda artması mümkün olacaq.
Millət vəkili bildirib ki, Dövlət Proqramının nəqliyyat sahəsinə aid müddəalarında aparılan dəyişikliklər də Naxçıvanın inkişafına kompleks yanaşmanın göstəricisidir. Əhalinin nəqliyyat infrastrukturuna və nəqliyyat xidmətlərinə əlçatanlığının artırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Bu istiqamətdə aidiyyəti dövlət qurumlarının, o cümlədən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və AZCON-un rolunun dəqiqləşdirilməsi tədbirlərin daha koordinasiyalı şəkildə həyata keçirilməsinə xidmət edəcək. Müasir nəqliyyat infrastrukturu təkcə insanların rahat hərəkəti üçün deyil, iqtisadi fəallığın artırılması üçün də vacib şərtdir. Yolların, nəqliyyat bağlantılarının və logistika imkanlarının inkişafı sahibkar üçün bazara çıxış deməkdir. Bu isə öz növbəsində investisiya, istehsal və yeni məşğulluq imkanlarının artmasına şərait yaradır. Bu baxımdan nəqliyyat infrastrukturunun inkişafı həm əhalinin rahatlığı, həm də biznes fəaliyyətinin genişləndirilməsi üçün vacib şərtdir.
Vüqar Rəhimzadə onu da əlavə edib ki, dəyişikliklər yalnız iqtisadi və nəqliyyat sahələri ilə məhdudlaşmır. Təhsil sahəsində “ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbləri” ifadəsinin “təhsil müəssisələri” ilə əvəzlənməsi proqramın əhatə dairəsini daha geniş çərçivəyə gətirir. Sərəncamla yaşıllaşdırma və meşəsalma tədbirlərinin də əhatə dairəsi genişləndirilib. Yeni yanaşmaya əsasən, yaşıllıq sahələrinin və meşə ilə örtülü ərazilərin artırılması əsas nəticələrdən biri kimi müəyyənləşdirilib. Bu dəyişiklik ekoloji siyasətin daha geniş məzmun kəsb etdiyini göstərir. Burada məqsəd yalnız yeni meşə sahələrinin yaradılması deyil, ümumilikdə Naxçıvanda yaşıllıq ərazilərinin artırılmasıdır. Yaşıllaşdırma və ətraf mühitin qorunması məsələlərinin Naxçıvanın uzunmüddətli inkişafı ilə birlikdə nəzərdən keçirilməsi regionda dayanıqlı inkişaf baxımından xüsusi əhəmiyyət daşıyır. Ümumilikdə, Dövlət Proqramına edilən dəyişikliklər Naxçıvanın inkişaf strategiyasının müasir çağırışlara uyğunlaşdırılması ilə yanaşı, gələcək inkişafının prioritetliyinin təsdiqidir.